Parisin ətrafı Buqevalda on gün davam edən danışıqlardan sonra gələn ilin əvvəlində Yeni Kaledoniya Dövlətinin yaradılmasını nəzərdə tutan razılaşma əldə edildi. Möhtəşəm adına baxmayaraq, o, tam müstəqilliyini deyil, yalnız Fransanın dəniz kənarındakı ərazisinin muxtariyyətini genişləndirir.
Razılaşma 2024-cü ildə Yeni Kaledoniyada bir neçə insanın ölümünə səbəb olan aylarla davam edən etirazların ardınca imzalanıb. Xatırladaq ki, həmin vaxt yerli kanak əhalisi materik Fransadan gələnlərə yerli seçkilərdə səs vermək hüququ verən qanuna qarşı üsyan qaldırmışdı.
Danışıqları ölkə hökuməti və Yeni Kaledoniyanın əsas siyasi qüvvələrinin nümayəndələri aparıblar. Ötən əsrin ortalarından Fransanın işğal etdiyi bu arxipelaq Avstraliyanın şimal-şərqində, Sakit okeanda yerləşir. İyulun 12-də Fransa prezidenti Emmanuel Makronun ofisi razılaşmanı elan edib. Danışıqların iştirakçılarını Yelisey sarayında elə Makron qəbul edib. Yeni Kaledoniyanın “Nouvelle-Calédonie La Première” kanalının saytında müqavilədən çıxarışlar dərc olunub. Burada qeyd olunur ki, Yeni Kaledoniya müstəqil şəkildə xarici siyasəti həyata keçirmək hüququna sahib olacaq və beynəlxalq təşkilatlara üzv ola biləcək. Bundan əlavə, Yeni Kaledoniya Dövləti ənənəvi olaraq Fransa hökuməti tərəfindən tənzimlənən təhlükəsizlik və ədalət siyasətinin hazırlanması prosesində daha fəal iştirak edəcək. Yeni Kaledoniyanın qanunverici orqanı olan Konqresə seçki prosesinə yenidən baxılması istisna edilmir: Yeni Kaledoniyada doğulmuş və ya orada ən azı 15 il yaşamış şəxslər səsvermə hüququna malik olacaqlar. Bu ərazinin himni, bayrağı, şüarı və digər dövlət rəmzləri də dəyişdirilə bilər. Ehtimal olunur ki, Fransa Konstitusiyasında Yeni Kaledoniya Dövləti bölməsi olacaq, Yeni kaledoniyalıların isə öz vətəndaşlığı olacaq. Müqavilənin özü çərçivə sazişidir. Onun bəndləri üzrə yekun razılaşma sürətli proses deyil. O, Fransa parlamentinin təsdiqi ilə başa çatacaq. Və yalnız bundan sonra Yeni kaledoniyalılar, böyük ehtimalla, 2026-cı ildə baş tutacaq referendumda razılaşma ilə bağlı fikirlərini bildirəcəklər. Bu, yerli əhalinin Fransa ilə münasibətlərinə səs verməli olan ilk hal deyil. Yeni Kaledoniya son on ildə üç müstəqillik referendumu keçirib: 2018, 2020 və 2021-ci illərdə. Onlar 1998-ci ildə imzalanmış Noumea Sazişinin bir hissəsi kimi keçirilib. Referendumların heç birində müstəqillik tərəfdarları Fransanın müdaxiləsi səbəbindən səs çoxluğu əldə edə bilməyiblər. Kanaklar Yeni Kaledoniya əhalisinin təxminən 40%-ni təşkil edir.
Yeni Kaledoniyanın statusuna yenidən baxılması üçün yeni tələblər 2024-cü ildə 12 nəfərin ölümü ilə nəticələnən kütləvi etirazlardan sonra ortaya çıxdı. Onlara Fransa hökumətinin yerli seçkilərin keçirilməsi qaydalarına dəyişiklik etmək qərarı səbəb olub. Yeni Kaledoniyada 10 ildən çox yaşamaq şərti ilə yerli olmayan sakinlərə səsvermə hüququ verilirdi. Bu, minlərlə insana - əsasən Fransadan olan mühacirlərə yerli hakimiyyət orqanlarını seçmək imkanı verilsə, yerli əhalinin mənafeyinin lazımi səviyyədə qorunmayacağından qorxaraq bir çox kanakları qəzəbləndirdi. Axı Yeni Kaledoniyada avropalıların sayı durmadan artır. Bir çox fransız təqaüdçüsü ora köçür. Buna Avropanın cənubundakı iqlimə bənzər iqlim və nisbi ucuzluq kömək edir. Beləliklə, yeni saziş müstəqillik tərəfdarları ilə Fransanın “qanadında” qalmaq istəyənlər arasında bir növ kompromis oldu. Makronun arxipelaqdakı vəziyyəti birtəhər həll etmək əzminə təsir edən mühüm cəhət orada qiymətli faydalı qazıntı yataqlarının, xüsusən də nikelin olmasıdır. Kimya sənayesində, tibbdə və elektrik avadanlıqlarının istehsalında bu maddədən istifadə olunur. Yeni Kaledoniyada bu metalın dünya ehtiyatlarının təxminən 11%-i var. Sazişin bir hissəsi olaraq, Fransa arxipelaqa iqtisadi və maliyyə yardımı göstərməyi öhdəsinə götürüb ki, bu da əsasən dağ-mədən sənayesinin inkişafına yönələcək. Həmçinin Yeni Kaledoniya Sakit okeanda Fransanın hərbi dayağıdır - arxipelaqda hərbi bazalar var. İndi gözlənilir ki, bundan sonra Yeni Kaledoniya tam müstəqiilik üçün də fəaliyyətini davam etdirəcək. Xatırladaq ki, Bakı Təşəbbüs Qrupunun fəal fəaliyyəti və Qoşulmama Hərəkatı çərçivəsində diplomatik lobbiçilik sayəsində Yeni Kaledoniya məsələsi beynəlxalq gündəmə gətirlib. Elə Fransanın Yeni Kaledoniyaya münasibətinin dəyişməsində bu faktorun özü də mühüm rol oynayıb. 2020-ci illərin əvvəlindən etibarən Bakı dekolonizasiya məsələsini, o cümlədən Yeni Kaledoniyanın problemlərini ardıcıl şəkildə beynəlxalq gündəmə çıxarıb. Qoşulmama Hərəkatı çərçivəsində, YUNESKO və BMT forumlarında aparılan lobbiçilik nəticəsində kanak xalqının durumu diqqət mərkəzinə çəkilib. Azərbaycan göstərdi ki, birbaşa prosesin içində olmadan belə, dekolonizasiya mövzusunda mənəvi arbitr rolu oynaya bilər. Bu isə təkcə Bakının diplomatik çəkisini artırmır, eyni zamanda onu postkolonial ərazilərdə gedən yeni proseslərin moderatoruna çevirir. Bütün bunlar sonda Yeni Kaledoniya xalqının mübarizəsinin istənilən nəticəni verməsində mühüm rol oynayıb.
Tahir TAĞIYEV