EN

Qubalı şəhid kəşfiyyatçı Seymur Qocayev - Şuşada həlak oldu


Rəsmiyyə Qocayeva: “Seymir müharibədə iki dəfə yaralansa da geri çəkilmədi, inadından dönmədi, irəliyə getdi”

Özü getsə də, dastanlara sığmayan qəhrəmanlıqları, neçə-neçə nəslə örnək olan adı qaldı şəhid Seymur Qocayevin. Atalar yaxşı deyib: “İgid ölər adı qalar...” Qəhrəmanımız Vətən müharibəsində ad qoyan, iz qoyan igidlərimizdəndir.

Anan izinə qurban

İgidim, qəhrəmanım.

Torpaq aldı səni də-

Çürüdü sənsiz canım.

Oğlum, qəhrəman oğlum-

Şəhid adına qurban...

Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi Seymur Mahir oğlu Qocayev canı-qanı ilə torpağa, yurda elə bağlı idi ki, onun bu bağını heç bir qüvvə qopara bilməzdi.

Məktəbi bitirdikdən sonra 2014–2016-cı illərdə müddətli hərbi xidmət keçən Azərbaycan Silahlı Qüvvələrinin XTQ kəşfiyyatçısı, Vətən müharibəsi şəhidi Seymur Mahir oğlu Qocayev 29 yanvar 1996-ci ildə Quba rayon Bağbanlı qəsəbəsində dünyaya gəlib.

Seymurun anası Rəsmiyyə Qocayeva ilə Qubada yaradıcılıq ezamiyyətində olarkən tanış olub söhbət etdik. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi zəfər” kitabının II və III cildlərinin Qubada keçirilən təqdimat mərasiminə Rəsmiyyə ana da gəlmişdi.

“Polad Həşimov şəhid olandan sonra Seymur deyirdi ki, komandirimin qanını yerdə qoymayacağam, onun qisasını alacağam”

Sinəsinə çalın-çarpaz bala dağı çəkilən ana oğlundan danışdıqca kövrəlir, həyəcanlanır, itkisinə yanıb-yaxılır. Əlbəttə, belə bir igidin anası olmaqla fəxr də edir Rəsmiyyə ana.

Ana danışır, oğlundan danışır...

Qubanın Bağbanlı qəsəbəsində anadan olan Seymur Xüsusi Təyinatlı Qüvvələrin tarix yazaraq şəhadətə yüksələn kəşfiyyatçılarındandır. 44 günlük Vətən müharibəsində peşəkar kəşfiyyatçı kimi ən öndə savaşan 24 yaşlı Seymur Murovdağ zirvəsi, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə, eləcə də Hadrut qəsəbəsinin düşməndən azad olunmasında böyük şücaət göstərib.

Şəhid kəşfiyyatçımız Seymur daim şəhidlərimizin qisasını almaq və torpaqlarımızı azad etmək istəyi ilə yaşayıb. Bu arzusunu reallaşdırarkən noyabrın 7-də Şuşa uğrunda döyüşlərdə özü də şəhid olur.

“Şəhid olanda 24 yaşı vardı oğlumun. Ali təhsil almamışdı, orta təhsillidir. 2016-cı ildə məktəbi bitirib hərbi xidmətə yola düşdü.

Seymurun uşaqlıqdan hərbiyə marağı çox böyük idi, fikri-zikri hərbiçi olmaqda idi. Hey deyirdi ki, hərbiçi olacağam. Əsgərlikdən sonra da hərbidə qalmaq istəyirdi. Onu məcburi gətirdik. Amma heç cür bizim bu hərəkətimizlə razılaşmırdı, deyirdi ki, qoy müharibə olsun müharibəyə gedəcəyəm və Qarabağı və o biri torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. 2018-ci ildə Vətənə olan sevgisi, torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək arzusu onu yenidən hərbiyə çəkib apardı. Öyrəndik ki, gedib hərbiyə yazılıb. Gədəbəydə “N” saylı kəşfiyyat bölümünə yazıldı və tabor komandiri oldu”.

