EN

Uşaqlarda artıq çəki təhlükəli ola bilər

Azyaşlı uşaqlarda artıq çəki və piylənmə halları son dövrlərdə artmaqda davam edir. Pediatr Nigar Abdullayeva Metbuat.az-a açıqlamasında bildirib ki, bu problemin vaxtında aşkarlanması və qarşısının alınması üçün uşaqlar mütəmadi olaraq həkim müayinəsindən keçməlidir: “Uşağın çəkisi və boyu yaşına uyğun olmalıdır. Bunun üçün xüsusi persentil cədvəllər var. Bu cədvəllərlə həkimlər uşağın inkişafının normal olub-olmadığını müəyyənləşdirir. Bəzən artıq çəkinin səbəbi genetik amillərlə və ya hormonal pozğunluqlarla da əlaqəli ola bilər. Bu kimi hallarda analizlər aparılır və nəticəyə uyğun şəkildə valideynlərə məsləhətlər verilir". Onun sözlərinə görə, uşaqlar üçün ev şəraitində hazırlanan yeməklər daha məqsədəuyğundur: "Fəstfud, qazlı və enerjili içkilər, hazır paketlənmiş məhsullar uşaqların nəinki çəkisini artırır, həm də gələcəkdə onlarda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Belə qidalar xərçəng riskini belə artırır. Bunun əvəzində meyvə-tərəvəzlərə, təbii süd və ət məhsullarına üstünlük verilməlidir. Eyni zamanda çörək kimi karbohidratların da miqdarı nəzarətdə saxlanmalıdır". Pediatr onu da vurğulayıb ki, uşaqların uzun müddət uzanaraq televizora baxması, planşet və ya telefondan istifadə etməsi fiziki aktivliyin azalmasına, yəni hipodinamiyaya səbəb olur və bu da piylənməni sürətləndirir. “Əgər uşaq idmanla məşğul olmursa, ən azı gündə bir saat gəzinti etməsi çox vacibdir. Bu, həm çəkini nizamlamağa, həm də ümumi sağlamlığa müsbət təsir edir”, – deyə o əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
47
13
metbuat.az

10Sources