Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycanlı hüquq tədqiqatçıları Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə xaricdə nəşr edilən “Danish Scientific Journal”da “Rəqəmsal xidmətlərə çıxış hüququ – yeni insan hüququ kimi” məqaləsi ilə çıxış ediblər.
Yazıda rəqəmsal xidmətlərə çıxışın ayrıca bir insan hüququ kimi tanınması təklif edilir. Müəlliflərin fikrincə, hazırda süni intellekt, e-hökumət sistemləri və bir sıra digər texnoloji yeniliklərin insan həyatına təsiri o qədər yüksəkdir ki, onlardan istifadə təmin edilmədən fundamental insan hüquqlarının səmərəli həyata keçirilməsi mümkün deyil. Bu baxımdan, müvafiq texnoloji yeniliklərdən istifadəni təmin edən rəqəmsal xidmətlərə çıxış imkanı universal dəyər daşımaqla, insan hüquqlarının tərkib hissəsinə çevrilir. Bu isə öz növbəsində həmin xidmətlərə çıxış hüququnun yalnız şəxsin vətəndaşı olduğu dövlətdə deyil, istənilən ölkədə təmin edilməsini zəruriləşdirir.
Bu ideya hazırda beynəlxalq müstəvidə də aktualdır. Birləşmiş Millətlər Təşkilatı dövlətləri texnologiyanın imkanlarından istifadə edərək zəruri dövlət xidmətlərini insanlara daha əlçatan etməyə çağırır. Avropa İttifaqı isə artıq “Rəqəmsal şəxsiyyət cüzdanı” və “Rəqəmsal xidmətlər aktı” kimi hüquqi çərçivələrlə bu prosesə dəstək verir. Qeyd edilən hüquqi çərçivələr vasitəsilə vətəndaşlar və rezidentlər Avropa İttifaqının ərazisində onlayn şəkildə həm dövlət, həm də özəl sektorun göstərdiyi rəqəmsal xidmətlərə çıxış əldə edə bilirlər.
Müəlliflər ekstraterritoriallıq prinsipini dərindən təhlil edərək, daha bir cəsarətli təşəbbüs – Texnoloji-hüquqi stansiya (THS) adlı rəqəmsal platformaların yaradılması təklifini irəli sürürlər. Bu stansiyalar xarici ölkələrdə və ya internet üzərindən fəaliyyət göstərərək, vətəndaşların, sanki, öz ölkələrinin içində imiş kimi, dövlət xidmətlərinə çıxışlarını təmin edə bilər. THS-lər fiziki kabin və ya tam onlayn sistem kimi təşkil oluna bilər. Burada istifadəçi öz şəxsiyyətini rəqəmsal olaraq təsdiqləyir, ödəniş edir, sənədləri təqdim edir və rəsmiləşdirmə prosesini tamamlayır.
Ölkəmizin rəqəmsallaşma sahəsində əldə etdiyi nailiyyətlər, həmçinin ASAN xidmət, DOST xidməti və digər vətəndaş yönümlü təşəbbüslərin məntiqi davamı olaraq “rəqəmsal xidmətlərə çıxış”ın ayrıca insan hüququ kimi tanınmasını təklif edən hüquq tədqiqatçılarımızın bu sahədə apardıqları araşdırma və verdikləri təkliflər gələcəkdə yeni – mühüm əhəmiyyət kəsb edən bir sistemin bünövrəsini qoya bilər.
Qabil YUSİFOĞLUXQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.