EN

Tramp Putinin bu sözlərini yesə, nüfuzunu tam itirəcək...


Təbriz Musayev: “Putinin məlum açıqlaması ABŞ-a meydan oxumaq anlamına gəlir”

Belarus prezidenti Aleksandr Lukaşenko ilə birgə Valaamda jurnalistlərin suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib ki, “bütün məyusluqlar aşırı gözləntilərdən yaranır”.

Bununla o, dəfələrlə Putindən məyus olduğunu bildirən və iyulun 29-da Ukraynada atəşkəs üçün Rusiyaya verilən müddəti 50 gündən 10 günə endirən ABŞ prezidenti Donald Trampı nəzərdə tutub.

“Kiminsə hər hansı məyusluğuna gəlincə, bütün məyusluqlar aşırı gözləntilərdən yaranır. Bu, bəlli ümumi qaydadır. Amma məsələnin sülh yolu ilə həllinə yaxınlaşmaq üçün geniş və detallı danışıqlar aparmaq lazımdır. Və bunu ictimaiyyət qarşısında yox, sakit şəkildə, danışıqlar prosesinin səssizliyində etmək lazımdır”, - deyə Putin bildirib.

Cəbhədəki vəziyyətlə bağlı sualı cavablandıran Rusiya dövlət başçısı deyib ki, rus qoşunları “bütün döyüş təmas xətti boyunca irəliləyir”.

Belə məlum olur ki, Trampın Rusiyaya verdiyi 50 gün vaxtı 10 günə endirməsi Putinin heç vecinə deyil. Hansı ki, Trampın verdiyi son müddət avqustun 8-i başa çatır.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Putinin məlum açıqlaması ABŞ-a meydan oxumaq anlamına gəlir: “Buna başqa ad verməkdə çətinlik çəkirəm. Əfsuslar olsun ki, Tramp baş verənlərə siyasətçidən çox biznesmen kimi yanaşır. Trampın Rusiya ilə təmas quran rəsmiləri ya biznesmendilər, ya da əmlak alqı-satqısı ilə məşğul olanlar. Tramp fevraldan qətiyyətli mövqe sərgiləsəydi, danışıqlar bu qədər mürəkkəbləşməzdi. Bunlar anlamaq istəmirlər ki, qarşılarında Rusiyaya rəhbərlik edən bir kəşfiyyatçı var. Putin ancaq gücdən anlayır. Bəli, Rusiya az da olsa cəbhədə irəliləyir, ancaq bu, inanılmaz itkilər hesabına baş verir. Rusiyanın dayandırılması bu ölkəyə hərtərəfli zərbələrin endirilməsindən keçir. Bu isə sanksiyaların sərtləşdirilməsi və Ukraynanın silahlandırılması hesabına mümkündür. Bunun üçün tam əsas var. Çünki Rusiya vəhşicəsinə mülki obyektləri vurur, dinc insanları hədəf alır. Dünyada, o cümlədən Ukraynada Trampın qəti addımlar atacağına inam azdır. Bir belə həngamədən sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq gələn həftə Moskvaya gedəcək. Ona görə də Tramp özünə hörmət edirsə, Rusiyaya qarşı qəti addımlar atmalıdır. Yalnız o zaman işğalçı Rusiyanı dayandırmaq olar. Əks təqdirdə Tramp reytinqini tamamilə itirəcək. Çünki Putinin məqsədi 4 vilayəti almaq deyil. Putin bütün Ukraynanı ələ keçirmək istəyir”.

Vidadi ORDAHALLI

Chosen
28
baki-xeber.com

1Sources