EN

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

2025\2026-cı tədris ili üçün tələbə qəbulu həyata keçirən peşə təhsili müəssisələrinin siyahısına biri də əlavə edilib. İyulun 22-dən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusu üzrə tələbə qəbuluna start verilib. 

Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov TƏHSİL.BİZ -ə açıqlamasında bildirib ki, növbəti tədris ili üçün Qobustan peşə təhsili müəssisəsinə ilk dəfə tələbə qəbulu həyata keçirilir. Bu il müəssisəyə 100 nəfər tələbənin qəbulu planlaşdırılıb: “İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusu kimi fəaliyyətə başlayacaq müəssisədə sənaye, kənd təsərrüfatı və informasiya texnologiyaları istiqamətləri üzrə 5 ixtisas: “Bitkiçilik mütəxəssisi” (XI sinif attestatı ilə), “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər” (IX sinif attestatı ilə), “Kompüterlərin təmiri üzrə texnik” (XI sinif attestatı ilə), “Dərzi” (IX sinif attestatı ilə), “Baytar texniki” (XI sinif attestatı ilə) üzrə tələbə qəbulu həyata keçirilir”.

Direktorun sözlərinə görə, müəssisədə dövlət vəsaiti hesabına 1 və 2 illik qruplarda texniki peşə təhsilinin verilməsi nəzərdə tutulub: “Dövlət Məşğulluq Agentliyi, Qobustan Rayon İcra Hakimiyyəti, icra nümayəndəlikləri, bələdiyyə sədrləri ilə, həmçinin regiondakı işəgötürən müəssisələrin nümayəndələri ilə kadr ehtiyacları barədə il ərzində bir neçə dəfə müzakirələr aparılıb. Bu müzakirələrdən sonra 5 ixtisasın açılması ilə bağlı sifariş vermişik”.

Peşə təhsili müəssisəsinin yerləşdiyi ərazi də region üçün uğurla seçilib: “Bu çox önəmli məqamdır ki, peşə təhsili müəssisəsi Qobustanın tam mərkəzində, əlçatan yerdə, “Azərxalça” ASC-nin keçmiş Qobustan filialının binasında fəaliyyətə başlayacaq. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusu Dağlıq Şirvan iqtisadi rayonunda Şamaxı və İsmayıllıdakı peşə təhsili müəssisələrindən sonra üçüncü peşə təhsili müəssisəsidir. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin tabeçiliyində fəaliyyət göstərəcək. Korpus rəhbəri, tədris və təlim işləri, inzibati və təsərrüfat işləri üzrə koordinator ştatları, bir psixoloq olacaq”.

İşə götürən müəssisələrlə qarşılıqlı əməkdaşlıqların da artıq bünövrəsi qoyulduğunu vurğulayan C.Bağırov əlavə edib ki, Qobustan korpusu da digər peşə təhsili müəssisələrinin üstünlüklərinə sahibdir: “Müəssisənin  müasir kampusu var. Təhsilalanlar tələbə təqaüdü alacaqlar. Bütün ixtisaslar üzrə işəgötürən müəssisələrə təlim-təcrübə səfərləri təşkil ediləcək. Təhsilalanlarımız fəal tələbə həyatı yaşayacaq, beynəlxalq və regional layihələrdə iştirak imkanı əldə edəcəklər. Müəssisənin hazırda tədris korpusu və emalatxanası var. İnfrastrukturda sonradan ehtiyaca görə islahatlar aparılacaq”.

Cəlil Bağırovun sözlərinə görə, iyulun 25, 28, 29, 30, 31-də İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan işçi qrup əhaliyə yerində müraciət və qeydiyyat zamanı dəstək məqsədilə Qobustan Gənclər Evində fəaliyyət göstərib: “Həmin günlərdə Qobustan əhalisi ixtisas seçimində işçi qrupun dəstəyindən faydalanıb, peşə təhsilində bu və başqa fürsətlərlə bağlı ətraflı məlumat əldə ediblər”.

Chosen
20
tehsil.biz

1Sources