EN

“Qarabağ”ın 130 yaşlı rəqibi

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Şelburn” olacaq.

Arena.az xəbər verir ki, İrlandiya çempionu turnirin ilk təsnifat mərhələsində “Linfild”i (Şimali İrlandiya) məğlub edib.

Baş məşqçi Cozef Obrayanın yetirmələri “Tolka Park”da ev qələbəsinə seviniblər – 1:0. Səfərdəki 1:1 hesablı bərabərlik isə mərhələ keçməyə kifayət edib.

Əsası 1895-ci ildə qoyulmuş “Şelburn” 130 illik yubileyini qeyd edir. Ölkənin paytaxtı Dublinin Dramkondra rayonunu təmsil edən klub yarandıqdan 9 il sonra İrlandiya Futbol Liqasına daxil olub. 1921-ci ildə İrlandiya Liqasının yaradıcılarından olan “Şelburn” 1925/1926-cı illər mövsümündə ilk çempionluğuna sevinib. Ümumilikdə isə komandanın hesabında 14 qızıl medal var.

2024-cü il mövsümündəki çempionluqla klubun 18 illik həsrətinə son qoyulub. Bunadək son çempionluğu 2006-cı ilə təsadüf edən komanda bir neçə dəfə aşağı dəstəyə düşüb və geri qayıdıb.

“Qırmızı-ağlar” 3 dəfə İrlandiya Kubokunu, 1 dəfə İrlandiya Liqa Kubokunu, 7 dəfə İrlandiya Futbol Assosiasiyasının Kubokunu, 1 dəfə İrlandiya Super Kubokunu qazanıblar.

Avrokuboklarda 1962/1963-cü illər mövsümündə debüt etmiş komandanın uğurları o qədər də çox olmayıb. 2004/2005-ci illər mövsümündə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlmiş “Şelburn” İrlandiya futbolunda tarixi uğuru gerçəkləşdirib.

Qeyd edək ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirəcəyi ilk oyun iyulun 23-də səfərdə baş tutacaq. Matç yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə 22:45-də) başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab qarşılaşması iyulun 30-da keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Chosen
47
15
arena.az

10Sources