“İnsan sevgi haqqında nə qədər bilirsə, bir o qədər çox sevir”.
Bu fikiri kliniki psixoloq, psixoterapevt Rövşən Nəcəfov KONKRET.az-a açıqlamasında səsləndirib:
Rövşən Nəcəfov
“Əgər insan sevgini bağlılıqla səhv salır və ya buna doğmalıq mənası yükləyirsə, o zaman öz sevgisində problem yaşayacaq. Sevgi bağlılıq deyil. Sevgi hörmət və sədaqətdir. Bağlılıq isə daha çox emosional vərdişdir. Bu, ailəyə və yaxınlara qarşı hiss edilən duyğulardır ki, biz onlarla böyümüşük. Sevgi isə qeyri-adi hisslər yaradır və həyacana çevrilir.”
Rövşən Nəcəfov qeyd edib ki, bağlılıqdan əziyyət çəkən insanlar çox vaxt şəxsiyyət asılılığı ilə assosiasiya olunurlar:
“Onlar həm özlərinə, həm də başqalarına qarşı qeyri-adekvat düşünürlər. Sevgi və bağlılıq arasında qalan insanlarda zamanla psixi narahatlıqlar baş verir. Əgər bu narahatlıqlar şəxsin ictimai həyatına və ünsiyyətinə təsir edirsə, mütləq psixi sağlamlıq üzrə mütəxəssisə müraciət edilməlidir. Əks halda insan özünə və başqalarına qarşı faydasız olur, assosial davranışlar sərgiləməyə başlayır və daha ciddi psixi problemlər meydana çıxır.”
Aynurə İsmayıl
KONKRET.az