EN

Ticarət mərkəzlərində parkinq qiymətlərindən par çıxır

İri ticarət mərkəzlərinə gedən alıcıların qarşılaşdıqları yeni problemlərdən biri də  parkinq haqlarının süni şəkildə bahalaşdırılmasıdır. Əvvəllər ticarət mərkəzlərinin yeraltı parklama zonalarında maşın saxlamağa 1 saat üçün 1 manat ödəyən vətəndaş indi eyni müddətə görə 2  manat, 2-3 saat üçün isə 6 manat və ya daha çox vəsait ödəməli olur. 

Qiymətlərin insafsızcasına belə artırılması ticarət mərkəzlərinə gələn vətəndaşların haqlı narazılığına səbəb olur. Üstəlik, bu mərkəzlərin yaxınlığında heç bir alternativ parklama yerləri mövcud deyil ki, ondan istifadə edəsən. Beləliklə, vətəndaş seçim deyil, məcburiyyət qarşısında qalır. Bu da o deməkdir ki, həm fiziki, həm də maliyyə baxımından alıcı sıxışdırılır. Buna görə də  ticarət mərkəzlərinə alış-veriş üçün gələn vətəndaşlar orada çox vaxt keçirməməyə, tələsik işlərini görüb ödəniş məbləği artmamış parklama zonasından çıxmağa çalışırlar. 

İndi bir anlıq düşünək: bu ticarət mərkəzlərinə kimlər gəlir? Əsasən qadınlar, azyaşlı uşaqlı ailələr, gənclər, bir sözlə, istirahətə, alış-verişə çıxan sadə vətəndaşlar. Onlar təkcə alış-verişə yox, kino mərkəzinə, uşaq əyləncə zonasına, kafeyə gəlirlər. Ticarət mərkəzlərinin kinozallarında bir kinoya baxmaq, yaxud kafedə nahar, şam etmək  demək olar ki, 8-10 manat parkinq haqqı deməkdir. Yəni içəridə xərclədiyi vəsaitin üzərinə "dayanacaq vergisi" də əlavə olunur. Bu isə o deməkdir ki,  məqsəd yüksək xidmət yox, daha çox qazanmaqdır. 

Bəzi versiyalara görə, bu tariflər süni tıxacların qarşısını almaq üçün atılan addımdır. Amma bir səhvin qarşısını başqa bir səhvlə almaq  qaş düzəldən yerdə göz çıxarmaqdır. Şəhərin nəqliyyat infrastrukturu düzgün planlanmayıbsa, bu, vətəndaşın cibi ilə "kompensasiya" olunmamalıdır. Əgər şəhər planlaması problemlidirsə, nə üçün onun cəzasını vətəndaş çəkməlidir?

Nərminə ƏSGƏROVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

1Sources