EN

Vaxt daralır: Nüvə sualtı qayıqları Qara dənizdə – Kreml hansı qərarı verəcək?

ABŞ prezidenti Donald Trampın Zelenskiyə qarşı sərt ritorikası və Ukraynanı müharibənin davam etməsində  ittiham etməsi, ardınca isə Rusiyaya yaxın ərazilərə nüvə sualtı qayıqlar göndərməsi beynəlxalq gündəmi silkələyib. Tramp və Medvedyevin bir-birinə cavab mahiyyətli sərt çıxışları isə Qara dənizə diqqəti yönəldib. Bu bölgədə ABŞ-ın nüvə sualtı qayıqlarının yerləşdirilməsi  ciddi narahatlıqlar doğurur. Bəs bu addımlar hansı məqsədlərə xidmət edir və bölgədə yeni gərginlik dalğası yarada bilərmi? Bu məsələdə Ankaranın mövqeyi necə olacaq?
Moderator.az-a danışan politoloq Rəşad Bayramov qeyd edib ki, hər hansı bir ölkə tərəfindən digər ölkənin sərhədləri yaxınlığına sualtı qayıqların və xüsusilə də atom qayıqlarının göndərilməsi olduqca ciddi məsələdir və özündə bir neçə məqsədi ehtiva edir. İlk növbədə bu  güc nümayişini, çəkindirməni, təzyiqi və situasiyadan asılı olaraq potensial münaqişəyə hazırlığı..
Onun sözlərinə görə, indi də ABŞ tərəfindən iki nüvə sualtı qayığın Rusiyaya bitişik ərazilərə göndərilməsi sadalananlarla birbaşa bağlıdır:
 
“İndiki halda Trampın bu şəkildə qərar verməsini, yəni, nüvə silahı daşıyan sualtı qayıqları hərəkətə gətirməsini ABŞ-ın hərbi əməliyyatlara hazır olması barədə Rusiyaya sərt xəbərdarlıq mesajı kimi qəbul edilə bilər. Çünki Tramp tərəfindən məlum qərar Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin təhdid və təxribat dolu bəyanatlarından sonra verilib. Tramp açıq şəkildə bəyan etdi ki, “bizi təhdid etdilər və biz də qərara gəldik ki, bu təhdidlər yanlışdır və buna görə də hazırlıqlı olmalıyıq". Başqa sözlə Trampı bu şəkildə radikal qərar alması rəsmi Kremlə "qırmızı cizgiləri" aşan təhdidlərin nə qədər təhlükəli nəticələr verə biləcəyini xatırlatmaq məqsədi daşıyır. Bu həm də Putinin Trampın sülh çağırışlarına məhəl qoymamasına cavab kimi də qəbul oluna bilər.
Rusiya bundan nəticə çıxaracaqmı, bunu təbii ki, zaman göstərəcək. Hər şey Trampın bu məsələdə, yəni Rusiyaya təzyiqdə nə qədər səmimi və qətiyyətli olduğundan asılı olacaq. Trampın Rusiyaya verdiyi möhlət bitmək üzrədir və indi hər kəs hansı qərarların veriləcəyini səbirsizliklə gözləyir. 
Trampın tez-tez fikir dəyişən biri olması, onun Rusiyaya təzyiqlə bağlı ardıcıl xətt tutacağına dair ehtimalları azaldır. Biz indiyə qədərki dövrdə Trampın eyni məsələlərə dair bir-birinə daban-dabana zidd olan fikirlər söyləməsinə və qərarlar verməsinə şahidlik etmişik. Odur ki, indi də həmin sualtı qayıqların qısa vaxt sonra geriyə çağırılması ehtimalı kifayət qədər yüksəkdir”.
 
Politoloq vurğulayıb ki, Tramp atom sualtı qayıqlarının Rusiyaya yaxın ərazilərə göndərməsinə baxmayaraq öz xüsusi nümayəndəsi Stiv Vitkoffu da Rusiyaya göndərib:
 
“Bu o deməkdir ki, Tramp hələ də Rusiya ilə dialoq üçün bütün imkanları tükənmiş hesab etmir və müəyyən qapı saxlayır. 
Digər tərəfdən ortada həm də Montrö Konvensiyası var. Bu konvensiya hərbi gəmilərin Qara dənizə daxil olmasını və onların bölgədə qalma müddətini məhdudlaşdıran təhlükəsizlik rejimini nəzərdə tutur. Konvensiya həmçinin Qara dənizdə nüvə sualtı qayıqlarının daimi mövcudluğunu inkar edir. Bu konvensiyanın tələblərinə müvafiq olaraq Qara dənizdə nüvə sualtı qayıqlarının yerləşdirilməsi üçün Türkiyənin icazəsi tələb olunur. Əgər ABŞ Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirmək istəyirsə Montrö Konvensiyasına uyğun olaraq Türkiyədən icazə alınmalıdır. İcazə vderilsə belə bu qayıqlar yalnız onlara ayrılan müddət ərzində ərazidə qala və sonra oranı tərk etməlidirlər. Xatırladım ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Türkiyə Montrö Konvensiyasının ona verdiyi səlahiyyətlərdən istifadə edib və boğazlarından hərbi gəmilərin keçməsini qadağan edib. İndi Türkiyənin razılığı olmadan belə bir addımın nəticələri regionda gərginliyin artmasına, ABŞ-ın Türkiyə və digər müttəfiqlərlə münasibətlərin pisləşməsinə səbəb ola bilər.
Açığı mən indiki mərhələdə ABŞ-ın Türkiyə kimi bir müttəfiqlə münasibətləri korlayacağına və müvafiq konvensiyanın tələblərinə zidd olaraq böhran yaradacağına inanmıram. Xüsusilə də son dönəmlərdə ABŞ-Türkiyə münasibətlərində yaxınlaşma olduğunu və bir sıra məsələlərdə ortaq addımlar atıldığını nəzərə alaraq vəziyyətin böhran həddinə çatacağını düşünmürəm. Zənnimcə qısa bir müddətdən sonra Tramp Rusiyanın müvafiq mesajı aldığını bəyan edərək qayıqların geri çağırılmasına qərar verəcək”.
 
Mehin Mehmanqızı
 
Chosen
37
moderator.az

1Sources