EN

Bir həyat hekayəti Əli­səf­dər Hüseynov yazır

ain.az bildirir, 525.az portalına istinadən.

Əlisəfdər HÜSEYNOV

(Əvvəli ötən cümə sayımızda)

Gəlin bilirdi ki, ayaqlarını iflic vurmuş, gözlərinin hər ikisinə mirvari suyu gəlmiş və bunlar da azmış kimi, üstəlik, ağlını da itirmiş qayınanası ömrünün qurub çağını yaşayır. Allah-Təala artıq tamam sönməkdə olan bu xəstə şüurun, həyat əlamətləri ölmüş, hərəkətsiz bədəni həmişəlik tərk etməyə hazırlaşan canın şıltaqlığı ilə onu - 42 yaşlı gəlini sınağa, imtahana çəkir və o da bu imtahandan Allahın buyurduğu kimi dözümlə, üzüağ çıxmalıdır. Burası ona gün kimi aydın idi, amma gəlin açıq-aydın görürdü ki, ağlının dərk etdiyini ürəyi o qədər də yaxına buraxmır, qəlbinin dərinliklərində baş qaldıran anlaşılmaz duyğular onu əməlli-başlı sıxır. İş heç də 75 illik ömürdən sonra bu dünya ilə üzləşməyin əzablarını yaşayan qayınanasının əsəblərə işləyən sayıqlamalarında (guya bu evdə gəlinin qurğusu ilə onu öldürəcək, öz əcəli ilə ölməyə qoymayacaqdılar. Buna görə də qıyya çəkib camaatı köməyə çağırırdı), yaxud gündə 2 dəfə onun altını təmizləməyin, həftədə bir dəfə vannaya salıb çimizdirməyin çətinliyində deyildi. Hərçənd axır vaxtlar bu çətinliyi az da olsa hiss edirdi. Bu sayıqlamaların da ilk vaxtlar yaxın qohum-qonşu arasında saldığı pıçhapıç artıq sovuşub getmişdi, gəlin daha əvvəlki kimi izahat vermək, məsələnin mahiyyətini qandırmaq əzablarından qurtarmışdı. Gəlin onu da bilirdi ki, qayınanasının qarabasmaları, sayıqlamaları müvəqqətidir, bir azdan sakitləşəcək və həmişə olduğu kimi, ondan mütləq bir fincan çay istəyəcək (tərs kimi hazır çay da yoxdur).

- Bismillahir-rəhmanir-rəhim, qul huvəllahu əhəd, Allahus-Səməd...

Ata-anası dəfələrlə demişdi ki, zöhr namazını yavaşdan qılmaq lazımdır. Amma gədənin başına batmırdı ki, batmırdı.

Gəlin qayınanasının canının sulu vaxtlarında yox, məhz indi - ağırlaşandan, xəstələnəndən, gözlərinin işığını itirəndən sonra kimlərinsə, o cümlədən də özünün həyatında bu qədər mühüm rol oynayacağını ağlına gətirməmişdi və yəqin qarının ağlı indi özündə olsaydı, onun xəstə canına son yiyəlik eləmək üstündə gəlinləri, qızı ilə kiçik gəlinini, habelə böyük oğlu ilə kiçik oğlu arasında dartışmaların, didişmələrin gərginliyinə dözməz, ürəyi partlayardı. Amma arvadın yaddaşı itmişdi, ağlı qaçmışdı və bəlkə də onun 75 illik həyatında yaşadığı ən böyük xoşbəxtlik də elə bunda idi.

