Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçmiş prezidenti Donald Trampın irəli sürdüyü ultimatuma artıq cavab verib. Bu barədə Sky News kanalına açıqlamasında təhlükəsizlik üzrə ekspert Maykl Klark məlumat verib.
Ekspertin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı son genişmiqyaslı raket və dron hücumları Vaşinqtondan gələn xəbərdarlıqlara cavab xarakteri daşıyır:
> “Bu hücumlar açıq şəkildə göstərir ki, Kreml Trampın bəyanatlarını ciddi qəbul etmir və əksinə, öz gücünü nümayiş etdirməyə çalışır”, – deyə Klark bildirib.
Qeyd edək ki, Donald Tramp 50 günlük bir müddət qoyaraq Rusiya ilə münaqişəyə son qoyulmazsa, Ukraynaya yardım siyasətində dəyişiklik ediləcəyini bəyan etmişdi. Bu bəyanat Rusiyada sərt reaksiya ilə qarşılandı.
Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov Trampın ultimatumu ilə bağlı suallara cavab verərkən “şərh vermək üçün hələ vaxt lazım olduğunu” bildirdi. O əlavə etdi ki, Prezident Putin məsələ ilə bağlı lazım bildiyi təqdirdə açıqlama verəcək.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Trampın bəyanatını “teatral çıxış” adlandıraraq, “Rusiyaya fərqi yoxdur” deyib. Xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Trampın tələblərini “qəbuledilməz” adlandırıb.
Sky News-un təhlilinə görə, Kreml Trampın mesajını açıq-aşkar rədd edir və cavabını siyasi bəyanatlarla deyil, hərbi əməliyyatlarla verir. Hücumlar həm də Qərbə siqnal xarakteri daşıyır: Moskva geri çəkilməyə hazırlaşmır.
//Samir Qurbanov, Editor.az