EN

Sosial mediada linç mədəniyyəti:Sərhəd haradadır?

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, internetin və sosial şəbəkələrin həyatın ayrılmaz hissəsinə çevrilməsi, cəmiyyətin informasiya əldəetmə, paylaşma və münasibət bildirmə üsulunu əsaslı şəkildə dəyişib. Artıq insanlar gündəlik xəbərləri mətbuatdan yox, sosial mediadan izləyir, ictimai məsələlərə münasibətini burada bildirir, fərqli fikirləri bu platformalarda qarşılayır və ya qarşı çıxırlar. Bu rəqəmsal meydanda isə yeni bir fenomen - linç mədəniyyəti meydana çıxıb və sürətlə yayılmaqdadır.

Linç nədir? Fiziki deyil, simvolik zorakılıq

Ənənəvi anlamda "linç" bir şəxsin hüquqi proses olmadan cəmiyyət tərəfindən fiziki şəkildə cəzalandırılması deməkdir. Ancaq sosial mediada linç simvolik bir zorakılıq formasıdır. Burada bir şəxs - istər ictimai xadim, istər adi vətəndaş - müəyyən bir davranışına, sözünə, paylaşımına və ya sadəcə mövqeyinə görə kütləvi qınaq, təhqir, ləkələmə və rəqəmsal təcrid ilə qarşılaşır. Bu linç, bəzən yüzlərlə, minlərlə istifadəçinin eyni anda həmin şəxsə hücum etməsi ilə nəticələnir.

Sosial şəbəkələrdə linçin əsas silahı sözlərdir. Təhqir, alçaltma, ifşa, montaj edilmiş şəkillər, şəxsi məlumatların paylaşılması kimi üsullarla insanlar hədəfə alınır. Maraqlısı budur ki, bu linçdə iştirak edənlərin çoxu hüquqi məsuliyyətin özlərinə toxunmayacağına inanaraq daha aqressiv davranırlar. Anonimlik və məsafə qorxunu aradan qaldırır.

Kimlər linç olunur? Və nə zaman?

Sosial mediada linçə məruz qalmaq üçün tanınmış biri olmaq da şərt deyil. Adi bir istifadəçinin paylaşdığı yanlış anlaşılmış bir fikir, zarafat və ya şəxsi həyatla bağlı sadə görüntü belə onun günlərlə linçə məruz qalmasına səbəb ola bilər. Daha çox linç olunan qruplar bunlardır: İctimai xadimlər və siyasətçilər; Qadınlar (xüsusilə görünüş, həyat tərzi və fikirlərinə görə); Azlıq nümayəndələri; Aktivistlər və alternativ düşüncə sahibləri; Səhvən təqsirli bilinən şəxslər.

Linç dalğası adətən bir şəxsin paylaşımı ilə başlayır, sürətlə yayılır və minlərlə insanın iştirakı ilə böyüyür. Bu mərhələdə linç edilən şəxsin psixoloji vəziyyəti, ailəsi, karyerası və şəxsi həyatı alt-üst ola bilər. Bəzən bu, depressiya, cəmiyyətə qapanma və hətta intiharla nəticələnir.

Azərbaycanda da sosial şəbəkələr geniş yayıldıqca linç mədəniyyəti artmağa başlayıb. Xüsusilə TikTok, Facebook və X (keçmiş Twitter) kimi platformalarda müəyyən hadisələrlə bağlı ictimai qınaq tez formada aqressiv hücumlara çevrilir. Məsələn, bir məşhurun geyimi, davranışı və ya çıxışı bəyənilməyəndə həmin şəxsin şəxsi həyatı araşdırılır, keçmiş fotoları paylaşılır, ailəsi belə hədəfə çevrilir. Cəmiyyətin konservativ və emosional strukturu bu halların daha sürətli və sərt keçməsinə səbəb olur.

Maraqlıdır, etik sərhədlər harada bitir: tənqid nə zaman linçə çevrilir və medianın bu prosesi idarə etməkdə rolu nə olmalıdır?

