EN

Parlamentin komitə sədrindən “torpaq amnistiyası” təklifi

Parlamentdə "torpaq amnistiyası"nın verilməsi təklif olunub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib.

Zahid Oruc deyib ki, məhkəməyə daxil olan müraciətlərin sayı göstərir ki, vətəndaşlar çox ciddi problemlərlə üzə-üzə qalıb: “2011-ci ildə möhtərəm cənab prezident İlham Əliyev tərəfindən Bakı şəhəri icra hakimiyyətində keçirilən müşavirə sözügedən sahədə inqilabi dəyişikliklərə səbəb oldu. 114 minə yaxın şəxs məhz yeni əmlak sahiblərinə çevrilərək ölkəmizin iqtisadi rifah siyasətinə töhfə verdi. Ardınca 2023-cü ilin mayın 1-dən qeyri-yaşayış fondlarının hüquqi aktlarla təminatına dair mühüm qanun qəbul olundu. Qısaca həmin sənədin mahiyyəti ondan ibarət idi ki, dövlət vətəndaşlarla yeni səhifədən başlamağı təklif edirdi. Yəni, bir tərəfdən 40 mindən artıq mülkiyyətçiliyinin hüququ tanınır, digər yandan həmin tarixdən sonra torpaq zəbtləri, qanunsuz tikililər və digər infrastruktura kommunikasiya xətlərinin çəkilməsi hüquqi məsuliyyət doğurur, cinayət təqibinə səbəb olurdu. Göründüyü kimi, belə yanaşma əsaslı idi, çünki sadə əhali arasında “əmlak əfvi” adlanan qərar keçmiş illər ərzində yaranan böyük problemi həll etməyə cəhd idi. Digər tərəfdən, yenilərinin yaranmasının qarşısını, nəhayət, kəsməyə xidmət edəcəkdi. Qərarın yerinə yetirilməsinin sürəti haqda müzakirələr aparmaq olar, lakin minlərlə vətəndaşımızın qanuni mənafelərinin təmin olunması ən böyük sosial siyasət uğurları sırasındadır. Lakin digər tərəfdən, bələdiyyələrin ehtiyat fondları, yaxud onların mülkiyyətində olan ərazilərin dəqiq xəritələrinin bəlli olmaması, o cümlədən, reyestrləşmə sahəsində yer quruluşu layihələri, istifadə növləri, kadastr sənədləri, xüsusilə elektron daşıyıcılarda məlumatların yerlərə köçürülməsi zamanı baş verən kütləvi xətalar ciddi şəkildə dövlət-vətəndaş münasibətlərində problemə yol açıb, məhkəmələrə böyük iş yükü yaradıb və yerinə yetirilməyən çoxsaylı qərarları meydana gətirib. Çıxarış sənədləri ilə reallıq arasında fərqi düzəltmək üçün atılan addımlar vətəndaşlar arasında qarşılıqlı anlaşmalar olmadıqda yeni çəkişmələrə səbəb olur. Təkcə bir rayonda 115 min verilən daşınmaz əmlak aktlarının 80 faizində oxşar problem var. Ona görə də, Əmlak məsələləri Dövlət Xidmətinə parlament və hökumət tərəfindən daha çox dəstək, səlahiyyət və zəruri kömək göstərilməli, birgə komissiya yaradılmalıdır ki, mövcud problemi, nəhayət, köklü həll etmək mümkün olsun”.

Zahid Oruc qedy edib ki, vətəndaşların qanunu hüquqlarının tanınması daşınmaz əmlakı həm də kredit resursuna çevirir, milyardlarla manat əlavə iqtisadi dəyər yaradır, kölgə iqtisadiyyatını aradan qaldırır, hərbi xidmətə oğul verən ailələrin tamhüquqlu vətəndaş kimi özlərini hiss etmələrinə səbəb olur, kriminal hadisələrin qarşısını alır, korrupsiyanın meydanını daraldır:

“Ona görə də prezidentimizin əfv siyasətini, humanist qərarlarını genişləndirərək, “torpaq amnistiyası”nın verilməsi məqsədəuyğun olar. Yəni, qanunsuz zəbtlərin durdulması, nəhayət, tam ləğvi üçün zəruri hüquqi baza Azərbaycan dövlətinin yeni mərhələdə siyasətində ən mühüm milli akta çevrilər”.

Chosen
25
10
ucnoqta.az

10Sources