Stokholm, 1 avqust, Nərgiz Cəfərli, AZƏRTAC
Cənubi Afrikanın Vitvatersrand Universitetinin alimləri brakonyerliyə qarşı mübarizə üçün yeni üsul hazırlayıblar. Belə ki, bu məqsədlə kərgədanların buynuzlarına izlənilə bilən radioaktiv maddələr yeridilir.
AZƏRTAC-ın məlumatına görə, bu metod artıq beş heyvan üzərində sınaqdan keçirilib, daha əvvəl isə oxşar inyeksiyalar qoruqlardan birində 20 kərgədana tətbiq olunub.
Tədqiqatçıların bildirdiyinə görə, maddə heyvanlar üçün təhlükəsizdir, lakin hava limanlarında və sərhədlərdə radioaktiv detektorlar vasitəsilə buynuzların aşkarlanmasına imkan verir. Eksperimentlər göstərib ki, hətta tam yüklü konteynerlərin içində belə buynuzların mövcudluğunu müəyyənləşdirmək mümkündür.
Layihənin müəllifləri zooparkları və dövlət təbiəti mühafizə orqanlarını bu təşəbbüsə qoşulmağa çağırırlar ki, buynuzların qeyri-qanuni yolla ölkədən çıxarılmasının və satışının qarşısı alınsın.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) məlumatına əsasən, brakonyerlik səbəbindən kərgədanların sayı XX əsrin əvvəllərində 500 000-dən hazırda təxminən 27 000-ə düşüb. Cənubi Afrika bu heyvanların ən böyük populyasiyasına malik ölkə olaraq qalır (təxminən 16 000 fərd), amma hər il buynuzlarına görə onların təqribən 500-ü öldürülür.