EN

"Rusiyanın ABŞ və müttəfiqləri qarşısında müqavimət göstərməsi mümkünsüzdür" - ABŞ Dövlət katibi

"ABŞ və Rusiya arasında pərdəarxası danışıqlar gedir..."

ABŞ Dövlət katibi Marko Rubio bu həftə Rusiya ilə Ukrayna müharibəsinə dair gizli danışıqların aparıldığını təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb.

Dövlət katibinin sözlərinə görə, bu görüşlər ABŞ-ın təşəbbüsü ilə baş tutub və məqsəd münaqişəyə dinc həll yolu tapmaq olub. Lakin Vaşinqton bu cəhdlərin nəticə vermədiyini və Rusiya tərəfinin sülhə real maraq göstərmədiyini hesab edir.

Rubio bildirib ki, prezident Donald Tramp bu gedişatdan dərin narahatlıq keçirir. "Tramp çox yaxşı telefon danışıqları aparır, hər kəs razılaşır ki, bu müharibə dayandırılmalıdır. Amma sonra o, xəbərləri açır və daha bir şəhərin bombalandığını görür. Və bu şəhərlər bəzən cəbhədən uzaqda yerləşir", - Rubio vurğulayıb.

ABŞ-ın təzyiq vasitələri masadadır

Dövlət katibinin sözlərinə görə, əgər Rusiya yaxın günlərdə konstruktiv addım atmasa, ABŞ daha sərt tədbirlərə əl atmağa hazırdır. Tramp artıq Rusiyaya 50 günlük ultimatum qoymuşdu, lakin vəziyyət dəyişmədiyindən bu müddət avqustun 8-dək qədər azaldılıb. Bu, ABŞ-ın sülh təşəbbüsünə göstərdiyi son səbr əlamətidir.

Rubio əlavə edib ki, Trampın əlində Rusiyaya qarşı bir neçə ciddi təzyiq aləti var. Bunlara Rusiya neftini alan ölkələrə qarşı ikincili sanksiyalar, eləcə də sektor və bank sisteminə yönəlmiş sərt iqtisadi məhdudiyyətlər daxildir. "Biz çalışırıq ki, bu addımlardan qaçaq və savaşsız həll yolunu tapaq. Amma əgər Rusiya tərəfi iradə göstərməzsə, prezident gözləmək niyyətində deyil", - o, xəbərdarlıq edib.

Medvedevin nüvə təhdidləri və ABŞ-ın cavabı

Bu arada Rusiyanın sabiq  prezidenti Dmitri Medvedevin ABŞ-a qarşı nüvə təhdidləri Vaşinqtonda rəsmi olaraq ciddiyə alınmasa da, diqqətdən də kənarda qalmır. Rubio Medvedevin Kremlin rəsmi mövqeyini təmsil etmədiyini, lakin bu cür açıqlamaların informasiya təxribatı olduğunu bildirib. "Medvedev real qərarverici şəxs deyil. Amma rəsmi vəzifədə olduğu üçün onun sözləri ictimai rəy üçün təhlükə yaradır", - Rubio qeyd edib.

ABŞ tərəfi hesab edir ki, Rusiya ilə birbaşa müharibə ehtimalı praktiki olaraq real deyil. Nüvə qüvvələri arasında belə bir qarşıdurmanın bəşəriyyət üçün dağıdıcı nəticələr doğuracağı qeyd olunur. Hətta konvensional, yəni nüvəsiz müharibə ssenarisində belə Rusiyanın ABŞ və onun müttəfiqləri qarşısında müqavimət göstərməsi mümkünsüz sayılır.

"Medvedev sözlərinə diqqət etsin!"

Dmitri Medvedevin açıqlamaları artıq ABŞ siyasətçilərinin birbaşa reaksiyasına səbəb olub. Trampa yaxın senator Lindsi Qrem ona sərt cavab verdikdən sonra, ABŞ prezidenti özü də açıq şəkildə münasibət bildirib: "Medvedevə deyin, sözlərinə fikir versin. O, çox təhlükəli bir oyuna girişir!" Hazırkı vəziyyət göstərir ki, Vaşinqton sülhə ümidini tam itirməyib, amma bu ümidin son tarixini də müəyyən edib. Bu tarixdən sonra diplomatiya yerini daha sərt strategiyalara verə bilər.

Chosen
32
moderator.az

1Sources