EN

Toyda zarafata üstündə döyülən sərxoş şəxs: “Spirtli içki içən kimi yaddaşım itir”

Oğuz Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Emil Dadaşovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 2000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə ötən il Oğuz şəhəri A.Əliyev küçəsində yerləşən “Nizami” şadlıq sarayının içərisində qeydə alınıb.

 

Belə ki, Emil Dadaşovun sözügedən şadlıq sarayının birinci mərtəbəsinin giriş hissədə tanışı, zərərçəkmiş Səxavət İmanovla (soyadı şərtidir) aralarında mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs onu sakitləşdirmək istəyən zərərçəkmiş şəxsin qardaşını nalayiq ifadələrlə təhqir edib və yaxasından vuraraq itələyib. Bundan sonra o, hərəkətlərinə davam etdirərək, Səxavəti həmin binanın birinci mərtəbəsində yerləşən ayaqyoluna aparıb, üzərinə hücum edib. Daha sonra Emil Səxavətin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə qəsdən bir neçə dəfə zərbə vurub.

 

Hadisədən sonra Emil Dadaşov saxlanılıb və onun barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Məhkəmədə Emil Dadaşov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, dava zarafat üstündə baş verib və sözləri çəpləşib.

 

Səxavət İmanov isə məhkəmədə ifadəsində qeyd edib ki, toy məclisində yeyib-içib sərxoş olub: “Həddindən artıq içkili olduğum üçün heç nə xatırlamıram. Ancaq səhəri gün ayılanda sifət, burun, yanaq, dodaq və sağ qol nahiyələrimdə xəsarətlərin olduğunu gördüm. Kiminsə döyüb-döyməməsi yadımda deyil. Mən ümumiyyətlə çox spirtli içki içən kimi yaddaşım itir. Sonra qardaşım Emil tərəfindən döyüldüyüm barədə məlumat verdi”.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 1 Avqust 2025, 09:07   
Chosen
18
pravda.az

1Sources