EN

"Qlobal təhlükə: İstilik artmaqda davam edir" - "Reuters"

 
"Dünya birliyi tərəfindən birgə ciddi addımlar atılmasa, qarşıdakı illər bu günlərə də "sərin" deyəcək qədər dəhşətli ola bilər..."
 
Yer kürəsində üçüncü ən isti iyul ayı qeydə alınıb
 
Avropa İttifaqının "Kopernik" İqlim Dəyişikliyi Xidmətinin (C3S) məlumatına görə, 2025-ci ilin iyul ayı Yer kürəsində müşahidələrin aparıldığı dövrdən bəri üçüncü ən isti ay kimi tarixə düşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Havanın yer səthinə yaxın qatında qlobal orta temperatur Selsi üzrə 16,68 dərəcə olub ki, bu da 1991-2020-ci illərin iyul aylarının orta göstəricisindən 0,45 dərəcə yüksəkdir. Bundan da narahatedici olan odur ki, 2024-cü ilin avqustundan 2025-ci ilin iyuluna qədərki 12 aylıq dövrdə orta qlobal temperatur sənayeləşmədən əvvəlki dövrlə (1850-1900-cü illər) müqayisədə 1,53 dərəcə yüksək olub. Bu isə 2016-cı ildə imzalanan Paris iqlim sazişində müəyyən edilmiş 1,5 dərəcəlik kritik həddin aşılması deməkdir.
 
 
Halbuki son iki ildə ilk dəfə olaraq ardıcıl üç ay - maydan iyula qədər bu həddə çatılmayıb: iyul ayı sənaye öncəsi dövrlə müqayisədə "cəmi" 1,25 dərəcə  yüksək olub. Amma bu fakt belə havaların istiləşməsinin yavaşladığı anlamına gəlmir. CЗS rəhbəri Karlo Buontempo bu barədə belə xəbərdarlıq edir: "İstilər seriyası müvəqqəti olaraq dayansa da, iqlim dəyişikliyi davam edir. Ekstremal istilər və dağıdıcı daşqınlar kimi nəticələri getdikcə daha çox hiss olunacaq".
 
Planetin müxtəlif bölgələrində iyul ayı necə keçib?
 
Avropada temperaturun orta göstəricilərdən ən çox kənara çıxdığı region Fennoskandiya olub, xüsusilə İsveç və Finlandiya anomal istilərdən ciddi təsirlənib. Cənub-Şərqi Avropa da anormal istilər və meşə yanğınları ilə üzləşib, Türkiyədə isə 50,5 dərəcəlik milli temperatur rekordu qeydə alınıb. Mərkəzi Avropa, Rusiya Federasiyasının qərb hissəsi və İspaniyanın bəzi bölgələrində isə temperatur orta göstəricilərdən aşağı olub.
 
Avropadan kənarda Himalay dağlarında, Çində və Yaponiyada temperatur ortalamadan yüksək olub. Əksinə, bəzi Antarktida bölgələrində, eləcə də Şimali və Cənubi Amerikada, Hindistanda, Avstraliyanın əksər ərazilərində və Afrikanın bəzi hissələrində temperatur ortalamadan aşağı qeydə alınıb.
 
Yaxın Şərq yanır: İsraildə 50 dərəcəlik həftə
 
İsrail meteoroloji xidməti isə avqustun 7-dən başlayaraq ölkəni bürüyəcək ekstremal istilər barədə xəbərdarlıq yayıb. Proqnozlara görə, bəzi bölgələrdə temperatur mövsüm normasından 8–10 dərəcə yüksək olacaq. Qüds və mərkəzi əyalətlərdə 40 dərəcəyə, İordan çayı vadisi və Ölü dəniz sahillərində isə 50 dərəcəyə yaxınlaşacağı gözlənilir. Əgər bu proqnozlar özünü doğruldarsa, bu, 2025-ci ilin ən yüksək temperatur rekordu olacaq. Qeyd edək ki, cari ilin əvvəlki rekordu - müsbət 47, 4 dərəcə iyulun 27-də Sodom bölgəsində qeydə alınıb.
 
Azərbaycanda iyul ayında hava necə olub?
 
2025-ci ilin iyul ayında Azərbaycanda da temperatur anomal şəkildə yüksəlib. Xüsusilə Bakı, Gəncə, Yevlax və Naxçıvan bölgələrində orta temperatur əvvəlki illərlə müqayisədə 2-3 dərəcə yüksək olub. Paytaxt Bakıda ayın ikinci yarısında havanın temperaturu 39 dərəcəyə çatıb. Gecələr belə 29-30 dərəcə arasında dəyişən istilik xüsusilə yaşlılar və xroniki xəstələr üçün təhlükə yaradıb.
 
Aylıq yağıntı isə az olub. Bakı və Abşeron yarımadasında yağıntı normadan təxminən 60 faiz az düşüb. Bu da su ehtiyatlarına, kənd təsərrüfatına və enerji istehsalına mənfi təsir göstərib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, iyul ayında günəşli saatların sayı rekord həddə - 330 saatdan çox olub. Bu, həm də günvurma hallarının artmasına və elektrik enerjisinə tələbatın yüksəlməsinə səbəb olub.
 
Planetar xəbərdarlıq
 
Bütün bu göstəricilər göstərir ki, qlobal istiləşmə artıq uzaq gələcəyin təhlükəsi deyil, bu günün reallığıdır. İstinin yandırıcı nəfəsi hər yerdə - Avropada, Yaxın Şərqdə, Azərbaycanda hiss olunur. Artıq "havanın bir az isti olması" adi hal deyil, planetar bir xəbərdarlıqdır. Temperatur artımını yavaşlatmaq üçün kollektiv şəkildə ciddi addımlar atılmasa, qarşıdakı illər bu günlərə də "sərin" deyəcək qədər dəhşətli ola bilər.
Chosen
101
30
moderator.az

10Sources