"Sosial media - əslində, yarandığı gündən bu günə qədər daim müzakirə mövzusu olub. Artıq son illərdə isə bu mövzu xüsusilə jurnalistlər arasında daha çox diqqət mərkəzindədir. İlk baxışdan deməliyəm ki, sosial medianın mövcudluğu mühüm bir hadisədir və bu, mənim fikrimcə, böyük bir nailiyyətdir və təqdir olunmalıdır. Sosial media cəmiyyətin problemlərini müzakirə etdiyi, müxtəlif fikirlərin toqquşduğu, fikir plüralizminin yaşandığı bir platforma olaraq cəmiyyətə müsbət təsir göstərir. Bu, yeniliyin elə bir formasıdır ki, ondan bütün cəmiyyət istifadə edir, faydalanır və irəli gedir".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında media eksperti Yadigar Məmmədli deyib. Ekspert bildirib ki, sosial media nəzarətsiz qaldıqda həm cəmiyyət, həm də dövlət üçün təhlükəli xaosa çevrilə bilər:

"Sosial medianın önündə gedənlərdən biri də jurnalistlərdir. Media nümayəndələri bu platformalarda aktivdir və proseslərə təsir göstərir. Lakin sosial medianın yaratdığı üstünlüklərlə yanaşı, bir sıra problemləri də var və bu problemlər daha çox etik sərhədlərlə bağlıdır. Mən eyni zamanda Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi bir çox beynəlxalq təşkilatlarda, konfranslarda iştirak edirəm və təmsil olunuram. Ən çox müzakirə olunan məsələlərdən biri də sosial şəbəkələrdə jurnalist etikası və peşə prinsiplərinin qorunması ilə bağlıdır. Bəs bu məsələdə nə etmək olar? Ümumiyyətlə, etik qaydaların pozulmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir ki, bu nə qadağa formasında olsun, nə də söz azadlığını məhdudlaşdırsın? Bu, çox çətin bir məsələdir. Bir çox ölkələrdə, xüsusən Avropa ölkələrində - Almaniyada, İngiltərədə və digərlərində sosial şəbəkələrə nəzarət və qayda yaratmaq üçün qanunvericilik aktları qəbul olunur. Bu qanunlar bəzən ciddi məhdudiyyətlər yaradır və böyük məbləğdə cərimələr nəzərdə tutur. Mən hesab edirəm ki, bu sahəni tamamilə nəzarətsiz buraxmaq olmaz. Sosial şəbəkələrə tam sərbəstlik verildikdə, orada elə bir xaos yarana bilər ki, bu, sadəcə cəmiyyət üçün yox, dövlət üçün də ciddi təhdidə çevrilər. Çünki sosial media informasiyanın ən çox yayıldığı və ən sürətli dövr etdiyi sahədir. Ona görə də burada müəyyən dərəcədə nəzarət olmalıdır. Demirəm ki, tam nəzarət tətbiq edilsin, amma diqqət vacibdir".

Ekspert qeyd edib ki, Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılır. Dövlətin kibercinayətkarlıqla, informasiya təhlükəsizliyi ilə məşğul olan qurumları bu sahəni tam başlı-başına buraxmır və müəyyən səviyyədə nəzarət həyata keçirilir. Lakin söhbət daha geniş - hamını əhatə edən məsələlərdən gedəndə, burada qanunlar və prinsiplər hər zaman işləyə bilmir. Dəfələrlə şahid olmuşuq ki, adi insanlardan tutmuş, cəmiyyətdə tanınmış şəxslərə qədər hər kəs sosial şəbəkələrdə mənəvi zərbə alır. Bu ziyan isə daha çox etik qaydaların pozulması ilə bağlıdır.

Yadigar Məmmədli vurğulayıb ki, etik mədəniyyətin formalaşması üçün ilk növbədə media nümayəndələri özləri nümunə olmalıdır.

