"Bəzən ən böyük qələbələr məhz ən ağır məğlubiyyətlərin içindən doğulur..."
Həyat yalnız ardıcıl qələbələrdən ibarət deyil. Bəzən o, elə zərbələr vurur ki, ayağının altından torpaq çəkilir. Uğursuzluqlar dalğa-dalğa gəlir, məyusluqlar isə ruhumuzda dərin izlər buraxır.
Moderator.az xəbər verir ki, bu barədə "progoroduhta.ru" nəşri yazıb.
Belə anlarda ümidsizliyə qapılmaq, çıxış yolu görməmək asandır. Amma məhz bu məqamda, həyatın tufanını keçmiş, yanıb-yaxılıb yenidən ayağa qalxmağı bacarmış insanların müdrikliyi ən çox lazımdır.
Maks Lüşerin dərsi
93 il yaşamış məşhur isveçrəli psixoterapevt, "rəng testi" nin müəllifi Maks Lüşer deyirdi: "İnsan əziyyət çəkir, çünki necə reaksiya verəcəyini bilmir". Bu sadə sözlər dərin məna daşıyır. Ağrı - düşmənin deyil, siqnalın adıdır. O, bizə yanlış yola düşdüyümüzü, bağlanmış qapılara ilişib qaldığımızı, halbuki haradasa açıq yolların gözlədiyini göstərir.
Məyusluq - zəiflik yox, aynadır
Məyus olmaq zəiflik deyil, gözləntilərin həddindən artıq olmasıdır. Ömər Xəyyamın dediyi kimi: "Məyusluqda günah heyran edəndə deyil, heyran olandadır". Bu, kimisə ittiham etmək deyil, öz gözləntilərimizə görə məsuliyyət daşıdığımızı xatırlatmaqdır. Biz özümüz illüziyalar qururuq, deməli, onları dəyişmək də yalnız öz əlimizdədir.
Uğursuzluğun dili
Uğursuzluq bir cəza deyil, istiqamət göstərən ipucudur. O, bizə deyir: "Sən yanlış qapını döyürsən", "Sən başqalarından mümkün olmayanı gözləyirsən", "Həyatda hər şeyi idarə edə bilməzsən". Təbiət bizə xiyar toxumundan pomidor vermir. Niyə biz də başqasının torpağında öz məhsulumuzu gözləyirik?
Yetkinlik yaş deyil, baxışdır
Yetkinlik 20 yaşda da, 50 yaşda da ola bilər - fərq dünyanı necə gördüyündədir. Həqiqi yetkinlik uğursuzluqda da məna tapmaq bacarığıdır. Viktor Frankl - faşist düşərgələrinin dəhşətini yaşamış insan deyirdi: "Vəziyyəti dəyişə bilməyəndə, özümüzü dəyişməliyik". Çöküş nöqtə deyil, cümlədə bir vergül, dayanıb düşünmək üçün bir fasilədir.
Dünyanı dəyişənlər də yıxılıb
Stiven Kinq 30 dəfə rədd cavabı alıb.Opru Uinfri televiziyaya "yararsız" sayılıb.Eynşteyni məktəbdə geridə qalan şagird kimi görürdülər. Amma onlar vaz keçmədilər. Onlar başa düşdülər ki, ağrı təslimiyyətin səbəbi deyil, möhkəmlənməyin vasitəsidir.
Ağrının əsl mənası
Ağrı - utanılacaq bir şey deyil, sizin hələ də həyatla mübarizə apardığınızın, nəyəsə can atdığınızın sübutudur. Düşməyə icazə verin, amma yerdə qalmayın! Özünüzə "Niyə?" yox, "Bu mənə nə öyrədir?" sualını verin. Gözləntilərinizi dəyişin, sizdən daha çətin yollardan keçmiş insanlardan ilham alın. Çünki məyusluq sizi sındırmaq üçün deyil, sizi öyrətmək üçün gəlir. Və bəzən ən böyük qələbələr məhz ən ağır məğlubiyyətlərin içindən doğulur.