EN

Böyük Baryer Rifi tarixdə mərcan itkisi ilə üz-üzədir

Ajans.az Avstraliya Dəniz Elmləri İnstitutuna istinadən xəbər veir ki,2024-cü ilin avqustundan 2025-ci ilin may ayına qədər apardığı araşdırmalar zamanı 124 mərcan rifinin vəziyyəti qiymətləndirilib. Araşdırmalar göstərib ki, rifin həm şimal, həm də cənub hissələri genişmiqyaslı mərcan ağartması nəticəsində ciddi ziyan görüb. Tədqiqatçılar qeyd edir ki, riflər son aylarda tropik siklonlar və ən əsası iqlim dəyişikliyi səbəbilə yaranan istilik stressi nəticəsində məhv olma təhlükəsi ilə üz-üzədir. AIMS xəbərdarlıq edir ki, rif ekosistemi elə bir uç nöqtəyə çatıb ki, artıq bərpa prosesi fəlakətli hadisələr arasında kifayət qədər sürətli baş verməyə bilər. 2024-cü ilin sonları və 2025-ci ilin əvvəllərində baş verən qeyri-adi isti tropik sular, Böyük Baryer Rifində 2016-cı ildən bəri altıncı dəfə genişmiqyaslı mərcan ağartmasına səbəb olub. El Niño kimi təbii hava hadisələrinin bu prosesə əlavə təsir etdiyi bildirilir. Hesabatda qeyd olunur ki, rif bu dəfə “indiyə qədər qeydə alınmış ən geniş və şiddətli ağartma hadisəsini” yaşayıb. Bərpa isə illər çəkə bilər və bu proses gələcəkdə mərcanların reproduksiyası və ətraf mühitin sabit qalmasından asılı olacaq. Ən çox zərər görən mərcan növləri Acropora olub. Bu növ həm istilik stresinə daha həssas, həm də tikanlı dəniz ulduzlarının əsas qidası sayılır. AIMS-in tədqiqat rəhbəri Dr. Mayk Emslinin sözlərinə görə, bu mərcanlar “ən sürətlə böyüyən və eyni zamanda ilk yox olan növlərdir”. Avstraliyanın qərb sahilində yerləşən və ölkənin ikinci ən böyük rif sistemi olan Ningaloo Rifi də bu il eyni vaxtda ağartmaya məruz qalıb. Bu, tarixdə ilk dəfədir ki, hər iki əsas rif eyni vaxtda bu qədər geniş ağartma yaşayır. Böyük Baryer Rifi — dünyanın ən böyük canlı quruluşu hesab olunur və 2300 km uzunluğunda olan bu rif təxminən dünya okean canlılarının 25%-nə ev sahibliyi edir. Ləqəbi “dənizin memarı” olan mərcanlar dəniz ekosistemlərinin formalaşmasında həyati rol oynayır. Dəniz ulduzları ilə mübarizə və digər tədbirlər Avstraliya hökuməti tikanlı dəniz ulduzları ilə mübarizə üçün 50.000-dən çox bu növ canlıya sirkə və ya öküz ödü yeridərək məhv etmə proqramı həyata keçirib. 2025-ci ildə aparılan monitorinqlər bu fəaliyyətlər nəticəsində mərkəzi rif hissəsində ciddi epidemiya müşahidə edilmədiyini göstərib.

Lakin tədqiqatçılar xəbərdarlıq edir ki, ambisiyalı və təcili iqlim tədbirləri görülməsə, Böyük Baryer Rifi də bərpa olunmaz hala gələ bilər. WWF-in ekoloji eksperti Riçard Lekin sözlərinə görə, bu hesabat rifin "inanılmaz dərəcədə stres altında olan ekosistem" olduğunu sübut edir.

Chosen
5
Ajans.az

1Sources