EN

Gündəlik ehtiyaclara DƏSTƏK, yoxsa ticarət şəbəkələrinin MARAĞI? – “TəhsilPlus” kartı ilə bağlı NARAZILIQ

“Müəllimlərə təqdim olunan “güzəştli kart” layihəsi əslində sosial rifahın artırılması kimi təqdim olunsa da, praktiki və funksional baxımdan dərin analiz etdikdə bu təşəbbüsün müəllimin sosial-iqtisadi vəziyyətinə ciddi bir töhfə vermədiyi açıq şəkildə görünür. Bu cür kartların reklamı çox, faydası isə minimaldır. Sonda isə müəllim yox, həmin kampaniyalara qoşulan kommersiya obyektləri qazanır”.

Bunu TəhsilPlus” kartı barədə Bizim.Media-ya danışan təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki,  kartlarda göstərilən “güzəştlər” çox zaman qeyri-ciddi obyektlərdə olur – fast food, Playstation salonları, kosmetik mərkəzlər və yüksək seqmentə aid brend geyim dükanları:
 

“Müəllim bu kartla nə edəcək? Gündəlik çörək, süd, dərman, benzin, kommunal xidmətlər, nəqliyyat, məktəbə gedib-gəlmək xərclərində bu kart keçərlidirmi? Cavab bəllidir: xeyr. Obyektiv reallıq göstərir ki, müəllimin gündəlik və əsas ehtiyaclarını qarşılayan sektorlarla bu kartların heç bir əlaqəsi yoxdur.


Azərbaycan qanunvericiliyində dövlət qulluqçuları və büdcə təşkilatlarında çalışanlar üçün əlavə sosial təminat formaları nəzərdə tutulsa da, Elm və Təhsil Nazirliyi bu sahədə heç bir konkret və sistemli addım atmayıb. Hər il müəllim günündə müxtəlif “rəngli” kartlar paylanır, amma onların hüquqi bazası, təsdiqlənmiş siyahısı, güzəştlərin icbari qüvvəsi yoxdur.
 

Sadəcə bəzi kommersiya obyektləri könüllü şəkildə bu kampaniyalara qoşulur, lakin bu endirimlərin nə qədər real olduğu, qiymətlərin əvvəlcədən şişirdilib sonra “güzəştli” göstərilməsi ilə manipulyasiya olunub-olunmadığı nəzarət edilmir”.


Müsahibimiz bu məsələdə dünya praktikasından da danışıb:

“Dünya təcrübəsi müəllimə yalnız “endirim kartı” deyil, sistemli sosial dəstək platforması təqdim edir. Məsələn, Estoniyada müəllimlərə dövlət tərəfindən ictimai nəqliyyatdan pulsuz istifadə hüququ verilib, eyni zamanda dövlət ipoteka proqramları vasitəsilə mənzil almaqda ciddi dəstək göstərilir. Finlandiyada müəllimlərin illik tibbi yoxlamaları və psixoloji dəstəklə bağlı ödənişsiz proqramları mövcuddur.
 

Cənubi Koreyada isə müəllimlərin istirahət və reabilitasiya mərkəzlərinə pulsuz giriş imkanı qanunvericiliklə təsbit olunub. Bu ölkələrdə müəllimə sosial müdafiə sistemi ilə yanaşılır, bizdə isə reklam xarakterli, lakin effekt verməyən kartlarla “təltif” edilir”.


Kimdir günahkar?

Kamran Əsədov hesab edir ki, Elm və Təhsil Nazirliyi bu sahədə ya konseptual strategiyaya malik deyil, ya da prosesləri kənardan passiv müşahidə edir:
 

“Müəllimin maaşı yetərli deyil, kommunal və nəqliyyat xərclərində heç bir güzəşt tətbiq olunmur. Tibbi sığorta məsələsində ciddi problemlər var. Amma Nazirlik müəllimə brend mağazada, dönərxanada və ya gözəllik salonunda 7-10% güzəştli xidmət təklif etməklə sanki problemi “həll etdiyini” düşünür. Halbuki bu, problemin üzərinə kosmetik örtük çəkməkdən başqa bir şey deyil.


Müəllim Playstation salonuna endirim üçün yox, ictimai dəyərinə görə hörmət görməlidir. Təəssüf ki, hazırkı yanaşma müəllimi məcburən istehlakçıya və sosial himayə adı altında onu kommersiya obyektlərinin dövriyyəsini artırmaq üçün alətə çevirir. Bu isə nə etikdir, nə də ədalətli. Bu yanaşma dəyişməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
46
50
bizim.media

10Sources