Türkiyədə son 48 saat ərzində həddindən artıq istilər, quraqlıq və güclü
külək nəticəsində 9 böyük yanğın və 11 güclü yanğın baş verib. Ölkənin mərkəzi
Eskişehir vilayətində meşə yanğınları ilə mübarizə aparan ən azı 10 meşə işçisi
və xilasedici həlak olub. Bununla da bu il Türkiyədə meşə yanğınları nəticəsində
ölənlərin sayı 13-ə çatıb. Bu barədə "Anadolu" agentliyi məlumat
yayıb.
Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının sözlərinə görə, küləyin
istiqamətinin qəfil dəyişməsindən sonra 24-ə yaxın meşəçi və könüllü xilasedici
yanğın içərisində qalıblar. Nəticədə 5 meşə təsərrüfatı işçisi və AKUT xilasetmə
təşkilatının 5 könüllüsü həlak olub, daha 14 meşəçi xəstəxanaya yerləşdirilib.
Məlumat üçün bildirək ki, AKUT xilasetmə təşkilatı təbii fəlakətlər zamanı
insanların axtarışı və xilas edilməsi üzrə ixtisaslaşmış qeyri-hökumət xeyriyyə
birliyidir.
Seyitqazi rayonunda çərşənbə axşamı səhər saatlarında başlayan yanğın
qısa zamanda ətraf ərazilərə keçib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həlak
olanların ailələrinə başsağlığı verib.
Son günlər Türkiyə ərazisində havanın temperaturu 40 dərəcəni keçib və
hazırda Sakarya, Biləcik, Eskişehir, İzmir, Karabük və Manisa vilayətlərində
yanğınlar davam edir.
Yanğın bazar ertəsi Geyve və Hendek bölgələrində baş verib və Biləcikə
doğru yayılıb. Eskişehir və Karabük şəhərləri ərazisində daha iki yanğın tüğyan
edir.
Son məlumata görə, Sakarya vilayətində, Biləcik və Eskişehir şəhərləri ərazisində
meşə yanğınları söndürülür. Bu işə quru ekipajları, xüsusi təyyarələr və
helikopterlər cəlb olunub. Ümumilikdə 900-ə yaxın yanğınsöndürən və yerli
sakinlər bu işə qoşulub. Buna baxmayaraq, bəzi yerlərdə yanğın evlərə
yaxınlaşıb. Biləcik bölgəsində isə 4 kəndin sakinləri təxliyə edilib.
Xatırladaq ki, Türkiyədə iyun ayında baş vermiş silsilə meşə yanğınları zamanı
50 minə yaxın insan təxliyə olunub.
Türkiyədə silsilə meşə yanğınları ilə bağlı 20 nəfərdən çox şübhəli
saxlanılıb. Bu barədə "Turkish Minute" xəbər verib. Bildirilir ki,
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ölkədə iyul ayında baş vermiş meşə
yanğınları ilə bağlı 23 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan 4-ü həbsdə
qalıb, qalanları isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Nazirin sözlərinə
görə, iyulda baş vermiş 60-dan çox yanğının bir çoxu insanların səhlənkarlığı və
ya kənd təsərrüfatı texnikasının qığılcımları nəticəsində baş verib.
Kənd Təsərrüfatı və Meşə Nazirliyi əhalini quraqlıq və istilər şəraitində
yeni yanğınlara səbəb ola biləcək fəaliyyətlərdən çəkinməyə çağırıb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"