EN

Paşinyan Zəngəzur dəhlizini amerikalılara icarəyə verəcək? – TƏFƏRRÜAT

“Regiondakı kommunikasiyaların açılması ilə bağlı bütün müzakirələrimizdə vurğulamalıyıq ki, biz bu məsələyə Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası kontekstində yanaşmışıq, yanaşırıq və yanaşacağıq. Bu çox vacibdir. Çünki bundan sonrakı bütün danışıqlar da yalnız bu kontekstdə aparılacaq. Heç vaxt bu prinsiplərdən kənar müzakirə aparmamışıq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Paşinyan Zəngəzur dəhlizinin amerikalılara icarəyə verilməsini də istisna etməyib. Baş nazir bildirib ki, hökumət hazırda yollar, boru xətləri və elektrik xətləri kimi infrastruktur layihələrinə investisiya cəlb edəcək bir şirkətin yaradılmasını müzakirə edir:
 

“Burada söhbət torpaq sahələrinin icarəyə verilməsindən gedir. Ermənistan qanunvericiliyi bu baxımdan tikinti hüququnu nəzərdə tutur. Şirkət yollar, boru kəmərləri, elektrik xətləri tikə bilər və müqavilə müddəti bitdikdən sonra bu infrastrukturlar dövlətin mülkiyyətində qalacaq”.


Paşinyan qeyd edib ki, bu məsələ hələlik yalnız müzakirə mərhələsindədir, yekun qərar qəbul edilməyib. O, outsourcing (xarici idarəetmə) təcrübəsi olaraq “Zvartnots hava limanı, Cənubi Qafqaz Dəmir Yolları və su təchizatı sistemi” nümunələrini göstərib.

O, İrəvanla Bakı arasında imzalanacaq sülh müqaviləsinə də toxunub: “İmzalanmazdan əvvəl paraflana (ilkin razılaşdırılıb təsdiqlənmə) bilər. Bəli, belə bir ideya da var. Bu ideya müzakirə masasında yer alır”.

Baş nazir əlavə edib ki, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması yolunda heç bir imkanı əldən vermir.
 

Bu bəyanatlar göstərir ki, Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılması məsələsində birbaşa razılığa gəlməkdən çəkinir, lakin dolayı yollarla – icarə və ya xarici şirkət vasitəsilə – bu dəhlizi açmağa hazırlaşır.


Bu isə daxili ictimaiyyətdən gələn təzyiqləri azaltmaqla yanaşı, beynəlxalq tərəfdaşlara da siqnal göndərmək məqsədi daşıyır. Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalır: dəhliz maneəsiz və təhlükəsiz olmalı, heç bir süni əngələ məruz qalmamalıdır.

Bizim.Media

Chosen
70
43
bizim.media

10Sources