Böyük oğlu rayon mərkəzində yaşayırdı. 15 il əvvəl bu həyətdən incik çıxmışdı. İki ay arvadı və balaca oğlu ilə kirayədə yaşadı, sonra işlədiyi idarədən ev aldı. Əvvəllər ildə 3-4 dəfə kəndə dönər, yolunu ata ocağına salardı - ata-anasına, qardaşına baş çəkməyə yox, öz halal payı bildiyi meyvə ağaclarının barını yığıb aparmağa. Yayda gəlib gilas, albalı, üzüm yığırdı, payızda nar, heyva, qoz payını aparırdı. Sonra maşın aldı, ayağı kənddən yavaş-yavaş çəkildi. Qazancı, dolanışığı pis deyildi, oğlunu musiqi məktəbinə qoymuşdu, arvadı  müəllimə idi və həmin bu arvad qohumlardan kiminsə məclisində demişdi ki, o ağıldan qürək (yəni kiçik gəlin) elə bilir ki, sağsağan uçdu, yuvası düşdü... Elə bilir ki, o həyət-bacanın, o ev-eşiyin hamısı qaldı ona, o da əfəl, arvadağız əri ilə xoş gün sürəcək. Ay sən öləsən! Mənə də cırtqoz Məliyin qızı Şəfiqə deyərlər”.

Təbii ki, bu sözlərin üstünə beşini də qoyub çatdırdılar balaca gəlinə. Bu da əllərini Ərəb Zəngi kimi belinə qoyub cavabını elə həmin dəqiqə verdi: “Gedin o dalı ayaqlarında olana (böyük gəlinin ayaqları boyuna görə doğrudan da gödək idi) deyin ki, it ham-hamnan hürəndə, karvan toy-bayramnan, zınqırovlarını çala-çala keçər. Qoy əlindən gələni beş  qaba çəksin. O, Cırtqoz Məliyin qızıdırsa, mən də “devit be” Həsənin qızıyam. Görək kim kimin başını yeyəcək”.

Beləcə, həftə səkkiz-mən doqquz atışır, bir-birlərini zəhərləyirdilər. Gücləri hələlik bundan artığına çatmırdı, çünki arada Qurban kişi vardı və kiçik gəlin qayınatasının - oruc tutub namaz qılan bu ağır kişinin hörmətini saxlayırdı. Qurban kişi olmasaydı, şübhəsiz ki, bu qiyabi təhqirlərə dözməz, heç ərində də deməmiş - əri bilsəydi qoymazdı - gedib o dalısallağın atasını dalında şələyərdi. Hələlik isə ürəklərini bir-birlərinin boştanına daş atmaqla soyudururlar. Bu “daşatma” oyunu Qurban kişi dünyasını dəyişənə qədər davam elədi.

Kişinin ölümü çox gözlənilməz oldu. Təxminən bir il əvvəl indiki kimi isti yay günlərinin birində, daha doğrusu, iyunun 15-də - gəlin bu tarixi yaxşı yadında saxlamışdı - kişi bircə dəqiqənin içində canlı tapşırdı. Günortadan keçmişdi, Qurban kişi harasa cayızlanırdı. Paltarlarını dəyişdi, quzu dərisindən tikdirdiyi papağını qoydu, kəhraba muncuqlu təsbehini götürdü və pilləkənin yuxarı başında oturub ayaqqabılarını geyinəndə qəfildən üzü istə yıxıldı. Eyvanın aşağı tərəfində oturub yun çırpan gəlin yerindən qalxdı, daha eyvan boyu qaçmadı, iki sıçrayışla həyətə tullanıb kişinin başının üstünü aldı. Qurban kişinin yıxılmağı, deyəsən, o yıxılmaqdan deyildi: gözləri axır, ağzından köpük gəlirdi. Hər işdə həmişə diribaş tərpənən gəlin - Qurban kişi elə buna görə onu çox istəyirdi - bu dəfə özünü itirdi, bir də “vay” deyib  üzünü həyətin aşağı tərəfinə tutdu: “Ə, tez elə, kişi gedir, deyəsən” - qışqırdı və   bu qeyri-müəyyən çağırışa dirrikdə qurdalanan əri təbii ki, yalnız belə cavab verə bilərdi:

- Hara gedir, az?

