EN

"Azərbaycan-Ukrayna arasında olan münasibətləri bu şəkildə açıqlamalarla pozmaq olmaz"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hazırda Rusiya ilə Azərbaycan arasında mövcud olan ziddiyyətlərdən istifadə edərək milli zəmində nifrət və düşmənçilik yaratmağa çalışır.

Redaktor.az-a danışan "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, Rusiyanın hər cür kəşfiyyat fəaliyyəti var.

" Bundan sonra da ola bilər və olacaq. Bu, olmayacaq deyə bir məsələ yoxdur. Yəni bundan sığortalanma yoxdur. Terror, təxribat cəhdləri bunlar da hamısı ola bilər. Amma Ukrayna tərəfi məxsusi olaraq planlaşdırsın ki, bunu Rusiyanın, keçmiş Rusiya vətəndaşının adından eləsin və yaxud Rusiyanın Azərbaycana qarşı elədiyi kimi bir görüntü yaratsın düşünürəm ciddi məsələ deyil".

Politoloq bildirdi ki, bu, Rusiyanın Ukrayna ilə Azərbaycan arasındakı münasibətləri soyutmaq, gərginləşdirmək cəhdidir.

"Çünki Rusiya tərəfi görür ki, Azərbaycan Ukrayna ilə münasibətləri yaxşıdır, qaydasındadır. Bu da təbii ki, Rusiya tərəfini bir o qədər də razı salmır. Qısqanclıqla da yanaşırlar. Belə bir açıqlamalar verirlər ki, tərəflər arasında soyuqluq və narazıçılıq yaransın. Rusiya tərəfi də bu məsələdə istəyinə çata bilməyəcəkdir. Azərbaycan-Ukrayna arasında olan münasibətləri bu şəkildə açıqlamalarla pozmaq olmaz", - deyə Mübariz Göyüşlü bildirdi.

Aytəkin TOFİQQIZI

Chosen
27
1
redaktor.az

2Sources