EN

Məşhur şirkət xərçəngə qarşı dərman satışına başlayır

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Koronavirusa qarşı hazırladığı peyvəndlə dünyada məşhurlaşan “BioNTech” şirkəti hazırda əsas diqqəti xərçəng xəstəliyinə qarşı ən müasir dərmanların hazırlanmasına yönəldib və yaxın aylarda milyardlarla avro dəyərində gəlir götürməyi nəzərdə tutur.

"Unikal" xəbər verir ki, şirkətin rəhbəri və həmtəsisçisi Uğur Şahin 2025-ci ilin ikinci rübündə onkologiya sahəsində iki əsas istiqamətin gücləndirildiyini bildirib. İyunda ABŞ-ın “Bristol Myers Squibb” şirkəti ilə imzalanan əməkdaşlıq müqaviləsi yaxın aylarda “BioNTech”ə milyardlarla dollar gəlir gətirəcək.

Hər iki şirkət xərçəng xəstəliyinin müalicəsi üçün perspektivli dərmanlardan olan “BNT327” adlı preparatın qlobal miqyasda birgə inkişafı və kommersiyalaşdırılması barədə razılığa gəlib. Bu məqsədlə amerikalı şirkət “BioNTech”ə bu ilin üçüncü rübündə 1,5 milyard ABŞ dolları məbləğində ilkin ödəniş etməyi öhdəsinə götürüb. “BNT327” anticisminə artıq ondan çox müxtəlif şiş növü üzrə 20-dən çox klinik tədqiqat planlaşdırılıb. Xatırladaq ki, “BioNTech” pandemiyadan əvvəl də xərçəngin müalicəsi üzərində çalışırdı.

“BioNTech”, həmçinin keçmiş rəqibi “CureVac” şirkətini 1,25 milyard dollara almağı planlaşdırır və bu yolla “mRNA” texnologiyası sahəsində imkanlarını gücləndirmək istəyir. Şirkət “Pfizer” ilə birgə hazırlanan və koronovirusun yeni variantına uyğunlaşdırılmış peyvəndin avqustda Avropa bazarına çıxarılacağını, ABŞ-da isə müvafiq icazə üçün ərizə verildiyini açıqlayıb.

COVID-19 peyvəndlərinə tələbat azalsa da, “BioNTech” xərçəngin müalicəsi ilə bağlı yeni preparatların hazırlanmasına böyük həcmdə investisiyalar yatırır. Bu il tədqiqat və inkişaf sahəsinə 2,8 milyard avroyadək vəsaitin ayrılması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
unikal.az

2Sources