"Sizin qeyd etdiyiniz linç məsələsinə gəldikdə isə... Bu problem sosial şəbəkələrdən əvvəl də var idi. Klasik mətbuat dövründə də, daha sonra onlayn medianın yarandığı vaxtlarda da mətbuatın prinsipləri əsas götürülürdü. Həmin prinsiplərə uyğun davranmaq, etik çərçivəni qorumaq vacib idi. O zaman biz qanun çərçivəsində davranırdıq və Azərbaycan qanunvericiliyi, eləcə də jurnalistlərin etik kodeksi bu məsələlərə tətbiq edilirdi. Əgər bu çərçivəyə riayət olunmurdusa, məsuliyyət daşıyan şəxs məhkəməyə verilə bilərdi. Həlli yolları vardı. Amma orada da daim sual yaranırdı: sərhəd harada bitir? Bu çərçivənin konkret həddi hardadır? Məsələn, jurnalistlərin populyar şəxs barəsində yazdığı məlumatla adi bir vətəndaş barəsində yazılan informasiya arasında fərq olmalıdır. Əgər bir vətəndaşın ictimai yükü yoxdursa, onun hərəkətini ictimailəşdirmək etik baxımdan düzgün sayılmır. Amma ictimai vəzifə daşıyan və tanınmış bir şəxsin eyni davranışı artıq xəbər predmetinə çevrilə bilər. Burada şəxsi həyat yox, ictimai maraq önə keçir.

Bu gün, məsələn, bir millət vəkilinin oğlu hər hansı qeyri-etik hərəkət edirsə, bu artıq ictimai maraq doğurur və mətbuat tərəfindən işıqlandırıla bilər. Belə olan halda həmin şəxsin şəxsi həyat sərhədi daralır, amma jurnalistin və ictimaiyyətin informasiya əldə etmək hüququ genişlənir. Bu, qlobal tendensiyadır. Lakin qeyd etməliyəm ki, bu məsələlərin tənzimlənməsi hər kəsin marağındadır. Həm ictimai nümayəndələr, həm də sıravi vətəndaşlar istəmir ki, sosial şəbəkələrdə xaos hökm sürsün, insanların şəxsi həyatına təcavüz olunsun, hər kəs istədiyi şəkildə qeyri-etik ifadələr işlətsin, insanları linç etsin. Heç kim istəmir ki, bu platformada insanlar haqsız şəkildə damğalansın, təhqir olunsun. Amma yenə də deyirəm - bu çox çətin bir prosesdir. Hər halda Mətbuat Şurası olaraq biz son zamanlar bu istiqamətdə təşəbbüslərlə çıxış edirik. Xüsusilə, ictimai şəxslərin, populyar insanların sosial şəbəkə profillərində - statuslarında, şərhlərində etik qaydalara riayət olunmasını tövsiyə edirik.

Əgər başqalarından bunu gözləyiriksə, ilk olaraq özümüz nümunə olmalıyıq. Əgər media təmsilçiləri olaraq ictimaiyyətə nümunə göstərmək istəyiriksə, öz statuslarımızda, paylaşımlarımızda etik prinsipləri mütləq gözləməliyik. Bu, ən azı bizim əlimizdə olan məsuliyyətdir və bunu mütləq yerinə yetirməliyik. Əgər biz bunu davamlı və ardıcıl şəkildə etsək, nümunələrin sayı artar və cəmiyyət də bizə baxıb müəyyən nəticələr çıxara bilər. Etik mədəniyyətin formalaşması üçün nümunə olmaq vacibdir".

Mövzu ilə bağlı psixoloq Minarə Səbzəliyeva da suallarımızı cavablandırıb:

-Sosial mediada linç kampaniyalarına qoşulan insanlar psixoloji baxımdan hansı ehtiyaclarını ödəməyə çalışırlar? Bu, empati çatışmazlığı ilə bağlıdır, yoxsa kollektiv davranışın təsiridir?

Bu gün yaşadığımız cəmiyyətdə hər hansısa bir şəxsin haqqında yayılan bir xəbərin həqiqət olub-olmamasından asılı olmayaraq buna metaforik olaraq baxsaq sanki o bir qığılcım kimidir. Biz zənn etsək ki, ya da belə xəyal eysək ki, bu cəmiyyətin içində emosional hissəni- zərər vuran otlar kimi görsək, yəni bu otları zərərli edən insanlar içində yığılmış qəzəb, məyusluq, ümidsizlik və gücsüzlük hissləridir ki, bu qığılcım yetəri qədər də böyük bir yanğına dediyimiz linçlərə gətirib çıxarır. Nəticədə aydındır ki, alov daha da artır. Hər kəs bu alovun ətrafına toplaşır: kimisi isinmək üçün, kimisi öz qəzəbini boşaltmaq üçün, kimisi sadəcə tamaşa etmək üçün. 

