EN

"Kreml üçün xoş olmayan xəbər: Ankara və Astana Rusiyadan yan keçərək neft axınını artırmaq istəyir" - Ukrayna KİV-ləri

 
"Türkiyə və Qazaxıstan BTC marşrutu ilə yeni enerji strategiyası qurur..."
 
Türkiyə Qazaxıstan Rusiyadan yan keçərək neft tədarükünü genişləndirmək planları qururlar. Bu məqsədlə iki ölkə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə tədarük həcmini artırmağı müzakirə edir. Söhbət təkcə texniki imkanlardan deyil, həm də geosiyasi yönümlü enerji strateqiyasının yenidən qurulmasından gedir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Pipeline Technology Journal" beynəlxalq enerji nəqli jurnalında dərc olunmuş məqalədə məlumat verilir. Məlumatı "nv.ua" nəşri yayıb.
 
Jurnal yazır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən görüş zamanı neftin BTC xətti ilə dünya bazarlarına daha böyük həcmdə çıxarılmasını əsas müzakirə mövzularından biri kimi nəzərdən keçiriblər. Ərdoğan görüşdən sonra verdiyi açıqlamada bildirib ki, söhbət "Qazaxıstan neftinin Türkiyə üzərindən beynəlxalq bazarlara daha geniş şəkildə çıxarılması yollarından" gedib. Lakin razılaşdırılmış texniki və kommersiya detalları ictimaiyyətə açıqlanmayıb.
 
BTC xətti ilə nəqliyyat artır: Rəqəmlər nə deyir?
 
Qazaxıstanın dövlət statistikasına görə, 2025-ci ilin ilk altı ayında BTC ilə neft ixracı əvvəlki illə müqayisədə 12 faiz artaraq 785 min tona (gündəlik təxminən 34 min barel) çatıb. Bu neft əvvəlcə tankerlərlə Qazaxıstanın Aktau limanından Xəzər dənizi vasitəsilə Azərbaycanın Bakı şəhərinə çatdırılır, oradan isə BTC boru kəməri ilə Ceyhan limanına və oradan da dünya bazarlarına ötürülür. Lakin mütəxəssislər bildirir ki, həcmlərin daha da artırılması üçün Aktau limanının yenilənməsi və Qazaxıstan neftinin BTC standartlarına uyğunlaşdırılması tələb olunacaq.
 
Moskvanı narahat edən alternativ: Neftin Rusiyadan yan keçməsi
 
Bu təşəbbüslər fonunda Qazaxıstanın enerji ixracı üçün Rusiya marşrutlarından kənar alternativlər axtarması açıq şəkildə görünür. Hazırda ölkənin ixrac etdiyi neftin təxminən 94 faizi Rusiya limanlarından keçir. BTC xətti ilə ötürülən neft isə ümumi ixracın cəmi 5, 9 faizini təşkil edir və bu nisbət 2024-cü ildən dəyişməz qalıb. Hələ 2022-ci ildə Prezident Tokayev Rusiyadan yan keçən marşrutların inkişafını dəstəkləyəcəyini bəyan etmişdi. Bu mövqedən sonra "KazMunayGaz" və SOCAR arasında BTC vasitəsilə hər il əsasən Tengiz yatağından 1,5 milyon ton neftin nəqli üçün saziş imzalanıb.
 
Transxəzər xətti gündəmdədir
 
Qazaxıstanın 2029-cu ilə qədərki milli inkişaf planında Transxəzər neft kəmərinin və Xəzər dənizinin həm Qazaxıstan, həm də Azərbaycan sahillərində yeni dəniz terminallarının inşası da nəzərdən keçirilir. Bu isə bölgədə tamamilə yeni bir enerji arxitekturasının əsasını qoya bilər. Azərbaycanın "Trend" informasiya agentliyi bildirir ki, Qazaxıstan 2025-ci il ərzində BTC ilə neft nəqlini 1,7 milyon tona qədər artırmağı planlaşdırır. Türkiyə tərəfi isə danışıqların detalları barədə rəsmi açıqlama verməyib.
 
Moskva üçün strateji xəbərdarlıq
 
Rusiya üçün bu proseslər yalnız enerji bazarındakı rəqəmsal dəyişiklik deyil, həm də postsovet məkanında onun logistik və siyasi təsir dairəsinə yönəlmiş konkret çağırışdır. Qazaxıstan və Türkiyə BTC xətti üzərindəki əməkdaşlığı dərinləşdirərək, həm geosiyasi riskləri diversifikasiya edir, həm də enerji təhlükəsizliyi baxımından regionun yeni mərkəzlərini formalaşdırır. Bu isə yaxın illərdə Xəzər hövzəsində və Qafqazda balansların dəyişəcəyinə işarədir.
Chosen
47
moderator.az

1Sources