Ananın sözlərinə görə, Seymurun futbola da böyük marağı olub və hətta hərbi hissələr arasında keçirilən futbol yarışlarında da iştirak edib, çox yaxşı oynayıb: “O, 1 nömrəli oyunçu olub. Seymurun evə axırıncı gəlişi 2020-ci ilin may ayında oldu. Məzuniyyətə gəlmişdi. Nə vaxt telefonda danışırdısa deyirdi ki, ana, təlimdəyəm. Seymur Tovuz döyüşlərində də iştirak etdi və yaralandı. Seymurun yaralandığından bizim xəbərimiz yox idi. Hərbi xidmətdə olanda Polad Həşimov onun komandiri olub. Polad Həşimov şəhid olandan sonra Seymur deyirdi ki, komandirimin qanını yerdə qoymayacağam, onun qisasını alacağam. Oğlum Polad Həşimovun qisasını alacağına and içmişdi. Gecə-gündüz arzu edirdi ki, müharibə başlasın və o, düşməndən komandirinin qisasını alsın. Komandirinin qisasını almaq Seymura qismət oldu. 2020-ci ilin 27 sentyabrında hamı kimi o da döyüşlərə atıldı, 44 günlük müharibədə sona qədər gedirdi, döyüşürdü. Seymir müharibədə iki dəfə yaralansa da, geri çəkilmədi, inadından dönmədi, irəliyə getdi. Sonuncu dəfə oktyabrın 30-da danışdıq. Sonuncu zəngində hamıdan halallıq istədi, bizimlə hallaşdı. “Birdən telefona zəng çatmaz, qəti narahat olmayın”-dedi və bizi arxayın saldı ki, hər şey yaxşıdır, hər şey yaxşı olacaq. hər danışanda ürəyinin üstündəki üçrəngli bayrağı göstərin deyirdi ki, bunu Şuşaya sancacağam. Sonuncu dəfə danışandan sonra Seyumurun telefonuna daha zəng çatmadı. Onlar Şuşaya qalxdılar...Noyabrın 4-də bibisi oğlu ilə danışanda deyib ki, artıq Şuşaya girmişik, qələbə bizimdir. Hər danışanda deyirdi ki, tezliklə sizə qələbə xəbərini verəcəyik.

Şuşada şiddətli əlbəyaxa döyüşləri olub, erməni hərbiçiləri ilə əlbəyaxa döyüşüblər.

Oğlum düşmənlə əlbəyaxa döyüşərək qələbəyə bir neçə saat qalmış - noyabrın 7-də Şuşa qalasının yanında şəhid olub.

Seymur ailəsini çox sevirdi, ailəsi qədər də Vətənini çox sevirdi. Seymur öz adını “Vətənə sevdalı” qoymuşdu, döyüş yoldaşları isə oğlumu “Boz qurd” ləqəbi ilə çağırırdılar.

Oğlum oynamağı, şəkil çəkdirməyi çox sevirdi. Bütün bunların hamısından çox isə sevdalısı olduğu Vətənini çox sevirdi”.

Quba Şəhidlər Xiyabanında son mənzilə uğurlanan “Boz qurd”un qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Seymur Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı, şəhid kəşfiyyatçı, həmçinin "Kəlbəcərin azad olunmasına görə", "Şuşanı azad olunmasına görə", ”Döyüşdə fərqlənməyə görə” medalları ilə də təltif edilib.

Seymur Vətənə sevdalı olan oğullardan biri kimi ana torpağa köçüb, torpaq onu, o da torpağı qucaqlayıb. Məzarını süsləyən üç rəngli bayrağımız bir Tanrı duası kimi igidlərin şanına-şöhrətinə ucalıq qatır. Seymur bu bayraq, bu torpaq, bu Vətən uğrunda canını fəda etdi. Şəhid olacağını qanı ilə, canı ilə hiss edərək bu haqq yolunu seçdi. Özü də seçilmişlərdən oldu.

Ana gah ağlayır, gah da dərdini ürəyinə büküb “Boz qurd” oğlu ilə fəxr edir, onun Vətən sevdasına canını qurban edir.

Bəli, analar qurban demir, analar qurban olur...Şəhid Seymurun anası da özünü oğluna da, onun uğrunda şəhid olduğu bayrağa da, Vətənə də, torpağa da qurban deyir. Ay ana, sənin ən böyük fədakarlığın Seymur kimi igid oğul doğub böyütməkdir. Bundan böyük fədakarlıq yoxdur...

İradə SARIYEVA
Quba-Bakı

Chosen
11
baki-xeber.com

1Sources