EN

Fransa ilə "bir gir, bir çıx" razılaşması çərçivəsində ilk miqrantlar saxlanılıb

Ajans.az BBC-ə istinadən xəbər verir ki,xilasedici jiletlərdə görüntülənən miqrantlar Doverə çatdıqdan sonra Sərhəd Xidmətinin qayıqlarından düşüblər. Böyük Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, saxlanılan şəxslər Fransaya geri göndərilənədək immiqrasiya mərkəzlərində saxlanılacaqlar. Daxili işlər naziri İvette Kuper saxlanılanların sayını açıqlamayıb. O, mümkün hüquqi maneələrə baxmayaraq, onların Fransaya köçürülməsinin qarşısını almaq cəhdlərinə müqavimət göstəriləcəyini bəyan edib:
“Hazırda immiqrasiya mərkəzlərinə köçürmələr davam edir. Cinayətkar dəstələrin bu əməliyyatlardan istifadə etməsinin qarşısını almaq üçün təfərrüatları açıqlamırıq. Amma heç kimdə şübhə olmasın: buradan sonra gələn hər kəs dərhal həbs olunacaq və geri qaytarılacaq.”
Nazir əlavə edib ki, ilk deportasiyalar yaxın həftələrdə baş tuta bilər. O, həmçinin Fransanın “təhlükəsiz ölkə” statusunda olduğunu vurğulayaraq, bu çərçivədə istənilən hüquqi mübahisəyə qarşı güclü müdafiə mövqeyində olduqlarını bildirib. Böyük Britaniya rəsmiləri, miqrantların qeyri-qanuni yolla gəlişindən sonra 3 gün ərzində onları Fransaya geri göndərmək üçün müraciət etməyi planlaşdırır. Fransa isə bu müraciətlərə 14 gün ərzində cavab verəcək. Müqabilində Fransada sığınacaq almış şəxslərin təhlükəsiz marşrutla İngiltərəyə gətirilməsi nəzərdə tutulur. Fransadakı ailələr və yetkin şəxslər Böyük Britaniyaya gəlmək marağında olduqlarını onlayn platforma vasitəsilə ifadə edə bilərlər. Onlar standart viza prosedurlarından və təhlükəsizlik yoxlamalarından keçməlidirlər. Təsdiqləndikdən sonra bu şəxslərə Böyük Britaniyada sığınacaq üçün müraciət etmək və ya viza almaq üçün üç ay vaxt veriləcək. Bu müddət ərzində işləmək, təhsil almaq və ya sosial imtiyazlardan istifadə hüquqları olmayacaq. Nazirlik yaxın günlərdə Fransanın şimalında və digər bölgələrdə miqrantları bu yeni sxem barədə məlumatlandırmaq üçün maarifləndirici kampaniyaya başlayacağını da bildirib. Rəsmi məlumatlara görə, 2025-ci ildə indiyə qədər 25 000-dən çox insan kiçik qayıqlarla La-Manş boğazını keçib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 49% artım deməkdir. Böyük Britaniya və beynəlxalq qanunvericiliyə görə, sığınacaq müraciətləri rədd edilməmiş şəxslərin mənşə ölkələrinə deportasiyası mümkün deyil. Lakin onlar iddialarına baxmağa hazır olan təhlükəsiz ölkələrə qaytarıla bilərlər. Mühafizəkar siyasətçilər hesab edirlər ki, yeni razılaşma miqrant axınının qarşısını almaqda kifayət qədər təsirli olmayacaq. Onlar, həmçinin, Leyborist hökumətin Fransa ilə əldə etdiyi razılaşmanın əvvəlki mühafizəkar hökumətin irəli sürdüyü Ruanda planından daha zəif olduğunu iddia edirlər.

 

Chosen
33
Ajans.az

1Sources