İyulun 14-də Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç olub.
APA-nın yerli bürosu xəbər verir ki, ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış daha bir neçə ailə bu gün doğma yurda qayıdıb.
İlk mərhələdə Xocalının Təzəbinə kəndinə 125 nəfərdən ibarət 28 ailə, Xanyurdu kəndinə isə 33 ailə yəni 122 nəfər köçürüldü.
Mənzillərin açarlarını ailələrə təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi Xankəndi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bu gün geniş tikinti-bərpa işləri aparılır. Təzəbinə və Xanyurdu kəndlərində də keçmiş məcburi köckünlərin rahat məskunlaşması üçün hər çür şərait yaradılıb. Kəndlər fasiləsiz elektirik enerjisi, təbii qaz, icməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. S. Qəhramanovun sözlərinə görə, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir.
Kəndlərə köç prosesi mərhələli şəkildə davam edəcək. Keçmiş məcburi köçkünlər isə çıxışlarında doğma yurda dönməyin mənəvi rahatlıq, böyük sevinc hissi yaratdığından danışıb, dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Xatırladaq ki, Təzəbinə və Xanyurdu kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində hər iki kənd işğaldan azad olunub.
***
14.05
Bu gün Xocalı rayonunun Təzəbinə kəndinə yola düşən ilk köç karvanı ünvanına çatıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu mərhələdə ümumilikdə 61 ailə (247 nəfər) öz doğma yurdlarına qayıdıb. Onlardan 28 ailə (125 nəfər) Təzəbinə kəndinə, 33 ailə (122 nəfər) isə Xanyurdu kəndinə yola salınıb.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
***
06.30
İyulun 14-də növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə yola salınıb.
APA xəbər verir ki, bu mərhələdə ümumilikdə 61 ailə (247 nəfər) öz doğma yurdlarına qayıdıb.
Onlardan 28 ailə (125 nəfər) Təzəbinə kəndinə, 33 ailə (122 nəfər) isə Xanyurdu kəndinə yola salınıb.
Beləliklə, 14.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı rayonunun 4 yaşayış məntəqəsinə cəmi 327 ailə (1433 nəfər) köçürülüb.
Xocalıya yola düşən keçmiş məcburi köçkün Elbrus Abbasov doğma kəndinə qayıtmağın verdiyi gözəl duyğulardan danışıb:
"5 yaşımda çıxmışdım. İndi 39 yaşımda öz doğma yurdum Xanyurdu kəndinə qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin. Onlarım sayəsində bu günü yaşayırıq. Planlarımız çoxdur".
Digər keçmiş məcburi köçkün Aqil İmanov da yaxın günlərdə doğma yurduna qayıtmağı planlaşdırır:
"Allah şəhidlərimizə rəhmət eləsin. Çox şükür bugünkü günə. Cənab Prezidentimizi Allah var eləsin. Onun sayəsində bu gün Xocalımıza qayıdırıq. Dayım oğluna köməyə gəlmişəm, tezliklə mən də köçəcəm".






