EN

Sloveniyada “Yay məktəbi” layihəsinin iştirakçılarına Azərbaycan mədəniyyətindən bəhs edilib

Vyana, 25 iyul, AZƏRTAC

Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının rəhbəri Taleh Qurbanov Sloveniyanın Lyublyana şəhərində keçirilən “Yay məktəbi” layihəsinin iştirakçıları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən T.Qurbanov mədəniyyətlərarası əlaqələrin vacibliyindən bəhs edib, bu kimi təşəbbüslərin gələcək nəsillər üçün önəmini vurğulayıb. O bildirib ki, bu qəbildən olan görüşlər, sadəcə, bir istirahət deyil, həm də dostluğun və birgə dəyərlərin paylaşılması üçün əvəzsiz fürsətdir: “Siz bu günün uşaqları, sabah isə müxtəlif mədəniyyətlər arasında körpü quranlarısınız”.

Azərbaycanın zəngin mədəniyyətindən də söz açan Taleh Qurbanov əlavə edib ki, xalqımız qədim tarixə, zəngin mədəniyyətə və uşaqlara xüsusi sevgi ilə yanaşan bir cəmiyyətə sahibdir.

Tədbir çərçivəsində Assosiasiya tərəfindən musiqili animasiya proqramı təşkil olunub, uşaqlar üçün müxtəlif əyləncəli fəaliyyətlər həyata keçirilib. İştirakçılara hədiyyələr, meyvə şirələri və təzə meyvələr təqdim edilib, eyni zamanda, Azərbaycan haqqında maarifləndirici bukletlər paylanılıb.

Sonda Taleh Qurbanov tədbirin unudulmaz və faydalı olacağına inandığını bildirib və təşkilatçılara təşəkkürünü ifadə edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Chosen
127
azertag.az

1Sources