Bu yanğını yayanlar bəzən başa düşmürlər ki, kül olan hər insan, sabah onların da nəfəs aldığı havanı zəhərləyə bilər. Çünki linç təkcə bir fərdi yox etmir - cəmiyyətin etibar toxumasını, dinləmək mədəniyyətini və rəhm hissini də yandırır.

-Daim linçə məruz qalan insanların psixoloji durumu necə dəyişir? Belə hallarda hansı fəsadlar baş verə bilər və bu zərərin bərpası mümkündürmü?

Ümumiyyətlə, aydın məsələdir ki, daim tənqidə və linç mədəniyyətinə məruz qalan insanlar müəyyən psixoloji təsirlərə məruz qalırlar. Bu təsirləri daha yaxşı anlamaq üçün Abraham Maslovun ehtiyaclar piramidasına nəzər yetirə bilərik. Maslovun modelində birinci mərhələ insanın fizioloji ehtiyaclarının qarşılanmasıdır - yuxu, qida, su, istirahət və s. Bu tələbatlar qarşılanmadıqda, insan gündəlik funksiyalarını yerinə yetirməkdə çətinlik çəkir. İkinci mərhələ isə təhlükəsizlik ehtiyacıdır. Bu mərhələ bəzən cəmiyyətimizdə yetərincə nəzərə alınmır. Xüsusilə müharibə dövrünü yaşamış valideynlərimiz üçün təhlükəsizlik anlayışı daha çox fiziki təhlükədən uzaq olmaqla məhdudlaşır - yəni "yeməyin, suyun varsa, artıq təhlükəsizsən". Lakin bu anlayış daha genişdir. Məsələn, bir şəxsin maddi sabitliyi, mənəvi rahatlığı, travmalarla mübarizəsi də təhlükəsizlik ehtiyaclarına aiddir. Əgər bir şəxs ağır travmalar yaşayırsa, o, bu mərhələdən yuxarıya - yəni sevgi, aidiyyət və hörmət mərhələlərinə keçə bilmir. Maslovun piramidası iyerarxikdir və bir mərhələ tamamlanmadan növbəti mərhələyə keçid çətindir. Beləliklə, daim linçə məruz qalan insanlar, xüsusilə sosial mühitdə təhlükə və təzyiq hiss etdikləri üçün sevgi və aidiyyət hisslərini yaşaya bilmirlər. Bu da onların psixoloji durumuna mənfi təsir edir. 

Tarixən insanlar birlikdə - qrup şəklində yaşamışlar. Çünki tək qalan fərdlər daha çox təhlükəyə məruz qalırdılar. Hətta uyğun olmayan qruplarda belə insanlar özlərini qorumaq üçün qalıb. Amma linçə məruz qalan insanlar sosial qruplardan uzaqlaşdırıldıqca özlərini daha çox təhdid altında hiss edirlər. Bu hallar posttravmatik stres pozuntusuna (PTSD) səbəb ola bilər. Linçlə bağlı xatirələr insanın yaddaşında canlı qalır, kabuslara çevrilə bilər və gündəlik funksiyalarına təsir edir. Bu vəziyyət sosial fobiya və çəkingən şəxsiyyət xüsusiyyətləri kimi psixoloji pozuntulara səbəb ola bilər. İnsan daim öz davranışlarını nəzarətdə saxlayır, hər hansı ictimai mühitdə narahatlıq hiss edir və təşviş səviyyəsi yüksəlir. Bu linçlər bəzən intihar düşüncələrinə və hətta intihar cəhdlərinə də gətirib çıxara bilər. Şəxsin özünü qiymətləndirmə səviyyəsi aşağı düşür, "mən dəyərsizəm, uğursuzam" kimi özünə yönəlmiş mənfi etiketlər formalaşır. Bu düşüncə tərzi kognitiv səhvlər (məsələn, "məni tənqid edirlərsə, deməli, mən pis insanam") ilə müşayiət olunur və bu, depressiya riskini artırır. Kognitiv səhvlər artdıqca, insanın stressə dözümlülüyü azalır, problem həll etmə bacarıqları zəifləyir. Təbii ki, bütün bu halların bərpası mümkündür. Əsas məsələ odur ki, həmin şəxs nə vaxtdan bəri bu vəziyyətdədir, hansı intensivliklə bu pozuntular müşahidə olunur, həyatında hansı problemlərə səbəb olub - bu suallara cavab tapılmalıdır. Bu bərpa prosesi mütəxəssis - psixoloq və ya klinik psixoloq dəstəyi ilə aparılmalıdır. Məsələn, yaxın zamanlarda Türkiyədə məşhur bir obraz - Nihal Candan haqqında yayılan xəbərlərdə qeyd olunur ki, ona "anoreksiya nevroza" diaqnozu qoyulsa da, əslində, bu hal onun uzun müddət davam edən depressiyası və psixoloji yardım ala bilməməsi ilə bağlıdır. Sosial medianın da bu vəziyyətin yaranmasında və dərinləşməsində rol oynadığı vurğulanır. Bənzər hallarda digər şəxslər də sosial mediada və real həyatda linç mədəniyyətinə məruz qaldıqlarını bildirirlər. Bu hallar göstərir ki, belə psixoloji zərbələrdən sağalmaq üçün vaxtında və sistemli psixoterapevtik dəstək çox vacibdir.

