Azərbaycan da daxil olmaqla son illər əksər ölkələrdə nikahların bağlanılması ilə müqayisədə boşanmaların sayı sürətlə artır. Bəzi hallarda bu, dəyişən dünyada sosial-iqtisadi çətinliklərin artması, müasir insanların iqtisadi və digər məişət problemlərinə qarşı dayanıqsız olması ilə izah edilsə də, burada insanların rahat həyata meyl etməsi kimi amillərin də rol oynadığı istisna deyil.
Ailə problemlərini araşdıran sosioloqlar isə ailələrin dağılmasında sosial problemlərin əsas faktor olduğunu düşünmürlər. Ailələrdə hər zaman bu kimi problemlərin mövcud olduğunu qeyd edən ekspertlərə görə ailə münasibətləri daha çox insani hisslər, duyğular üzərində qurulduğuna görə burada tərəflərin nikaha qədərki müddətdə sosial-iqtisadi durumlarının da bildiklərini deyirlər.
Boşanmaların səbəbləri
Ailələr var ki, hətta on illiklərlə iqtisadi baxımdan çətinlik və sosial problemlər içərisində yaşayıblar. Orada nəinki ailə dağılmayıb, hətta insanların bir-birinə münasibətində səmimiyyət və qarşılıqlı hörmət də hər zaman qalıb. Digər tərəfdən, sərvətə və digər iqtisadi amillərə görə qurulan ailələrin elə dağılması da bu müstəvidə olur.
Bəzi ekspertlər isə son illər ailələrin dağılmasını iqtisadi amillərdən çox xəyanət amili ilə bağlayırlar. Statistika da göstərir ki, boşanma ilə bağlı məhkəməyə müraciət edən tərəflərin, fərq etmir burada qadın da ola bilir, kişi də, böyük əksəriyyəti ayrılmağı münasibətlərin alınmaması və ya xəyanətlə əlaqələndirirlər.
Onu da qeyd edək ki, ailələrdə artan xəyanət amilində sosial şəbəkələrin də böyük payı var. Virtual yanlışlıqlar, gizli münasibətlər sonda xəyanətin üzə çıxması və ailələrin dağılması ilə nəticələnir. Bəzən isə sosial şəbəkə “sevgisi” qətllərin və digər kriminal hadisələrin motivi olur. Ekspertlər də sosial şəbəkələrin son illər ailədaxili münasibətlərə çox zərbə vurduğu qənaətindədirlər. Çünki bir çox insanlar sosial şəbəkələrdə real həyatda olmayan şeylərin, həyat tərzinin və saxta münasibətlərinin toruna düşürlər. Ya aldadılıb şantaj hədəfi olurlar, ya da belə münasibətlərin ortaya çıxması ilə ailələrini itirurlər.
Bəs cəmiyyətdə belə tendensiyaların qarşısını necə almalıyıq?
Azərbaycan ailələrinin bir çoxunda hələ də köhnədən qalma üsul-idarəetmə olduğundan ekspertlər bəzi insanlar üçün sosial şəbəkədə onlara təqdim edilən və şüur altında “cənnət” kimi görünən həyatların insanlarda maraq doğurduğunu düşünürlər. Bəzi dünyagörüşü məhdud olan insanlara isə bu görüntülərdə olan həyatlar çox cazibəli gəldiyinə görə həmin insanlar özləri də dərk eləmədən belə tanışlıqların qurbanına çevrilə bilirlər. Həmçinin burada gənc və yeniyetmə qızların qurban olma ehtimalı da çox böyükdür. Çünki həm sosial şəbəkələrdən, həm də son illər bizim ölkəmizdə də geniş tamaşaçı kütləsi olan seriallarda insanlara davamlı olaraq gözəl həyatlar, villalar, yaxtalar, dəbdəbəli həyat tərzi təbliğ olunur. Bəzi insanlar isə belə təbliğatın tez təsirinə düşürlər. Öz real həyatını kənara buraxıb virtual dünyada onlara belə həyat vəd edən dələduzların qurbanına çevrilirlər. Nəticədə ailə dağılır. Uşaqlar isə tərəflərin arasında qalır. Azərbaycanda boşanma prosesinin də iki şəcərə arasında az qala yüzillik müharibəyə çevrildiyini nəzərə alanda burada ən böyük travmanın uşaqlarda yarandığı aydın olur. Bəzən isə ailələrin dağılması uşaqların həyat tərzinə də pis təsir edir.
