EN

Tramp Ukraynaya silah göndərişi ilə bağlı müttəfiqlərlə əvvəlcədən razılaşmayıb

“Patriot” sistemlərinin Ukraynaya hansı ölkələrdən və nə vaxt göndəriləcəyi hələ də qeyri-müəyyəndir…

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Ukraynaya yeni silah tədarükü planını təqdim etsə də, bu, ətraflı işlənmiş mexanizm deyil, sadəcə ümumi bir sxem olub.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb və bildirilib ki, Tramp indi silah göndərməsi nəzərdə tutulan ölkələrlə, o cümlədən “Patriot” raket sistemlərini təqdim etməli olan dövlətlərlə, çətin danışıqlar aparmalıdır.

NATO Baş katibi Mark Rutte Tramp ilə Ağ Evdə keçirilən görüşdə Finlandiya, Danimarka, İsveç, Norveç, Niderland və Kanadanın bu təşəbbüsə qoşulmağa hazır olduğunu desə də, bu ölkələrin bəziləri plan haqqında yalnız ictimaiyyətə verilən açıqlamalardan xəbər tutduqlarını bildiriblər.

Reuters yazır ki, hətta ABŞ-ın ən yaxın müttəfiqləri belə, Trampın planından xəbərsiz olub və bəzi Avropa səfirlərinin sözlərinə görə, administrasiyanın özü belə bu planın necə işləyəcəyini indi-indi araşdırmağa başlayıb.

ABŞ rəsmilərindən biri bildirib ki, Tramp administrasiyası NATO anbarlarını təhlil edərək Ukraynaya nə göndərmək mümkün olduğunu müəyyənləşdirməyə çalışır. Daha sonra müttəfiqləri bu texnikanı Ukraynaya verməyə razı salmaq və bunun əvəzində müəyyən kompensasiya təklif etmək planlaşdırılır. Ancaq bu danışıqlar hazırda “səngin” tempdə gedir.

NATO nümayəndəsi də bildirib ki, silah tədarükünün detalları hələ də müzakirə olunur. Almaniya, Norveç, Danimarka, Niderland, İsveç, Böyük Britaniya, Kanada və Finlandiya kimi ölkələrin təşəbbüsü dəstəkləməyə hazır olduqları açıqlanıb. Əsas sual isə Patriot sistemlərinin kim tərəfindən və nə vaxt Kiyevə göndəriləcəyidir.

Mənbələrdən biri qeyd edib ki, bu komplekslərin Almaniya, Yunanıstan, Niderland və İspaniya tərəfindən göndərilməsi ehtimalı daha yüksəkdir, çünki bu ölkələrdə bir neçə batareya mövcuddur və təhlükə səviyyəsi nisbətən aşağı qiymətləndirilir. Lakin bəzi ölkələr – xüsusən Yunanıstan və İspaniya – daha əvvəl öz Patriot sistemlərini paylaşmaqdan imtina ediblər.

Trampın "bir ölkənin 17 Patriot sistemi var" sözləri də çaşqınlıq yaradıb. Çünki ABŞ-dan başqa heç bir NATO ölkəsinin bu sayda kompleksə malik olmadığı bildirilir. Ola bilsin ki, Tramp ayrıca komponentləri – məsələn, buraxılış qurğuları və ya raketləri nəzərdə tutub.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə bazar ertəsi Pentaqonda keçirdiyi görüşdə bəyan edib ki, yaxın günlərdə və ya həftələrdə ABŞ ilə birlikdə Ukraynaya Patriot batareyalarının göndərilməsini müzakirə edəcəklər. Lakin onun sözlərinə görə, yaxın aylarda bu sistemlərin heç biri Ukraynaya çatdırılmayacaq.

Bəzi hesablamalara görə, Ukrayna ümumilikdə 12–13 Patriot batareyası ala bilər. Onların tam göndərilməsi isə təxminən bir il çəkə bilər. Bunu ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker bildirib.

Yeni silahlar Ukraynanın Rusiyanın intensivləşən hava hücumlarına qarşı müdafiə qabiliyyətini artırmaq üçün vacibdir. Qeyd olunur ki, hazırda Rusiya bir dəfəyə 700-ə qədər dron istifadə edir.

Poliqon.info

Chosen
96
50
poliqon.info

10Sources