"Uzun müddət davam edən mübarizədən sonra Yeni Kaledoniya dövlətinin qurulması barədə razılığın əldə olunması çox əhəmiyyətlidir".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, söhbət tam müstəqil bir dövlətdən getmir:
"Çünki Yeni Kaledoniya yenə də Fransanın tərkibində olacaq. Buna baxmayaraq, muxtariyyət statusunun genişləndirilməsi müsbət addımdır. Ümumiyyətlə, bu barədə razılaşma özündə bir neçə məsələni ehtiva edir".
Ekspert qeyd edib ki, bundan sonra da çox vacib mərhələlər olacaq:
"Belə ki, söhbət təkcə Fransa Prezidenti Emmanuel Makronla və yaxud da digər nümayəndə heyəti ilə aparılan danışıqlardan sonra əldə olunan razılaşmalarla bitmir. Hələ bu məsələ Fransa parlamentinin təsdiqindən keçməlidir. Ondan sonra isə yəqin ki, gələn il Yeni Kaledoniyada baş tutacaq referendumla təsdiqlənməlidir.
Əslində, indiyə qədər Yeni Kaledoniyada müstəqilliklə bağlı 2018, 2020 və 2021-ci illərdə referendum keçirilib. Amma təəssüf ki, bu dövrlər ərzində həmin o müstəqillik referendumları istənilən nəticəni verməyib. Üstəlik, Fransa çox aktiv şəkildə Yeni Kaledoniyada olan qruplar, sözünü demək istəyən, problemlərini qaldıran insanlarla bağlı çox sərt tədbirlər həyata keçirdib. Son olaraq da biz 12 nəfərin ölməsi ilə nəticələnən 2024-cü ildəki kütləvi etirazları da xatırlayırıq".
Politoloq vurğulayıb ki, bütün bunlara baxmayaraq, Yeni Kaledoniya və Fransa arasında əldə olunan razılaşma çox mühümdür:
"Bu, ciddi uğur sayıla bilər. Şübhəsiz ki, bu məsələ həm də Azərbaycanın uğuru kimi qiymətləndirilməlidir. Çünki uzun bir dövr ərzində Azərbaycan Fransanın koloniyalarında olan hüquqları tapdalanan qruplara dəstək nümayiş etdirdi.
Rəsmi Bakı haqları pozulan həbsxanlara atılan insanların hüquqlarının gündəmə gətirilməsi, o istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi, ayrı-ayrı beynəlxalq tribunalarda bu məsələnin davamlı olaraq qaldırılmasını təmin etdi. Azərbaycan bununla da Fransaya yerini göstərdi. Paris hakimiyyəti dərk etdi ki, Azərbaycan həqiqətən də öz sözünü deyə bilən və müxtəlif təsir imkanlarından istifadə etməyi bacanan bir dövlətdir".
Rəşad Bayramovun sözlərinə görə, indiki mərhələdə baş verənləri diqqətlə izləmək tələb olunur:
"Çünki vəd verməklə, onu icra etmək tamam ayrıdır. Biz prosesi sonuna qədər diqqətlə izləyəcəyik. Azərbaycan həm Yeni Kaledoniya, həm də Fransanın digər koloniyaları qismində qalmış, haqları, hüquqları tapdalanmış ölkələrdə vəziyyəti diqqətdə saxlayıb, onların haq səsinin dünyaya çatdırılması istiqamətində əlindən gələn dəstəyi bundan sonra da verəcək".
Pərviz