- Ə, tez elə!

Bu dəfə gəlin açıq-aşkar bir təlaşla elə qiyya vurdu ki, əri əlindəki beli atıb bir göz qırpımında özünü çatdırdı.  Köməkləşib kişini qaldırdılar, oğlu atasını qucağına alıb eyvana qalxdı, evə girib çarpayının üstünə uzatdı. Ər-arvad özlərini itirmişdilər, bilmirdilər nə eləsinlər, nədən başlasınlar və Qurban kişinin qarışı olmasaydı, çox güman, elə beləcə döyükə-döyükə qalacaqdılar.

Qarı əyilib diqqətlə qocanın üzünə, qarası gedib gələn gözlərinə, açılıb-yumulan ağzına baxdı və dirək kimi hərəkətsiz dayanan oğluna tərəf çevrildi:

- Kişi keçinir, tez eləyin - dedi.

Arvadın səsində oğluna da, gəlininə də tanış olan bir buyuruq sadəliyi vardı: elə bir gəlini bir stəkan çay dalınca göndərirdi, yaxud neçə il əvvəllər olduğu kimi, özünü yeyib dağıdan uşağın yürüyünü yelləməyə tələsdirirdi. Həmin iki kəlmənin deyiliş tərzindəki soyuqluq, sirli vurğu o vaxt gəlinin içində soyuq bir gizilti yaratmışdı. Amma yaddaşına əbədi həkk olunan bu vaqeə barəsində sonralar nisbətən soyuq başla fikirləşəndə gəldiyi nəticə bu olmuşdu ki, bu qədər dərindən təəccüblənməyə dəyməzmiş,  qayınanası Allahın qələmi ilə yazılmış o hökmün icrasına belə təlaşsız, sakit münasibətdə tamamilə haqlı imiş, çünki öz kişisi ilə bir yastığa baş qoyduğu gündən üzü bu yana yaşadığı ömrün ötən hər günü, hər dəqiqəsi qayınanasını əbədi ayrılığın, Allahın yazdığı labüd olacağın bu cür təlaşsız məqamına yavaş-yavaş yaxınlaşdırmışdı və Allah-Təala da Əzraylı birinci Qurban kişini yox, onun üstünə göndərmiş olsaydı, çox güman ki, Qurban kişi də eynən bu cür hərəkət edərdi, belə sakit, təlaşsız danışardı, Allahın hökmünün icrasının ləyaqətli yardımçısı olardı. Amma bütün bunları gəlin sonralar fikirləşmişdi, o vaxt isə o da əri kimi çaşıb qalmışdı, ağzını açıb qayınatasının üzünə baxırdı və bir də o vaxt ayıldı ki, arvad kişinin çənəsini bağlamaq üçün yaylıq axtarır.

Qurban kişi əməl-saleh, mömin adam idi və gərək bu dünyadan da əməl-saleh adamların layiq olduqları ehtiramla, urvatla köçəydi, yəni yaxınlarına, doğmalarına halallıq verəydi, vəsiyyətini edəydi və başı üstündə oxunan Yasin sədaları altında canını tapşıraydı. Amma yaşadığı 78 illik ömrün ən böyük, ən amansız haqsızlığı da onu məhz bu dünya ilə əbədi aydınlıq məqamında haqladı - nə Yasini oxundu, nə vəsiyyətini elədi, nə də halallıq verdi. Əlbəttə, Yasini oğlu, lap elə gəlinin özü də oxuya bilərdi, Lakin ikicə kəlmə “halal edirəm”in bəxş edəcəyi əbədi rahatlıq o qədər vacib idi ki, köməkləşib Qurban kişinin üzünü qibləyə çevirəndən sonra oğlu sağ, gəlini də sol tərəfdən çarpayının yanına çökdü, hərəsi kişinin bir əlini qamarladı və yalvarışlı səslər bir-birinə çalandı: “Dədə, 44 ildir ocağının başındayam, çörəyini yeyirəm, halal elə mənə”, “Baba -  gəlin qayınatasına “baba” deyirdi - qurban olum, halallıq ver, halallıq ver də, baba.

