EN

VAŞİNQTONDA 3 MÜHÜM SƏNƏD İMZALANACAQ Minsk Qrupu ləğv edilir, Zəngəzur dəhlizi “TRUMP marşrutu” olur...

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp cümə günü Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul etməyə hazırlaşır. Bu, onilliklər davam edən münaqişəyə son qoymaq üçün atılan cəsarətli diplomatik addımdır.

Ağ Evdəki bu sammit aylarla davam edən gizli və intensiv danışıqların kulminasiya nöqtəsidir. Bu proses Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişmək və ABŞ-ı uzun müddət Rusiya və İranın təsirində olan bu regionda əsas güc kimi möhkəmləndirmək niyyəti daşıyır.

"AzPolitika" xəbər verir ki, Ağ Ev sammiti ərəfəsində bir sıra xarivi media orqanlarında sülh layihəsinin əsas detallarına dair məlumatlar yayılıb.

TRIPP – “Tramp Sülh və Rifah Marşrutu”

Sazişin əsas elementi “Tramp Sülh və Rifah Marşrutu” (Trump Route for International Peace and Prosperity, TRIPP) adlandırılan yeni ticarət və infrastruktur layihəsidir. Bu innovativ çərçivə iki ölkə arasında ən mübahisəli məsələ olan nəqliyyat əlaqəsinin həllinə yönəlib.

TRIPP layihəsi Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edəcək şəkildə Ermənistanın cənub hissəsindən keçən tranzit marşrutu yaradacaq.

ABŞ rəsmiləri bildiriblər ki, bu marşrut Ermənistanın  yurisdiksiyası çərçivəsində qorunacaq.

TRIPP hərbi və ya müdafiə təşəbbüsü deyil. Rəsmilər vurğulayıblar ki, ABŞ bu marşruta “sərt təhlükəsizlik zəmanəti” vermir və heç bir hərbi qüvvə yerləşdirmir. Əvəzində, ABŞ bu marşrutun “bütün tərəflər üçün təhlükəsiz şəkildə işləməsini” təmin etmək üçün yüksək səviyyəli kommersiya operatorları ilə razılaşmalar imzalayacaq.

Bu cür siyasi baxımdan çətin məsələni kommersiya müstəvisinə keçirmək Tramp administrasiyasının xarakterik yanaşması hesab olunur.

Gizli danışıqlar

Bu sammit əvvəlki, böyük ölçüdə dalana dirənmiş vasitəçilik səylərindən ciddi fərqlənir. ABŞ-ın yüksək vəzifəli rəsmilərinə görə, bu mərhələyə gəlmək Trampın xüsusi nümayəndəsi Stiv Vitkofun fevralın sonunda Bakıya səfəri ilə başlayıb. Həmin səfərdə Prezident İlham Əliyevlə əhəmiyyətli münasibətlər qurulub.

Bu addım regiona sonrakı beş əlavə səfərin yolunu açıb. Həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi nümayəndələrə bu məqamın tarixi bir fürsət olduğunu və Trampın liderliyi ilə bu işi görə biləcəklərini ifadə ediblər.

Rəsmilər bildiriblər ki, hazırkı geosiyasi vəziyyət – xüsusən Rusiya və İranın qlobal məsələlərə diqqət yetirməsi – hər iki ölkəyə sülhə doğru “cəsarətli addım atmaq” üçün unikal imkan yaradıb.

Trampın iştirakı bu sənədlər imzalayacaq

ABŞ rəsmilərinin bildirdiyinə görə, avqustun 8-də Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə Prezident Trampın iştirakı ilə bir neçə əsas sənəd imzalayacaqlar:

Birgə bəyannamə – Sülhə və münasibətlərin tam normallaşmasına aparan konkret "yol xəritəsi”ni təsdiqlənəcək. Rəsmilər bunu mümkün qədər geridönməz bir proses kimi qiymətləndirirlər.

Sülh sazişinin paraflanması – Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri aylarla aparılan danışıqlar nəticəsində hazırlanan ikitərəfli sülh sazişinin mətnini paraflayacaqlar.

Minsk Qrupundan çıxış məktubu – Hər iki ölkə ATƏT-in Minsk Qrupundan rəsmi şəkildə çıxacaqlar. Bu platforma artıq effektiv olmayan və problemləri həll etmək əvəzinə daha da dərinləşdirən vasitə kimi dəyərləndirilir.

Yeni İkitərəfli Anlaşma Memorandumları (MOU) – ABŞ Ermənistan və Azərbaycanla ayrı-ayrılıqda MOU-lar imzalayacaq. Bu sənədlər əlaqələri “yenidən başlatmaq” və əvvəllər mümkün görünməyən fürsətlərin yolunu açmaq məqsədi daşıyır.

TRIPP üzrə işçi qruplar sammitdən sonrakı həftə müzakirələrə başlayacaq. Prezident Tramp həmin işlərin yekunlaşdırılması üçün konkret müddət müəyyən edib.

Bu razılaşmalar uzunmüddətlidir və 50 ildən artıq bir dövrü əhatə edəcək. Müddətin dəqiq müəyyən edilməsi ilə bağlı danışıqlar davam edir. Rəsmilər bildirirlər ki, hər iki tərəf ABŞ-ni etibarlı tərəfdaş kimi qəbul edir .

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
azpolitika.info

1Sources