Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.
DİM-dən Bizim.Media-ya verilən məlumata görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 144 imtahan binası, 2537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3177 nəzarətçi, 460 buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi cəlb olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bildirilib ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunacaq, həmin şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.
İmtahanda 34229 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 58 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Bu gün saat 15:00-da DİM-in yutub kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər onları maraqlandıran sualları “Youtube”da yerləşdiriləcək müvafiq yayımın altına yaza bilərlər.
İyulun 14-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.
Bizim.Media