O dəm dünyanın ən böyük haqsızlıqlarından biri də o idi ki, 53 il sərasər bu kişinin çörəyini yemiş qarı öz qocasına yaxınlaşıb həmin o çörəyin halallığını almağa macal tapa bilmirdi. Arvad gəlinin də, oğlunun də yadından çıxmışdı. Hərçənd bütün bu həngamənin yataqda hərəkətsiz uzanmış, boğazından xırıltıya bənzər səslər çıxan qocaya heç bir dəxli yox idi.  Qoca nəinki halallıq vermək, heç danışmaq hayında deyildi, onda qalmışdı bu işə ədalətlə yanaşıb  vəfalı ömür-gün yoldaşını qabağa sala. Qoca keçinirdi.

 “Ölüm haqdır, ruhun bayramıdır” - gəlin bunu kimdən eşitmişdi, harda oxumuşdu, yadında deyildi. Qurban kişinin öz bayramına hazırlaşan ruhu da 78 il qərar tutduğu məkanı tərk edərkən bu dünyada son şıltaqlığını elədi,  gəlinin də, oğlunun da ürəyinə bir baxman dərd yükləyib getdi. Yox,  bu, verilməyən halallığın təəssüfü,  ağrısı deyildi, qocanın boğazından zorla çıxan qırıq-qırıq  kəlmələrin mübhəmliyindən, gəlinin qənaətinə görə, edilməli olan vəsiyyətin deyilmalı olan son sözün qocanın ruhu ilə əbədi sükuta qovuşmasından doğan göynərti idi.

Qoca onun Yasinini unudan, bayramına hazırlaşan ruhunu son umacağından məhrum edən əzizlərindən hayıf alırmış kimi bütün qüvvəsini toplayıb həmin o üç kəlmə sözü zorla pıçıldadı: “Bir küp... qızıl...” Xırıltı içində zorla eşidilən o üç kəlmə qocanın bədənini sonuncu udum hava ilə bir yerdə tərk elədi. Sonra nə oldu? “Qurban olum, ay baba, bizi  qoyub hara getdin? Ooooy... Vaaay”; “İt kimi ulama, az”. Sonra yüz illərdən bəri əməl olunan qaydalar, rituallar - bacı-qardaşa, qohum-qonşuya göndərilən xəbər, yas mağarı, ağlaşma səsləri və s.

Həyat başdan-başa qəribəliklərlə doludur. Yas məclisinin ən böhranlı, ən təlaşlı, ən qaçhaqov anlarında belə heç zaman üzünü görmədiyi küpün cizgiləri, ölçüləri, üstündəki naxışlar və içində saralan qızıllar gəlinin gözlərinin qabağından çəkilmirdi. Elə bil o qızılları küpə özü yığmışdı və halalca malı idi, itirmişdi, indi də xiffətini çəkirdi.  Həmin küpün mövcudluğundan gəlin xeyli əvvəl - hələ bu həyətə təzə qədəm başdığı vaxtdan xəbər tutmuşdu, özü də bir başqasının yox, qayınatasının öz dilindən. Bir axşam həmişəki yerində mütəkkəsinə dirsəklənib təsbehinin kəhrəba muncuqlarını şaqqıldada-şaqqıldada insanın könlünün toxluğunun vacibliyindən, mal-sərvət hərisyinin insanı bədbəxt etməsindən, yaman günə qoymasından, sərvətini kasıb-kusuba paylayanların cənnətdə əbədi yer qazanacağından danışan  Qurban kişi necə oldusa söhbəti hərləyib-fırlayıb həmin o küpün üstünə gətirdi.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
525.az

1Sources