EN

Azərbaycanda dil siyasətinin tarixi və müasir inkişafı

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan dilinin dövlət dili kimi inkişafı və qorunması prosesləri dövlətçilik tariximizin ayrılmaz və mühüm tərkib hissəsini təşkil edir. Dövlət dili məsələsi milli dövlətçilik ideyasının əsas sütunlarından biridir və bu aspektdən Azərbaycan dövlətçiliyi milli tarixin ayrılmaz bir parçası kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Azərbaycanda dil siyasətinin tarixi və müasir inkişafı” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycanın tarixi coğrafiyası və dövlətçilik anlayışı bir-birindən ayrılmazdır və bu, dil siyasətinin də əsas istiqamətlərindən biridir. Dövlət dili milli kimliyin, mədəniyyətin, tarix və dövlətçilik ənənələrinin ifadəçisi olmaqla yanaşı, həm də müasir dövrdə dövlət idarəçiliyinin, təhsil və mədəniyyətin, eləcə də ictimai həyatın əsas funksional elementlərindən biridir.

Bu baxımdan, dil siyasəti yalnız dilin hüquqi statusunun müəyyən edilməsindən ibarət deyil, həm də onun sosial funksiyalarının artırılması, dilin saflığının və zənginliyinin qorunması, müasir texnologiyalar və qloballaşma şəraitində dilin inkişafı məsələlərini əhatə edir. Dil siyasətinin məqsədi milli dilin həm tarixi-mədəni irs kimi qorunması, həm də müasir həyatın bütün sahələrində, o cümlədən beynəlxalq platformalarda uğurla istifadə olunmasını təmin etməkdir. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, dövlətçilik və milli kimlik məsələləri ilə sıx bağlıdır və bu istiqamətdə atılan addımlar ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafı üçün əhəmiyyətlidir.

Azərbaycan dili ilk dəfə Səfəvilər dövründə (1501-1736) rəsmi dövlət dili statusu qazanıb, saray və orduda hakim dil olub. Dövlət idarələrində fərmanlar azərbaycanlılara Azərbaycan, farslara fars dilində göndərilirdi. Mədrəsələrdə isə ərəb, fars və Azərbaycan dillərində təhsil verilirdi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan edərək xalqın və dilinin adını bərpa etdi. Həmin il iyunun 27-də Nazirlər Şurası “Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökumət müəssisələrində rus dilinin istifadəsinə icazə verilməsi” barədə qərar qəbul etdi ki, bu da ölkədə dövlət dili haqqında ilk rəsmi sənəd sayılır.

1978-ci ildə isə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması maddəsi daxil edildi, lakin onun geniş tətbiqi çətinliklərlə üzləşdi. 1989-cu ildə Azərbaycan KP MK dövlət dilinin daha fəal işlədilməsi üçün qərar qəbul etdi, lakin siyasi gərginliklər səbəbindən icrası mümkün olmadı.

1992-ci ildə müstəqil Azərbaycan Respublikasında dövlət dili haqqında qanun qəbul edildi. 1995-ci ilin referendumunda qəbul edilən yeni Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili statusu təsbit edildi.

Bu tarixlər Azərbaycan dilinin dövlət dili kimi hüquqi və siyasi mövqeyinin formalaşmasında mühüm mərhələləri göstərir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi tətbiqində mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdı. Bu sənəd milli dilin dövlət idarəçiliyində, təhsil sistemində və digər ictimai sahələrdə daha effektiv tətbiqini təmin etmək üçün hüquqi və təşkilati əsasların möhkəmləndirilməsinə yönəlmişdi.

Azərbaycan dili dövlətçilik tariximizin, milli kimliyimizin və mədəni irsimizin təməl sütunlarından biridir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinə hər zaman böyük önəm vermiş, onun qorunması, inkişafı və dövlət dili kimi funksional imkanlarının genişləndirilməsi istiqamətində sistemli və məqsədyönlü siyasət həyata keçirmişdir. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi məhz onun uzaqgörən və prinsipial mövqeyinin nəticəsi idi. Müstəqillik dövründə isə bu siyasət daha da dərinləşdirilib, dilin hüquqi statusu və ictimai nüfuzu yüksəldilib.

Beləliklə, Azərbaycan dilinin dövlət dili kimi qorunması, inkişaf etdirilməsi və ictimai-siyasi məkanlarda strateji mövqeyinin möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən müasir dövlətçilik siyasətinin bariz nümunəsidir. Bu siyasət nəticəsində Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin, dövlət müstəqilliyinin və mədəni yaddaşın canlı daşıyıcısı və qoruyucusu kimi çıxış edir.

Dil siyasəti ilə bağlı həyata keçirilən işlərin davamı olaraq Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” (2004-cü il 12 yanvar), “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” (2004-cü il 27 dekabr), “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” (2007-ci il 24 avqust), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” (2012-ci il 23 may), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” (2013-cü il 9 aprel), “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” (2018-ci il 17 iyul) sərəncamları və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı bu sahədə həyata keçirilən mühüm sənədlərdəndir.

Azərbaycan dili ilə bağlı qəbul edilən bütün qərarlar dövlətimizin ana dilinə verdiyi strateji dəyərin, həmçinin dil siyasətinin ardıcıl, məqsədyönlü və sistemli şəkildə həyata keçirilməsinin göstəricisidir. Dövlət səviyyəsində aparılan bu işlər Azərbaycan dilinin müasir çağırışlara uyğun şəkildə yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm zəmin yaradıb.

Chosen
96
1
azertag.az

2Sources