Boşanmaların uşaqlara təsiri
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7 741 nikah və 3 414 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4-dən 4.7-yə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2.1) qalıb. Yəni bağlanmış nikahların yarısı qədər boşanma olub. Hər ailədə minimum 1 uşaq hesabı ilə, ən azı 3000-ə qədər uşaq valideynlərinin boşanmasının yol açdığı travmalara məruz qalır. Başqa sözlə, uşaq valideynlərdən biri ilə qalır, digəri ilə münasibətləri ya zəifləyir, ya da tamamilə kəsilir. Uşaqların bu vəziyyətdən necə təsirləndiyi isə çox zaman diqqətdən kənarda qalır.
Psixoloqları qeyd edirlər ki, boşanma zamanı uşaqlarda etibarsızlıq hissi yaranır, günahkarlıq sindromu inkişaf edir. Uşaq bəzən ailənin dağılmasında özünü günahkar hesab edir. Təhlükəsizlik duyğusu zəifləyir, uşaq valideyn himayəsini itirmiş kimi hiss edir, aqressiya, qapanma və ya depressiya halları artmağa başlayır. Dərsə də maraq azalır, məktəbdə davranış pozuntuları meydana çıxır.
Boşanma zamanı uşaqların çoxu bir valideynlə – əsasən anası ilə qalır. Bu zaman atadan uzaq düşmək uşağın emosional inkişafına təsir edir. Atanın ailədə oynadığı tənzimləyici və güvənverici rolun olmaması uşağın şəxsiyyət inkişafında müəyyən çatışmazlıqlar yarada bilər. Eyni şəkildə, anadan uzaq böyüyən uşaqlarda da emosional bağlanma pozula bilər.
Bu təsirlər uşağın yaşına, ailə mühitinə, boşanmanın gedişatına və sonrakı münasibətlərə görə dəyişə bilər, lakin əsas zərbə uşağın emosional stabilliyinə dəyir.
Əksər hallarda valideynlər boşandıqdan sonra münasibətlərində gərginlik davam edir. Bu isə uşağın daim psixoloji münaqişə zonasında böyüməsinə səbəb olur. Uşaq atasını və ya anasını “itirir”, amma eyni zamanda onların bir-birinə qarşı düşmənçiliyinin şahidi olur. Bu cür mühitdə formalaşan uşaq gələcəkdə ailə qurmağa çəkinir və münasibətlərə inamı itirir. Boşanmış ailələrin uşaqları gələcəkdə stabil ailə modeli formalaşdıra bilməmə, intim münasibətlərə qorxu ilə yanaşma, seçimdə qərarsızlıq və həddən artıq mühafizəkarlıq kimi problemlərlə üzləşə bilirlər. Onlar ya çox erkən nikaha can atır, ya da evlilikdən tamamilə uzaq dururlar. Hər iki hal onların psixoloji balansına mənfi təsir göstərir.
Ailə Məcəlləsində valideynlərin uşağa qarşı hüquq və vəzifələri boşanma halında da saxlanılır. Hər iki valideyn uşağın tərbiyəsi, təhsili və maddi təminatında iştirak etməlidir. Lakin praktiki olaraq alimentin ödənilməməsi, valideynlə görüşlərin məhdudlaşdırılması, digər valideynin uşaq üzərində təsir imkanlarının azaldılması bu qanunvericiliyin tətbiqində problemlər yaradır.
Məktəblər, psixoloqlar və sosial işçilər boşanmış ailələrin uşaqları ilə daha çox işləməli, onların dəyişən psixoloji vəziyyətini izləməli və dəstək göstərməlidirlər. Uşaq təkcə valideynlərə deyil, ətrafdakı dəstək sistemlərinə də ehtiyac duyur.
