ABŞ-də keçirilən klublararası dünya çempionatının qalibi bəlli olub.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, final oyununda Fransanın “PSJ” klubu İngiltərə təmsilçisi “Çelsi” ilə üz-üzə gəlib.
Qarşılaşma “Çelsi”nin böyükhesablı qələbəsi ilə bitib. İngilislər fransızları üç dəfə meydanın mərkəzinə dəvət ediblər.
London təmsilçisinin heyətində Koul Palmer iki dəfə (22, 30-cu dəqiqə), Joao Pedro (43) bir dəfə fərqlənib.
“Çelsi” tarixində ikinci dəfə Klublararası Dünya Çempionatının qalibi olub. Komanda 2021-ci ildə finalda Braziliyanın “Palmeyras” komandasına əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək turnirin birincisi seçilib. 2012-ci ildə isə “Çelsi” finalda Braziliyanın “Korintians” klubuna 0:1 hesabı ilə uduzub.
“PSJ” isə ilk dəfə Klublararası Dünya Çempionatında iştirak edib.
Qeyd edək ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, “Çelsi” isə Konfrans Liqasının qalibi olub.