EN

Hamiləlikdə qarın ağrısı: Sadə narahatlıq yoxsa ciddi təhlükə?

Hamiləlik dövründə qadınların tez-tez yaşadığı şikayətlərdən biri də qarın ağrılarıdır. Hər nə qədər bu ağrılar bəzi hallarda təbii sayılarsa da, bütün ağrılar təhlükəsiz deyil. Qadın xəstəlikləri və doğum üzrə mütəxəssis Dr. Seda Deniz Işıklar, qarın ağrısının müddətindən çox, ona müşayiət edən digər əlamətlərin vacib olduğunu qeyd edir.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Dr. Işıklar, hamiləliyin ilk üç ayında baş verən qarın ağrılarının adətən yüngül və keçici olduğunu, çox zaman istirahətlə azaldığını bildirir. Ancaq ağrı ilə yanaşı qanaxma, yüksək hərarət, sidik ifrazında yanma, tez-tez sidiyə çıxma, ürəkbulanma və ya qusma kimi əlamətlər müşahidə olunarsa, bu, ciddi bir problemin göstəricisi ola bilər və mütləq həkim müdaxiləsi tələb olunur.

Hamiləliyin son üç ayında baş verən qarın ağrıları isə erkən doğum, infeksiya və digər ağırlaşmaların xəbərçisi ola bilər. Bu mərhələdə istənilən dəyişiklik həkim nəzarətinə verilməlidir. Dr. Işıklar bildirir ki, bəzi infeksiyalar erkən doğumu tetikleyə bilər və bu səbəbdən davamlı tibbi nəzarət vacibdir.

Mütəxəssis qeyd edir ki, 35 yaşdan yuxarı hamilə qadınlarda hamiləliklə bağlı hipertansiyon və digər ağırlaşmalara daha tez-tez rast gəlinir. Bu səbəblə yaş faktoru da nəzərə alınaraq, risklərin vaxtında aşkarlanması üçün daha sıx həkim nəzarəti tələb olunur.

Qarın ağrısı və ürəkbulanma bir çox qadının yaşadığı ümumi şikayətlər olsa da, bu əlamətlər hər zaman hamiləliklə əlaqəli olmaya bilər. Dr. Işıklar bildirir ki, qida zəhərlənməsi, sidik yolları infeksiyası və ya digər daxili orqanlarla bağlı problemlər də bu cür şikayətlərə səbəb ola bilər.

Həkim vurğulayır ki, hər hamiləlik özünəməxsus şəkildə keçər və hamiləlik irəlilədikcə ortaya çıxan əlamətlər dəyişə bilər. Bu səbəbdən, doğuma yaxın dövrdə yaranan istənilən ağrı ciddi qəbul edilməli və heç vaxt gecikdirilmədən həkimə məlumat verilməlidir.

Hamiləlik dövründə baş verən hər qarın ağrısı təhlükəli olmasa da, ona müşayiət edən simptomlarla birlikdə qiymətləndirilməlidir. Ana və körpənin sağlamlığını qorumaq üçün vaxtında tibbi yardım almaq, heç bir əlaməti görməməzlikdən gəlməmək həyati əhəmiyyət daşıyır. Hər qadının hamiləlik təcrübəsi fərqli ola bilər, lakin təhlükəsiz doğuşun açarı – müntəzəm həkim nəzarətidir.

Xeyrənsə Piriyeva

Chosen
27
11
news24.az

10Sources