EN

"Pekin və Moskva 2027-ci ildə birgə hücuma keçə bilər" - "Bild"

"ABŞ və Avropa iki cəbhəli qlobal müharibəyə hazırlaşmalıdır..."

Qərb ölkələrinin ən yüksək səviyyəli hərbi rəhbərliyi 2027-ci ildə Çin və Rusiyanın eyni vaxtda hərbi hücuma keçəcəyi ssenarini real sayır. 

Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.

Nəşr qeyd edir ki, ABŞ-ın Avropadakı qoşunlarına komandanlıq edən general Aleksus Qrinkeviçin fikrincə, bu, qlobal miqyaslı münaqişənin başlanğıcı ola bilər və Qərbin bu qarşıdurmaya hazırlaşmaq üçün cəmi 18 ayı qalıb.

Tayvan və NATO eyni vaxtda hədəf seçilə bilər

ABŞ generalının açıqlamasında diqqətçəkən məqam odur ki, Çin lideri Si Tszinpin Tayvana hücum qərarı verərsə, bu addım əvvəlcədən Rusiya ilə razılaşdırılacaq. Vladimir Putin isə həmin anda Avropada - NATO sərhədləri yaxınlığında hərbi təxribatlara başlayacaq. Qrinkeviç hesab edir ki, bu iki hərbi kampaniya eyni vaxtda -  biri Uzaq Şərqdə, digəri isə Avropanın özündə həyata keçirilə bilər. "Bu, artıq paralel gedişat - iki cəbhədə döyüş ola bilər", - general vurğulayıb və 2027-ci ili mümkün "böhran ili" adlandırıb.

Avropa hazır deyil, Rusiya fürsət axtarır

"Bild" yazır ki, Almaniya hökumətində də bu ssenari ciddi narahatlıq doğurur. Rusiya tərəfinin Avropanın hazırkı zəifliyindən istifadə edib 2027-ci ildə NATO-nun kiçik bir üzv ölkəsinə hücum etməsi ehtimalı geniş müzakirə olunur. Mənbələr bildirir ki, Almaniya hökumətində bir sıra şəxslər artıq belə bir hücumu qaçılmaz sayır. Qrinkeviç xəbərdarlıq edir: "Hazırlaşmaq üçün bizə hər texnika, hər silah və hər sursat lazım olacaq. Zaman isə tükənir".

Pentaqonun Asiya planı və NATO-nun yeni narahatlığı

ABŞ Silahlı Qüvvələrinin Sakit Okean bölgəsindəki baş komandanı admiral Semyuel Paparo da bu narahatlığı bölüşür. O, bildirir ki, Çin Tayvana qarşı hərbi əməliyyata artıq 2027-ci ildə başlaya bilər. Bu səbəbdən Vaşinqton artıq Yaponiya və Avstraliya ilə danışıqlar aparır - müharibə başlayacağı halda onların hansı rolu üzərinə götürəcəyi müəyyənləşdirilir.

Bu arada NATO-nun baş katibi Mark Rette bəyan edib ki, Çin Tayvana hücum edərsə, Si Tszinpin müttəfiqi Putini Avropada eyni vaxtda təxribatlara sövq edəcək, məqsəd - Qərb ordularının diqqətini Asiyadan yayındırmaq olacaq. Qərb ekspertləri belə bir təxribat üçün xüsusilə Baltikyanı ölkələrdən Estoniyanın risk altında olduğunu qeyd edir. Çünki Estoniyada əhəmiyyətli rusdilli azlıq yaşayır və bu, Moskva üçün təxribat bəhanəsinə çevrilə bilər.

Üçüncü Dünya müharibəsi ehtimalı daha real görünür

Qərbdə getdikcə bu ehtimalı yüksək səslə dilə gətirirlər: Çin və Rusiya 2027-ci ildə koordinasiyalı şəkildə hərbi əməliyyatlara başlaya, bu isə dünya miqyasında münaqişəyə çevrilə bilər. Vaşinqton və Avropa üçün isə bu təhlükəyə hazırlaşmaq zamanı sürətlə azalır.

Chosen
93
50
moderator.az

10Sources