EN

Avqustun 8-dən sonra Rusiya neftini kim alacaq?


Enerji və Təmiz Hava Araşdırma Mərkəzinin (CREA) hesablamalarına görə, 2022-ci ilin dekabrından 2024-cü ilin dekabr ayının sonuna qədər Rusiyanın neft ixracının 47 faizi Çin, 37 faizi Hindistan, 6 faizi isə Türkiyənin payına düşüb.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, bu dövrdə Rusiyanın Çinə gündəlik neft ixracı, boru kəmərləri və dəniz daşımaları daxil olmaqla, 2,17 milyon barel təşkil edib.
Hindistan isə 2025-ci ilin ilk yarısında gündəlik təxminən 1,75 milyon barel Rusiya nefti idxal edib. Türkiyə 2024-cü il ərzində gündəlik təxminən 225 min barel neft idxal edib.
OPEC-in məlumatına əsasən, Rusiyanın neft hasilatının sentyabrda gündəlik 9,949 milyon barel olacağı gözlənilir. Bu göstərici avqust ayı üçün nəzərdə tutulan 9,344 milyon barellə müqayisədə artım deməkdir.
“Alfa Capital Management” şirkətindən “Forbes”ə bildirilib ki, hazırda Rusiya neftinin ən iri alıcıları olan Çin, Hindistan və Türkiyədə proseslər müxtəlif istiqamətlərdə inkişaf edəcək:
“Güman edilir ki, Çin ABŞ-nin sanksiyalarına əhəmiyyət verməyəcək. ABŞ-nin sərt təzyiqlərinə baxmayaraq, Çinin İran neftini almaq təcrübəsi buna sübutdur. Çin eyni mövqeni Rusiya nefti ilə bağlı da nümayiş etdirəcək. Çin Rusiya neftinin alınmasını azaltmaq niyyətində deyil və zəiflik göstərmək istəmir. Çin neft idxalında boru kəmərləri kimi daha etibarlı nəql vasitələrinə üstünlük verəcək. Bu kontekstdə Çinin, Rusiya neftinin Qazaxıstan ərazisindən tranzitini artırmaq cəhdləri qeyd olunur. Hazırda Rusiya bu istiqamətdə illik 10 milyon ton neft nəql edir və bu rəqəmi 2026-cı ildən 2,5 milyon ton artırmaq niyyətindədir. Lakin bu artım ümumi ixrac həcminin deyil, yalnız dəniz daşımalarının yerini dəyişməsinin göstəricisidir”.
“Alfa Capital Management” şirkəti Hindistanın mövqeyini daha mürəkkəb hesab edir. Qeyd edilir ki, Hindistan Rusiya neftindən tam imtina edə bilməz:
“Bununla belə, Hindistan Rusiya neftini digər mənbələrlə, əsasən Yaxın Şərq və Qərbi Afrika ölkələri ilə əvəzləməyə çalışacaq. Hindistan son üç ildə Rusiya neftini ucuz qiymətə alıb və bu neftdən istehsal etdiyi məhsulları Avropaya satmaqla əlavə gəlir əldə edib. Hindistan 2018-ci ilə qədər İran neftinin əsas alıcılarından biri olub, lakin ABŞ-nin sanksiyaları nəticəsində bu alqı-satqını tam dayandırıb. Çox güman ki, Rusiya ilə Hindistan arasındakı neft əlaqələri Rusiya tərəfindən verilən endirimlər ləğv edilənədək davam edəcək. Hindistan rəsmiləri ABŞ-nin təzyiqlərini rədd etdiklərini bəyan etsələr də, yerli şirkətlər Rusiya neftinin alternativlərini axtaracaq və mümkün olmadıqda əlavə endirim tələb edəcəklər”.
“Forbes”ə açıqlama verən ekspertlər qeyd edir ki, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin Hindistana neft tədarükünü artırmaq üçün 1,5-2 milyon barel həcmində ehtiyat gücləri mövcuddur. Lakin bu güclər dərhal istifadəyə yararlı deyil, çünki hasilatın artırılması vaxt və infrastruktur imkanları tələb edir.
Rusiya Hindistan və Çinlə danışıqları intensivləşdirib. Rusiya bu məqsədlə əvvəllər ikinci plana keçirilən “Rusiya-Hindistan-Çin” üçtərəfli əməkdaşlıq formatının bərpasını təklif edib. Danışıqların əsas mövzusu isə ABŞ sanksiyalarının fonunda üç ölkə arasında neft tərəfdaşlığının davam etdirilməsi imkanlarının araşdırılması ola bilər.
Türkiyə ABŞ-nin sanksiyalarına qarşı nisbətən həssasdır. Bəzi Türkiyə limanları artıq sanksiya siyahısına düşmüş kölgə donanmasına aid gəmiləri qəbul etmir. Əgər ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edərsə, Türkiyədən də bu istiqamətdə sərt addımların gələcəyi ehtimal olunur.
Nəticə etibarilə, əgər ABŞ 8 avqustdan sonra Rusiya neftinin alıcılarına qarşı sanksiyalar tətbiq edərsə, bu, Rusiya neftinin dünya bazarına çıxış həcminin azalmasına səbəb ola bilər. “Forbes” yazır ki, Rusiya neftindən tam imtina baş verməyəcək, lakin ixracın nəzərəçarpacaq dərəcədə azalması mümkündür.

Elnur Əli
Chosen
47
50
yeniavaz.com

10Sources