-Cəmiyyətlərdə linç mədəniyyətinin formalaşmasının arxasında hansı sosial-psixoloji səbəblər dayanır və bu tendensiyanı qarşısını almaq üçün hansı psixoloji maarifləndirmə aparılmalıdır və necə?

İlk növbədə belə təsəvvür edə bilərik ki, sanki bir buzdağı var və onun görünən və görünməyən tərəfləri mövcuddur. Bu, çox aydın məsələdir. Bir şəxs hər hansısa davranışa yol verirsə, cəmiyyətdə qəbul edilən normalar və normaya zidd - yəni qeyri-normal davranışlar mövcuddur. Əgər bir şəxs cinayətə meyilli və ya sosial baxımdan zərərli bir davranış nümayiş etdirirsə, bu artıq Respublikanın Konstitusiyası, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi kimi hüquqi sənədlərə əsasən məsuliyyət doğurur. Biz bu davranışları adətən buzdağının görünən tərəfi kimi qiymətləndiririk: yalan danışmaq, qeyri-adekvat davranmaq, linçə səbəb olan hərəkətlər və s. Lakin əgər bir şəxs yalan danışdığı üçün linç olunur, bu zaman mütləq onun davranışının arxa planı - yəni buzdağının görünməyən hissəsi araşdırılmalıdır. Ola bilsin ki, bu davranışın arxasında onun qarşılanmayan ehtiyacları, formalaşmış inancları, keçmiş travmaları və ya psixoloji əziyyətləri durur. Bu davranış bəzən onun psixoloji durumunun bir nəticəsi və ya özünüifadə üsulu ola bilər. Burada metaforik şəkildə desək, insanın daxilində bir "kompas" var. Bu kompas onun mənlik qavrayışı, dünyanı necə dərk etməsi, başqaları ilə münasibətlərini necə qiymətləndirməsi, uşaq yaşlarından bəri yaşadığı travmalar və emosional vəziyyəti ilə müəyyən olunur. Əgər bu "kompas" zədəlidirsə və şəxsin qavrayışında ciddi xətalar varsa, biz nə qədər "belə etmə", "belə et" desək də, bu, çox vaxt nəticə verməyəcək.  Əgər insanlara linç, təhqir, tənqid və sərt cəzalarla təsir etmək mümkün olsaydı, onda bir dəfə cəza almış şəxs bir daha eyni davranışı təkrarlamazdı. Bu halda cəza sistemi tam səmərəli işləyərdi. Amma təcrübə göstərir ki, bu yanaşma effektiv deyil. Demək, davranış dəyişiklikləri üçün cəzadan daha dərin metodlara - psixoloji maarifləndirməyə ehtiyac var. Biz hər zaman bilməliyik ki, qarşımızdakı insanın niyə belə davrandığını anlamaq vacibdir. Bütün insanlar psixoloq deyil və təbii olaraq hər davranışın psixoloji səbəblərini izah edə bilməz. Lakin empatiya qurduqda - yəni qarşımızdakını başa düşməyə çalışdıqda - çox vaxt həmin şəxsin hansısa ehtiyaclarının qarşılanmadığını, daxili münaqişə yaşadığını və ya travmatik təcrübələri olduğunu görə bilərik. Ona görə də, linç etməmək üçün ilk addım empatiya göstərmək, tolerant yanaşmaq və məsələləri daha sağlam yolla həll etməyə çalışmaqdır. Psixoloji maarifləndirmə insanlarda empatiya və introspektiv bacarıqları gücləndirməyə yönəlməlidir. Məsələn, "əgər sən bu hadisəni yaşasaydın, özünü necə hiss edərdin?" kimi suallarla onların yerinə özümüzü qoymaq və empatiya hissini inkişaf etdirmək mümkündür. 

