Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.
Referans xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 144 imtahan binası, 2 537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3 177 nəzarətçi, 460 buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi cəlb olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 5 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və həmin şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar.
Bu gün saat 15:00-da DİM-in "Youtube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər onları maraqlandıran sualları "Facebook"da yerləşdiriləcək müvafiq yayımın altına yaza bilərlər.
İyulun 14-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta