EN

Rusiya bu şəhərlərin tarixi adlarını yaddaşlardan silə bilməyəcək...


Məhərrəm Zülfüqarlı: “Rusiya tarixinin istənilən səhifəsini yenidən araşdırsan, ordan mütləq türk izi çıxacaq...”

Türk xalqının qədim tarixi olduğu kimi, ucu-bucağı görünməyən əraziləri də olub ki, indi o yerlər ayrı-ayrı dövlətlərin ərazisi olaraq bilinir, amma tarixin dərinliklərinə enəndə o torpaqların ulu babalarımıza məxsus olduğunu görə bilirik.

Professor Minaxanım Təkləli (Nuriyeva) “Türk kitabı”nda indiki Rusiya ərazisində olan qədim türk şəhərlərinin ruslaşdırılaraq saxtalaşdırılan adları ilə bağlı geniş bilgi verir, o şəhərlərin əsl adları, tarixi haqda danışır. Bu fikrə təsadüfən toxunmadıq.

Bilirsiz ki, Rusiyada Azərbaycan şəhərlərinin adlarının saxtalaşdırılma hadisəsi ilə də rastlaşırıq və bu da bizi vadar edir ki, o ölkənin ərazisindəki türk şəhərlərini, eləcə də başqa xalqlara məxsus olan və ruslaşdırılan şəhərləri xatırlayaq.

Rusiyanın bir çox şəhərlərinin əsl adı hardan götürülüb?

Bu gün Rusiyada Kalininqrad, Novorossiysk, Soçi və sair şəhərlər var ki, onların ruslarla tarixi əlaqəsi yoxdur. Qədim türklərin İtil adı verdiyi və ruslar tərəfindən “Volqa” adlandırılan çayı da xatırlayırıq.

Bilirik ki, Köniqsberq Kalininqrad, Orınbor Orenburq, Sarısu Volqoqrad, Solja-Qala Qroznı Sudjuk-Kale Novorossiysk, Toyoxara Yujno-Saxalinsk, Furukamappu Yujno-Kurilsk, Petroskoy Petrozavodsk, İjkar İjevsk, İtil Volqa çayı adlandırılıb. Bunlar rus saxtakarlığının örnəklərindəndir.

Biz indi bəzi şəhərlərin, yerlərin gerçək tarixi haqda danışacağıq.

Rusiyanın Kalininqrad adlandırdığı Köniqsberq əvvəllər Şərqi Prussiyanın mərkəzi olub. Köniqsberq şəhərinin əsası Şimal Xaç Yürüşləri zamanı 1255-ci ildə Tevton ordeni tərəfindən qədim Prussiya yaşayış məskəni olan Tvanqstedə qoyulub.

1737-ci ildən 1945-ci ilədək Şərqi Prussiya vilayətinin mərkəzi olaraq tanınıb.

Baltik dənizi sahilində liman şəhəri olan Köniqsberq tez bir zamanda inkişaf edərək Prussiya Hersoqluğunun (1525–1701) və sonra Şərqi Prussiyanın paytaxtı olub. 1701-ci ildə paytaxtın Berlinə köçürülməsinə baxmayaraq, Köniqsberq Prussiya çarlarının tacqoyma mərasiminin keçirildiyi şəhər kimi qalmağa davam edib.

Köniqsberq hazırda Rusiya Federasiyasının Kalininqrad şəhərinin 1946-cı ilə qədərki adıdır. İkinci Dünya müharibəsindən sonra SSRİ tərəfindən ilhaq edilmiş şəhərin adı 1946-cı ildə dəyişdirilib və 1946-cı ildə Sovet İttifaqına birləşdirildikdən sonra şəhər Kalininqrad adlandırılıb.

Rusların “Novorossiysk” adlandırdığı Sudjuk-Kale şəhərinin tarixi haqda araşdırma apararkən qarşımıza çıxan faktlar onun gerçək bir türk şəhəri olduğunu təsdiqlədi.

Bu baradə yazılır: “Sudjuk-Kale ( türk dilində Sucuk-Kale və ya Soğucak) hazırda işğalda olan və Novorossiysk adlandırılan kiçik qalası olan türk liman qəsəbəsidir.

Qalanın qalıqları 1943-cü ildə “Malaya Zemlya” üzərində şiddətli döyüşlər nəticəsində itirilib. Qala bilavasitə hazırda “Malaya Zemlya” memorial kompleksinin işğal etdiyi ərazidə yerləşirdi. Qəsəbənin adı yaxınlıqdakı Sudjuk Spit'ə, eləcə də Sudjuk Lagoon və Sudjuk adasına köçürüldü. Qalanın Osmanlı dilində adı “Soucak-Kale” kimi tələffüz olunurdu (müasir türkcədə ğ hərfi Soğucak sözündə də tələffüz edilmir). Türk, rus və başqa dillərdə qalanın adına bir neçə variantda rast gəlinir.

Türkcə: Soğucuk kale, Sucuk kale; rus dilində: Soqudğuk-Kale, SoqUKAK-KAle, Suçak-Kala və hətta Sundjik-Kale; Qərbi Avropa dillərində: Sudgiak kaleh, Soudjiack kələm, Sujuk kaleh, Soudjouk kələm, Sogoudjak kələm və s.

Soğucak (Soğucuk) sözünün rus dilinə tərcüməsi ilə bağlı yekdil fikir yoxdur. Səs baxımından ən yaxın olan türkcə Soğukca – “soyuq” sözüdür. 19-cu əsr ədəbiyyatında bu ad "kolbasa qalası" kimi tərcümə edilmişdir. Lakin osmanlı dilində kolbasanın adı “sudjuk” tamam başqa cür yazılırdı. Qala adının eramızın 1-ci minilliyinin əvvəllərində burada mövcud olmuş Sind çarlığının adından yaranması haqqında da fikirlər var idi. Qalanın təməli rus-türk qarşıdurması ilə bağlı deyildi - Qara dəniz o vaxt Osmanlı İmperiyasının daxili dənizi idi, ilk rus gəmiləri bura yalnız 50 ildən sonra daxil olacaqdı. Osmanlı imperiyasının bu hissəsi Krım xanlığı tərəfindən idarə olunurdu və buradakı türk hakimiyyəti Krım tatar administrasiyası və bu yerlərdə yaşayan yarımköçəri dağ (abxaz-adıge) tayfalarını itaətdə saxlayan tatar ordusunun köməyi ilə həyata keçirilirdi”.

Tarixcədən də aydın görünür ki, bura qədim türk ərazisi olub və uzun illər ona Osmanlı dövləti nəzarət edib, bu şəhər mövcud olanda orda hələ ruslar yox imiş.

Qədim türk şəhəri Sarısu Volqoqrad adlandırılana qədər Sarısu, Çaritsin, Sarıtsin və Stalinqrad adlandırılıb. Çar Rusiyası Sarısu toponimini təhrif edərək Çaritsin və Sarıtsin kimi qələmə veriblər, amma reallıq dəyişməyib, tarixi mənbələrdə, əski xəritələrdə o şəhər Sarısu olaraq qeyd olunur, bir türk şəhəri kimi xatırlanır.

Yeri gəlmişkən, tarixi adı Kazar-Xəzər olan Voronej şəhəri də türklərin yadigarıdır.

Professor Minaxanım Təkləli “Türk kitabı”nda yazır: “İndiki Vorenej şəhərinin yerində Kazar (Xəzər) adlı yaşayış məskəni olmuşdu. VII-X əsrlər arası Xəzər xaqanlığının böyük şəhərlərindən sayılırdı. Hazırda arxeoloji abidə və tarixi abidə dəyərində bəhs olunan Kazar şəhərinin xarabalıqları müasir Voronej şəhərinin şimal hissəsində idi. Həmin qədim qalanın yerində Qorki adına sanatoriya yerləşir. Voronejə adi sənədlərdə Kazar adına tez-tez rast gəlinir. Artıq XVII-XIX əsrlər arasında ondan əski şəhər kimi bəhs olunur. Şəhərin ərazisindəki kurqanlardan (eramızdan əvvəl 1-ci minilliyə aid müasir adı Mastyuqin kurqanları olan onlarla kurqan nəzərdə tutulur) zəngin əşyalar aşkar edilmişdir...

...Artıq 1571-ci ildə şəhərə rus silahlı bölüklərinin basqınları məlumdur. Nəhayət 1585-ci ildə sərkərdə Semyon Saburovun başçılığı altında buranı zəbt edib Moskva Rus dövlətinin Cənub qalasını tikdilər...”

Fikrimizcə, hər şey aydındır, əlavə izaha ehtiyac yoxdur.

Tarixi adı İsker, yaxud Kaşlıq olan Sibir haqda da professor Təkləli yazıb. Qeyd edir ki, İsker qədim Sibir ölkəsinin şəhəridir, XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olub, İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. “Şəhərin adının “iski” (əski) yer, köhnə, qədim yer mənası ilə bağlı olduğunu söyləyənlər də var. Bu şəhərdə Sibirin istila olunmasında “mühüm rolu” olan kazak atamanı Yermak və Sibirin hakimi Kuçum (Koçum) xan arasında qanlı vuruşma olmuşdu”.

O vurğulayır ki, Kuçum xan ölkəsini islamlaşdıran hakim olub: “Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir”-deyə M.Təkləli yazır.

Tarixdə adı Çelebi, Çeleyaba kimi keçən Çelyabinsk də bir türk şəhəri olub, qıpçaq türklərindən olan başqurdların vətəni kimi xatırlanır. Bu qədim şəhər də rus istilasının qurbanlarından biri olur və ruslar bu şəhərə tamam sahib olmaq üçün əllərindən gələn hər şeyi ediblər, amma onun bir türk şəhəri olduğunu tarixdən silə bilməyiblər.

Tarixdə adı Aba Tura kimi keçən Kuznetsk şəhəri də əsrlər əvvəl bir türk şəhəri olub və buranın yerli əhalisi abalılar sayılıb, Aba ünvanı Orxon abidələrində “baş komandan” mənasında işlədilib. Aba Tura da abalılar şəhəri deməkdir. “Yağmaçı kazaklar şəhərin əsl adına etina etməyərək onu öz bildikləri şəkildə Kuznetsk adlandırırdılar”-deyə M.Təkləli yazır. Alim qeyd edir ki, sonra ruslar şəhərin Aba Tura türk adını dəyişərək onu Kuznetsk adlandırıblar, mənası isə “dəmirçilər şəhəri” deməkdir.

Ruslaşdırılmış, saxtalaşdırılmış türk yer-yurd adlarının siyahısı o qədər genişdir ki, bunu bir-iki yazıda ifadə etmək mümkün deyil.

“Rusiyada türk əsililli yer-yurd adlarının dəyişdirilməsi böyük saxtarakarlıqdır”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Soçi (Abaza, Soça) şəhərindən tutmuş İrkutskə (Yandaş Darağa) qədər əksər Rusiya şəhərləri qədim türk şəhərləri olub və həmin ərazilərdə tarixən türklər yaşayıb, o şəhərləri türklər qurub-yaradıb, sonra rus istilasına məruz qalıblar. “Rusiya tarixi İvan Qroznının vaxtından saxtalaşdırılmağa başlayıb. Yəni türk etnosuna qarşı bilərəkdən saxtalaşdırma aparılıb, yer-yurd, şəhər adlarının dəyişdirilməsi prosesi başlayıb. İkinci saxtalaşdırma mərhələsi isə XIX əsrdə tarixçi Karamcinin əsəri ilə davam edib, sonra isə Sovet dövründə Stalinin göstərişi ilə bu proses daha da dərinləşib.

Rusiyada türk əsililli yer-yurd adlarının dəyişdirilməsi böyük saxtarakarlıqdır. Rus tarixçiləri nə qədər saxtalaşdırma etsələr də o türk şəhərlərinin əsl adını, tarixini yaddaşlardan silə bilməyiblər.

Rusiya tarixində 300 illik tatar-monqol işğalı haqda çox yazılır, ruslar guya tatar-monqol təcavüzünə məruz qalıblar. İndi rus tarixçiləri özləri etiraf edirlər ki, ümumiyyətlə heç belə bir işğal olmayıb. Məsələn, 1380-ci ildə Kulikov döyüşü haqqında danışılır, həmin ərazidə arxeoloji qazıntılar aparılıb və orda heç bir kütləvi məzarlıq tapılmayıb. Demək bu da saxtakarlıqdır. Yəni demokratik rus tarixçiləri bildirirlər ki, tatar-monqollar əksinə, katolik kilsəsinə qarşı Moskva knyazlığını müdafiə edən müttəfiq olub.

Adlara gəlincə, Samara, Tümen türk adıdır. Tümen adı tümən sözündən götürülüb. Bu da türk sözüdür. Yəni 1556-1558-ci illərdə İtil çayı üzərindəki Həştərxan və Qazan xanlıqlarının, Sibirin işğalından sonra türk torpaqları bilavasitə rus imperiyasının işğalı altına düşüb. Həmin saxtalaşdırma da ondan sonra başlayıb.

Bir müsbət cəhət var ki, ruslar özləri bunu inkar etmirlər. Onların iddiası odur ki, bu torpaqlara gəliblər və bura mədəniyyət gətiriblər. Bu da yanlış bir şeydir. Çünki Pyotra qədər ruslarda mədəniyyət anlayışı olmayıb. Marksın bir sözü var: “Pyotr vəhşi Rusiyaya vəhşicəsinə mədəniyyət gətirib”. XIX əsrə qədər Rusiya tarixində nə bir görkəmli yazıçı, nə bir görkəmli şair var. Mədəni xalq idilərsə bu olmalı idi. Halbuki, Azərbaycanda Nizami, Füzuli və digər klassiklər olduğu halda Rusiyada o barədə ümumiyyətlə fikir belə yox idi. Bütün bunlar onu göstərir ki, Rusiyanın tarixi yendiən araşdırılmalıdır. Hətta Putin bunu demişdi ki, Rusiyanı çox qaşıyanda arxasından tatar çıxır. Rusiya tarixinin istənilən səhifəsini yenidən araşdırsan, ordan mütləq türk izi çıxacaq...”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA

Chosen
16
baki-xeber.com

1Sources