EN

Millinin basketbolçusu: Qazandığımız nəticə Azərbaycan basketbolu tarixinə qızıl hərflərlə yazıldı

Bakı, 14 iyul, AZƏRTAC

Dünya Seriyanın Buxarest mərhələsində əla iş gördük.

Bu sözləri AZƏRTAC-a açıqlamasında basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Dina Ulyanova Dünya Seriyasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən mərhələsinin qalibi olmaları barədə danışarkən deyib.

O, əldə edilən uğurun gələcək turnirlər üçün komandaya stimul verəcəyini bildirib: “Zəfərimizin əsas sirri komandada birliyin olması və oyunçular arasında yaxşı ünsiyyətdir. Bütün matçları yüksək enerji ilə keçirdik. Bu, qalibiyyət üçün önəmli idi. Komandamla qürur duyuram.Qazandığımız nəticə Azərbaycan basketbolu tarixinə qızıl hərflərlə yazıldı”.

Təcrübəli basketbolçu qarşıdakı turnirlərdə də medal qazanmaq istədiklərini söyləyib: “Dünya Seriyası Avropa Kuboku üçün yaxşı hazırlıq oldu. Azərbaycanda iki turnirimiz olacaq. Bundan əvvəl isə Danimarkanın paytaxtı Kopenhagendə təşkil olunacaq Avropa Kubokunda medal üçün mübarizə aparacağıq. Bu yarışda da ölkəmizi layiqincə təmsil etmək istəyirik”.

Qeyd edək ki, Azərbaycan yığması Buxarest mərhələsinin finalında ABŞ-ın "Sietl" klubuna 21:18 hesabı ilə qalib gəlib. Turnirin ən dəyərli oyunçusu (MVP) millimizin üzvü Brianna Freyzer seçilib.

Chosen
29
2
azertag.az

3Sources