EN

Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış

 

Azərbaycanın suverenliyi, mədəniyyəti və geosiyasi nüfuzunun simvoluna çevrilən Xankəndi şəhəri iyulun 19-da mühüm beynəlxalq toplantıya ev sahibliyi edib. Həmin günü Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başlayıb.

Forumun məhz Xankəndidə keçirilməsi isə həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir. Bu torpaqlar artıq təkcə tarixi-mədəni irsimizin deyil, eyni zamanda, beynəlxalq intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin də mərkəzinə çevrilir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoymasının ən aydın göstəricilərindəndir.
52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirən Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub.

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçıları ilə görüşü keçirilib. “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspun moderatorluğu ilə keçirilən görüşdə ölkə başçısı Forum iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, bir çox məsələlərə aydınlıq gətirib, mühüm əhəmiyyət daşıyan mesajlar verib.
Qeyd edilməlidir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisi əhəmiyyətli dərəcədə artıb. Bu qələbə təkcə ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı, həm də beynəlxalq hüququn tətbiqinə dair praktik presedent yaratdı. Azərbaycanın siyasi iradəsi artıq təkcə regionda deyil, qlobal miqyasda da qəbul olunan fakta çevrildi.

Prezident İlham Əliyevin Forumdakı çıxışı ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısı daxili sabitlik, çevik təhlükəsizlik yanaşması və strateji planlama əsasında formalaşan bir inkişaf modelindən bəhs etdi. Onun fikrincə, Azərbaycanın coğrafi mövqeyi risklərin erkən mərhələdə proqnozlaşdırılması və neytrallaşdırılmasında mühüm amildir.

Forum çərçivəsində Azərbaycanın enerji və nəqliyyat sahələrindəki strateji rolu da ön plana çəkildi. Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi kimi təşəbbüslər Azərbaycanın regional enerji və logistik təchizat mərkəzi mövqeyini möhkəmləndirir. Bu layihələr həm Avropa enerji təhlükəsizliyinə töhfə verir, həm də Cənubi Qafqazda iqtisadi inteqrasiyanı stimullaşdırır. Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı qeyd etdi ki, Ermənistanın qeyri-konstruktiv yanaşması onu proseslərdən təcrid edə bilər. Bu isə regionda güc balansının getdikcə Azərbaycanın xeyrinə dəyişdiyini göstərir.

Forum çərçivəsində Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Azərbaycanın və Ermənistanın sülhə doğru atdığı addımların təşviqində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi. O, ABŞ Prezidentinin Cənubi Qafqazdakı prosesləri diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdi.
Dövlət başçısı, həmçinin Rusiya ilə Avropa İttifaqı arasında yaranan qaz böhranına toxunaraq Azərbaycanın enerji siyasətinin siyasi alətə çevrilmədiyini, tamamilə kommersiya prinsipləri üzərində qurulduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycan heç vaxt Rusiya ilə rəqabətə can atmadı və qaz tədarükünü siyasi təzyiq vasitəsinə çevirmədi.
Forum zamanı Prezident AZAL təyyarəsinin qəzası ilə bağlı sualı cavablandıraraq bildirdi ki, bu hadisə ilə bağlı Rusiya tərəfindən hələ də rəsmi cavab verilmədi. Azərbaycan tərəfi hadisənin təfərrüatlarını bildiyini və təzminat məsələsinin açıq qalmasını ədalətsiz hesab etdiyini ifadə etdi.

Prezident, müsahibəsində həmçinin bildirib ki, bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir: “Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”.

Azərbaycanın iqtisadi göstəriciləri də Forumda diqqətə çatdırıldı. Xarici borcun ÜDM-dəki payının cəmi 6,9% olması, yoxsulluğun aşağı səviyyəsi və Qarabağda həyata keçirilən iri infrastruktur layihələri ölkənin strateji və davamlı inkişaf modelinin göstəriciləridir. Bu sabitlik Azərbaycanın beynəlxalq maliyyə institutları və təşkilatlarla əlaqələrini gücləndirir, ona diplomatik manevr imkanları verir.

Beləliklə, III Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Azərbaycan bir çox beynəlxalq səviyyəli problemlərin müzakirəsi və həllində ciddi rol oynayır. Ərazi bütövlüyümüzü Ali Baş Komandan kimi təmin edən İlham Əliyev Prezident kimi də ölkəmizi qlobal arenada lider mövqeyinə yüksəldib.

III Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal məsələlərin müzakirəsində və həllində fəal iştirakçıdır.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Chosen
32
9
azreform.info

10Sources