Dövlət Komitəsinin üzə çıxardığı reallıqlar
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyir ki, son illəri müqayisə etdikdə görünür ki, bu gün məişət zəminində zorakılığa “dözmək” gündəmdə deyil, xanımlar azadlığı seçir və məişət zəminində zorakılıqla yaşamağa etiraz edir, boşanmağı seçirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin son beş-altı illik araşdırmalarının nəticələrinə görə də səbəblər arasında birinci yerdə məişət zəminində zorakılıq faktı gəlir. Onun sözlərinə görə, ikinci yerdə qərarlaşan səbəb sonsuzluqdur və son illərdə aktual problemlərdən birinə çevrilib. Üçüncü səbəb alkoqol və narkotik asılılığıdır. Dördüncü səbəb xəyanət, qısqanclıqdır. Ümumi səbəblərə baxdığımızda isə görürük ki, boşanmaların səbəbi patriarxal stereotiplərdir ki, bunlar məişət zəminində zorakılıq kimi problemlərə səbəb olur. Elgün Səfərov hesab edir ki, əhalinin reproduktiv hüquqlarının təmin edilməsi məqsədilə işlər aparılmalıdır. Bu baxımdan milli qanunvericilik təkmilləşdirilməlidir: “Rəsmi səbəblərdə daha çox cütlüklərin xasiyyətinin fərqli olması qeyd edilir, lakin həmin boşanmalar arasında da araşdırma apardıqda görünür ki, sonsuzluq, alkoqol və narkotik vasitələrdən asılılıq gündəmdə olan əsas problemlərdəndir. Eyni zamanda digər xəstəliklər, xəyanət, qısqanclıq da səbəblər arasında əsas yer tutur”.
O deyir ki, sağlam ailə strukturunun qorunması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üçün prioritetdir. Ailənin stabilliyinin qorunmasına, sosial-iqtisadi vəziyyətin dəstəklənməsinə, eyni zamanda da patriarxal stereotiplərin aradan qaldırılmasına yönəlik ardıcıl tədbirlər aparılır.
Elgün Səfərovun sözlərinə görə, Komitə tərəfindən formalaşdırılan strategiyaya görə, nikahların stimullaşdırılması vacib olduğu kimi, eyni zamanda seçim çərçivəsində məsuliyyətli yanaşmanın olması da əsasdır:
“Bu çərçivədə ailə dəyərləri, yeni ailənin məsuliyyəti, doğulan uşaqların necə tərbiyə edilməsi, ailədə bir-birini başa düşmək üçün xasiyyətlərin uyğunluğunun vacibliyi və sağlamlıqla bağlı arayışların alınmasında vətəndaşların bir-birinə açıq olması əsas götürülür. Evlilik zamanı yoluxucu xəstəliklərin gizlədilməsi də sonradan boşanmaya səbəb olan faktorlardan biridir”.
Elgün Səfərov bildirib ki, evlənəndən 20-30 il sonra olan boşanmaların səbəbləri isə araşdırmalara görə, məişət zəminində baş vermiş zorakılıqlarla bağlı olub.
Gələcək nəsillərin psixoloji sağlamlığına təhlükə
Azərbaycanda da boşanma hallarının artması ailə institutunun gələcəyini, xüsusilə gələcək nəsillərin psixoloji sağlamlığını təhlükə altına alır.
Bütün bu problemlər isə bütövlükdə cəmiyyət üçün yaxşı nəticələr yaratmır.
Bu baxımdan da ekspertlər ailə institutnun formalaşmasına məsul olan və bu sahədəki münasibətləri tənzimləyən qurumların vətəndaşların maarifləndirilməsi istiqamətində ciddi addımlar atmasını labüd sayırlar. Hesab olunur ki, istər ailənin qurulması, istərsə də erkən nikahlara qarşı mübarizənin aparılması sahəsində vətəndaşlar davamlı olaraq maarifləndirilməlidir. Bu sahədə vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı da vacibdir. Bundan başqa, insanlara internet və onun imkanlarından daha səmərəli istifadə etməyin təbliği ilə bağlı layihələr həyata keçirilə bilər. İstənilən halda bu gün Azərbaycan ailəsinin qorunması, oradakı uşaqların təlim və tərbiyəsi, ailədə milli dəyərlərin qorunması və saxlanılması istiqamətində maarifləndirici tədbirləri artırmaqla biz həm ailələrimizi, həm də cəmiyyətimizi yad təsirlərdən qoruya bilərik.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.