Asılılıq problemi bu gün qlobal miqyasda ciddi məsələdir və insanlar bu vəziyyətlərinə görə stiqmaya məruz qalırlar. Hətta tibb işçilərinin bəzən bu insanlara stigmatik yanaşması onların müalicə prosesinə mənfi təsir göstərir. Araşdırmalar göstərir ki, cəmiyyətin və yaxın ətrafın bu insanlara inanmaması, onları etiketləməsi və ümidsiz hesab etməsi həmin şəxsin dəyişmək istəklərinə zərbə vurur.

Maarifləndirmə insanların mühakimə və qərarvermə bacarıqlarını inkişaf etdirməyə yönəlməlidir. Gözləyə bilmək, emosiyalarını idarə edə bilmək, düşünərək davranmaq, empatiya göstərə bilmək və qarşı tərəfi etiketləməmək - bütün bunlar psixoloji savadlılıq çərçivəsində öyrədilməlidir. Qara-ağ düşüncə tərzi, yəni "bu belə deyibsə, pis insandır", "bu cür görünürsə, mütləq uğursuzdur" kimi yanaşmalar koqnitiv təhriflərə səbəb olur. Məsələn, kimsə deyə bilər ki, "qadın maşın sürürsə, yəqin ki, yaxşı sürə bilməz". Belə düşüncələr bəzən ailədən gəlir və şəxs ailə üzvlərinin dediklərini ümumiləşdirərək, bütün cəmiyyətin belə düşündüyünə inanır. Bu isə özünəgüvən, təşəbbüs göstərmək və inkişaf etmək istəklərinə mane olur. Son olaraq qeyd etmək lazımdır ki, valideynlərin "mən uşaqlarıma eyni tərbiyəni vermişəm, amma biri niyə fərqlidir?" kimi sualları da həmişə yerində deyil. Çünki uşaqların temperamentləri, şəxsiyyət xüsusiyyətləri, ana bətnində və doğum sonrası yaşadıqları fərqli təcrübələr onların inkişafına təsir edir. Bir valideyn ilk övladına daha çox narahatlıqla və diqqətlə yanaşa bilər, ikinci övladda isə bu münasibət daha balanslı ola bilər. Yəni, linç edən insanlar çox vaxt özlərini zəif hiss etdikləri üçün başqasını alçaltmaqla özlərini "güclü" hiss etməyə çalışırlar. Amma bu, əslində onların özünədəyər və özünüqiymətləndirmə problemlərinin göstəricisidir. Başqasını zəif görmək hesabına özünü üstün hesab etmək, sağlam psixoloji yanaşma deyil. Biz şəxslərlə deyil, davranışlarla, şəraitlərlə, səbəblərlə məşğul olmalıyıq. Həll yolu - empatiyadır, anlayışdır, maarifləndirmədir.

Sosial media ifadə azadlığının güclü təzahür platforması olsa da, nəzarətsiz linç mədəniyyəti cəmiyyətə zərər verir. Bir cəmiyyətin səviyyəsi onun fərqli fikirlərlə necə davranması ilə ölçülür. Linç bir cavab deyil - o, həm fərdi, həm də ictimai baxımdan bir azğınlıq formasıdır. Bu mədəniyyətə qarşı mübarizə təkcə texnoloji və hüquqi deyil, həm də mənəvi və mədəni bir çağırışdır. Cəmiyyət olaraq biz bu çağırışa cavab verməyə hazır olmalıyıq. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
72
13
olaylar.az

10Sources