EN

Azərbaycanlı hüquq tədqiqatçıları “rəqəmsal xidmətlərə çıxış” adlı yeni insan hüququ təklif edirlər

Azərbaycanlı hüquq tədqiqatçıları – Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin  “Danish Scientific Journal”da “Rəqəmsal xidmətlərə çıxış hüququ – yeni insan hüququ kimi” adlı məqaləsi dərc etdilib. Məqalədə rəqəmsal xidmətlərə çıxış hüququnun ayrıca bir insan hüququ kimi tanınması təklif edilri. Müəlliflərin fikrincə, hazırda süni intellekt, e-hökumət sistemləri və bir sıra digər texnoloji yeniliklərin insan həyatına təsiri o qədər yüksəkdir ki, onlardan istifadə təmin edilmədən fundamental insan hüquqlarının effektiv həyata keçirilməsi mümkün deyil. Bu baxımdan, müvafiq texnoloji yeniliklərdən istifadəni təmin edən rəqəmsal xidmətlərə çıxış imkanı universal dəyərə malik olmaqla, insan hüquqlarının tərkib hissəsinə çevrilməkdədir. Bu isə öz növbəsində həmin xidmətlərə çıxış hüququnun yalnız şəxsin vətəndaşı olduğu dövlətin sərhədləri içində deyil, istənilən ölkənin ərazisindən təmin edilməsini zəruri edir.

Bu ideya hazırda beynəlxalq müstəvidə də aktualdır. Birləşmiş Millətlər Təşkilatı dövlətləri texnologiyanın imkanlarından istifadə edərək zəruri dövlət xidmətlərini insanlara daha əlçatan etməyə çağırır. Avropa İttifaqı isə artıq “Rəqəmsal Şəxsiyyət Cüzdanı” (Digital Identity Wallet) və “Rəqəmsal Xidmətlər Aktı” (Digital Services Act) kimi hüquqi çərçivələrlə bu prosesə dəstək verir. Qeyd edilən hüquqi çərçivələr vasitəsilə vətəndaşlar və rezidentlər Avropa İttifaqının ərazisində onlayn şəkildə həm dövlət, həm də özəl sektorun göstərdiyi rəqəmsal xidmətlərə çıxış əldə edə bilirlər.

Müəlliflər ekstraterritoriallıq prinsipini dərindən təhlil edərək, daha bir cəsarətli təşəbbüs: Texnoloji-hüquqi stansiya (THS) adlı rəqəmsal platformaların yaradılması təklifini irəli sürürlər. Bu stansiyalar xarici ölkələrdə və ya internet üzərindən fəaliyyət göstərərək, vətəndaşların sanki öz ölkələrinin içindəymiş kimi dövlət xidmətlərinə çıxışlarını təmin edə bilər. THS-lər fiziki kabin və ya tam onlayn sistem kimi təşkil oluna bilər. Burada istifadəçi öz şəxsiyyətini rəqəmsal olaraq təsdiqləyir, ödəniş edir, sənədləri təqdim edir və rəsmiləşdirmə prosesini tamamlayır. Məsələn, bu, Almaniyada yaşayan Azərbaycan vətəndaşına öz ölkəsinə fiziki olaraq getmədən Azərbaycan Respublikasının rəqəmsal xidmətlərinə çıxış əldə etməsinə imkan yarada bilər.

Bütün bu imkanlar fonunda şəxsi məlumatların qorunmasının əhəmiyyətliliyi məsələsi ön plana çıxır. Avropa Şurasının “Süni intellekt və insan hüquqları, demokratiya və hüququn aliliyi haqqında” 5 sentyabr 2024-cü il tarixli Çərçivə Konvensiyası bu texnologiyaların hüquqi və etik çərçivədə işləməsini tələb edir. 

Bununla yanaşı, adıçəkilən məqalədə ayrı-seçkiliyin qadağan edilməsi dairəsinin genişləndirilməsinin vacibliyi də vurğulanır. Həmmüəlliflər təklif edirlər ki, artıq şəxsin “yaşayış yeri”nə (məsələn, xaricdə yaşadığına) görə onun hüquqlarının məhdudlaşdırılması da ayrı-seçkiliyin ayrıca əsası kimi tanınsın. Yəni, bir insan yalnız xaricdə yaşadığı üçün sosial xidmətlərdən və əlaqəli hüquqlardan məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də son qərarlarında texnologiyanın inkişaf etdiyi şəraitdə bu cür “texniki məhdudiyyətləri” əsaslı saymır (Pichkur v Ukraine, ərizə 10441/06).

Bütün bu yanaşmalar onu göstərir ki, yeni dövrün çağırışları insan hüquqlarının həyata keçirilməsi imkanının coğrafiyaya bağlı olmamasını tələb edir. Müəlliflər bunun həyata keçirilməsi üçün bir sıra addımların atılmasını təklif edirlər:

·  “Rəqəmsal xidmətlərə çıxış” hüququ qanunvericilikdə ayrıca bir insan hüququ kimi tanınmalıdır;

·  “Yaşayış yeri” ayrı-seçkiliyin qadağan edilməsi dairəsinə əlavə olunmalıdır;

·  Texnologiya və süni intellekt vasitəsilə xarici ölkənin ərazisindən şəxsiyyətin təsdiqlənməsi, habelə dövlətin rəqəmsal xidmətlərinə müraciət və sənədlərin təqdim edilməsi imkanı qanunla təmin olunmalıdır;

·  Dövlətlər arasında bu xidmətlərin qarşılıqlı tanınması üçün beynəlxalq hüquqi əməkdaşlıq mexanizmləri yaradılmalıdır.

Nəticə olaraq, rəqəmsal xidmətlərə çıxış hüququ yalnız texnoloji məsələ deyil – bu, müasir dünyanın tələb etdiyi ədalətli, bərabər və inklüziv hüquqi yanaşmadır. Dövlətlər bu hüququ tanımaq və reallaşdırmaq üçün müvafiq qanunvericilik, texnologiya və beynəlxalq əməkdaşlıq mühiti yaratmalıdırlar. 

Ölkəmizin rəqəmsallaşma sahəsində əldə etdiyi nailiyyətlər, həmçinin ASAN xidmət, DOST xidməti və digər vətəndaş yönümlü təşəbbüslərin məntiqi davamı olaraq “rəqəmsal xidmətlərə çıxış” hüququnun ayrıca insan hüququ kimi tanınmasını təklif edən hüquq tədqiqatçılarımızın bu sahədə apardıqları araşdırma və verdikləri təkliflər gələcəkdə yeni – mühüm əhəmiyyət kəsb edən bir sistemin bünövrəsini qoymuş ola bilər. 

Qabil YUSİFOĞLU
XQ  

 

Chosen
6
4
xalqqazeti.az

5Sources