EN

"Tramp "The Wall Street Journal" nəşrini məhkəməyə verib və 10 milyon dollar təzminat tələb edir" - "Azadlıq Radiosu"

 
"ABŞ prezidenti Epşteynlə bağlı iddiaları rədd edir və bunu "uğursuz qarayaxma kampaniyası"  adlandırır..."
 
ABŞ prezidenti Donald Tramp məşhur "The Wall Street Journal" nəşrini və onun sahiblərini böhtana görə məhkəməyə verib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, məsələ 2003-cü ildə Trampın maliyyəçi Cefri Epşteynə göndərdiyi iddia edilən "ədəbsiz təsvirli" təbrik məktubu ilə bağlı yazıya görə qızışıb. Tramp isə bu iddianı "yalan və zərərli kampaniya" adlandıraraq, nüfuzuna və maliyyə maraqlarına vurulan ziyanın qarşılığında ən azı 10 milyard dollar təzminat tələb edir.
 
Məhkəmə döyüşünün iştirakçıları: Tramp - Merdok - WSJ
 
İddia federal səviyyədə, Florida ştatının Cənub Dairə Məhkəməsinə təqdim olunub. Trampın vəkilləri iddia ərizəsində konkret adlar da göstərib: "The Wall Street Journal"ın məqalə müəllifləri, baş redaktor Robert Tompson və nəşrin sahibi, media maqnatı Rupert Merdok. 
 
Tramp onları bilərəkdən yalan informasiya yaymaqda və şəxsi nüfuzuna zərbə vurmaqda ittiham edir. "Truth Social" platformasında yayımladığı bəyanatda Tramp bu məhkəməni "tarixi" adlandıraraq bildirib: "Bu mübarizə təkcə mənim yox, bütün amerikalıların maraqları uğrunadır. Merdokun məhkəmədə ifadə verməsini səbirsizliklə gözləyirəm, maraqlı olacaq!"
 
Qalmaqalın mərkəzində: Epşteyn, açıqca və sirli cümlələr
 
İyulun 17-də dərc olunan məqaləyə görə Tramp 2003-cü ildə Cefri Epşteynin 50 illik yubileyinə təbrik açıqcası göndərib. Bildirilir ki, həmin məktubda çılpaq qadın rəsmi və "Hər gün daha bir möhtəşəm sirrə çevrilsin!" kimi qeyri-müəyyən ifadələr yer alıb.
 
Bu açıqca, Epşteynin yubiley təbriklərinin toplandığı alboma daxil edilib və o zamanlar hələ ədliyyə tərəfindən araşdırılan sənədlərin arasında yer alıb. Tramp bu iddianı "tamamilə uydurma" adlandırır və Epşteynlə münasibətləri çox öncə, onun ilk dəfə həbs olunmasından əvvəl kəsdiyini bildirir.
 
"Dow Jones"-un cavabı və medianın müdafiəsi
 
"The Wall Street Journal"ın nəşriyyatçısı olan "Dow Jones" şirkəti bu ittihamlara rəsmi cavab verərək öz jurnalist işlərinin "dəqiqliyinə və obyektivliyinə" tam əmin olduqlarını bildirib və iddialara qarşı "qətiyyətlə müdafiə olunacaqlarını" bəyan edib. 
 
Xatırladaq ki, "Dow Jones" şirkəti Rupert Merdokun rəhbərlik etdiyi "News Corp"-a məxsusdur. Məhz bu səbəbdən Tramp iddianı yalnız jurnalistlərə qarşı yox, həm də medianın ən yüksək rəhbərliyinə qarşı qaldırıb.
 
Epşteyn işi və ictimai təzyiq
 
Cefri Epşteyn azyaşlı qızların cinsi istismarı məqsədilə illərlə davam edən cinayətkar şəbəkənin təşkilində ittiham olunub. 2019-cu ildə həbsdə intihar edib. Onun köməkçisi Qisleyn Maksvell isə 2021-ci ildə 20 il həbs cəzasına məhkum edilib.
 
Trampın tərəfdarları uzun müddətdir ki, Epşteynin "müştəri siyahısının" gizlədildiyini və burada nüfuzlu siyasətçilərin adlarının olduğunu iddia edir. Bu təzyiqlər fonunda Tramp baş prokuror Pem Bondiyə təlimat verərək Epşteyn və Maksvell işləri üzrə böyük münsiflər heyətinin sənədlərinin açıqlanmasına çalışıb.
 
ABŞ Ədliyyə Nazirliyi artıq bu yöndə addım atıb, lakin qurbanların şəxsi məlumatlarının qorunacağını bildirib. Bununla belə, ekspertlər bildirir ki, açıqlanacaq sənədlər redaktə olunmuş şəkildə yayımlanacaq və bütün detallar cəmiyyətə təqdim olunmaya bilər.
 
Trampın "The Wall Street Journal"a qarşı başladığı bu nəhəng hüquqi hücum təkcə şəxsi nüfuz məsələsi deyil, bu, həm də media və siyasət dünyasında artan gərginliyin göstəricisidir. Məsələ artıq adi bir təbrik açıqcasından çox-çox uzağa keçib: söhbət Trampın "əxlaqi nüfuzu", ABŞ mediasının obyektivliyi və Epşteyn işinin dərinliklərində gizlənmiş sirrlərdən gedir.
Chosen
65
50
moderator.az

10Sources