EN

Zəngəzur dəhlizinin təhlükəsizliyi və ABŞ-nin iştirak niyyəti: Yeni geopolitik mərhələyə doğru?

Cənubi Qafqazda Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr son günlərdə yeni bir mərhələyə qədəm qoyub.

Bakıvaxtı.az-ın məlumatına görə, ABŞ-nin Türkiyədəki səfiri Tom Barakın Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama - dəhlizin 100 il müddətinə ABŞ şirkətinə icarəyə verilməsi təklifi - həm region ölkələrində, həm də beynəlxalq siyasi dairələrdə rezonans doğurub. Müzakirələrdə əsas diqqət çəkən məqam isə təhlükəsizliyin necə və kim tərəfindən təmin ediləcəyidir.

Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Züriyə Qarayevanın sözlərinə görə, bu təklif ilk baxışdan texniki və logistik mahiyyətli görünsə də, əslində çox dərin geopolitik mesajlar daşıyır. ABŞ-nin bölgədə özəl sektor üzərindən 100 illik iştirak niyyəti Cənubi Qafqazda uzunmüddətli təsir qurmaq istəyini göstərir. Bu da öz növbəsində bölgəni yeni güc qarşıdurmalarının mərkəzinə çevirə bilər.

Müsahibimiz qeyd edib ki, əsas narahatlıq 100 illik müddətin simvolik yox, strateji xarakter daşımasıdır. Politoloq bildirib ki, bu, hər iki ölkə üçün öz suveren əraziləri üzərində uzunmüddətli üçüncü tərəf nəzarətini qəbul etmək anlamına gəlir:

“Xüsusilə Azərbaycan üçün bu, regionda öz təşəbbüslərini həyata keçirmək imkanlarını məhdudlaşdıra bilər. Ermənistan isə bu təkliflə Rusiyanın təsirindən qurtulmağa çalışsa da, yeni asılılıq forması ilə üz-üzə qalır”.

“Bəs ABŞ-nun belə bir təşəbbüsünün arxasında hansı böyük güc maraqları dayanır” sualına cavab verən Z.Qarayeva deyib ki, bu təklif  təkcə Cənubi Qafqazla məhdudlaşmır. Dediyinə görə, Zəngəzur dəhlizi Orta dəhlizin əsas keçidlərindən biridir. ABŞ burada olmaqla həm Rusiyanın, həm də Çinin Cənubi Qafqaz və Orta Asiyadakı təsirinə qarşı durmaq istəyir. Bu baxımdan təşəbbüs daha çox “geoiqtisadi geopolitika” çərçivəsində qiymətləndirilməlidir.

Züriyə Qarayeva: ABŞ-nin bu dəhlizdə təsir qurması Ankaranın maraqlarına uyğun gəlmir

Bu prosesdə Türkiyənin mövqeyinə gəlincə, həmsöhbətimizə görə, Türkiyə üçün Zəngəzur dəhlizi təkcə iqtisadi yox, həm də ideoloji - Türk dünyasını birləşdirən strateji arteriyadır. ABŞ-nin bu dəhlizdə təkbaşına və ya özəl şirkət vasitəsilə təsir qurması Ankaranın maraqlarına uyğun gəlmir. Ona görə də Türkiyə üçün bu dəhlizdə iştirak etmək, təhlükəsizlik mexanizmlərində rol almaq prinsipial məsələdir.

Politoloq hesab edir ki, problemin həllində alternativ yollar da var. Onun sözlərinə görə, ilk növbədə Azərbaycan və Ermənistan arasında ikitərəfli təhlükəsizlik mexanizmlərinin qurulması variantı daha uzunömürlü və dayanıqlı yol ola bilər. Qarayeva bildirib ki, əgər üçüncü tərəf iştirakı qaçılmazdırsa, o zaman bu iştirak balanslı və regional aktorların - məsələn, Türkiyənin də iştirakı ilə təmin edilməlidir. Bu, həm də bölgədə toqquşmaların qarşısını almaq üçün əhəmiyyətlidir.

Bu təklif region üçün təhlükəmi vəd edir, yoxsa fürsətmi? Z.Qarayevanın bu suala cavabı belə olub:

“Hər iki ehtimal mümkündür. Əgər bu təşəbbüs böyük güclər arasında rəqabət meydanına çevrilərsə, təhlükə qaçılmaz olacaq. Lakin diplomatik tarazlıq və regional aktorların balanslı iştirakı təmin olunarsa, bu, Zəngəzur dəhlizinin açılması və Cənubi Qafqazın yeni nəqliyyat dəhlizlərinə inteqrasiyası baxımından fürsətə çevrilə bilər”.

Zülfü Məmmədov

Chosen
64
50
bakivaxti.az

10Sources