EN

"İsraillı alimlərdən tibbdə sensasion irəliləyiş: Hüceyrədən insan böyrəyi yetişdirilib" - Rusiya mətbuatı

"Alimlər dünyada ilk dəfə insan böyrəyini imitasiya edən orqanoidi yetişdirərək, genetik xəstəliklərin araşdırılması və dərman testləri üçün yeni dövrə qədəm qoyublar..."

İsrail tədqiqatçıları tibbin gələcəyinə işıq salacaq möhtəşəm bir elmi uğura imza atıblar. Onlar ilk dəfə olaraq insanın embrional böyrək toxumasını tam imitasiya edən süni orqan kulturası, yəni üçölçülü böyrək orqanoidlərini kök hüceyrələrdən yetişdirməyə nail olublar.

Moderator.az xəbər verir ki, bu barədə "remedium.ru" nəşri yazıb.

Qeyd edilir ki, bu texnologiya insan dölündə böyrəyin necə formalaşdığını gerçək vaxt rejimində izləməyə və təhlil etməyə imkan verir. Layihə Təl-Əviv Universiteti ilə Ramat-Qandakı "Şiba" Tibb Mərkəzinin birgə işi olub və onun nəticələri nüfuzlu "EMBO Press" platformasında dərc olunub.

İnkişaf izlənməsi, genetik xəstəliklərin aşkarlanması, dərman testləri

Yaradılmış model vasitəsilə alimlər orqanın inkişafını canlı rejimdə müşahidə edir, anadangəlmə anomaliyalara səbəb olan genləri təcrid edir, hüceyrə regenerasiyası sahəsində yeni yanaşmalar yaradır və hamiləlik dövründə dərmanların böyrəyə təsirini qiymətləndirirlər. Ən əhəmiyyətli məqamlardan biri isə budur ki, bu model əvvəlki prototiplərdən fərqli olaraq yarım ildən çox sabit qalır. Əvvəlki orqanoidlər cəmi bir ay ərzində stabil olaraq qalırdı, bu isə uzunmüddətli araşdırmaları mümkünsüz edirdi.

Dəqiqlik və təmizlik: yalnız böyrək hüceyrələri

İsrailli alimlərin yaratdığı model həm də təmizlik baxımından rekorda imza atıb. Belə ki, bu dəfə kök hüceyrələrin digər toxumaları təsadüfən yaratması problemi aradan qaldırılıb. Orqanoid yalnız və yalnız böyrək hüceyrələrindən ibarətdir, bu isə aparılan sınaqların dəqiqliyini əhəmiyyətli dərəcədə artırır.

"Biz artıq demək olar ki, tükənməz sayda böyrək hüceyrələri əldə edə bilərik və bu hüceyrələrin hər birinin inkişaf və funksionallıqda hansı rolu oynadığını daha dərindən anlayırıq", - layihənin baş müəllifi, "Şiba" Tibb Mərkəzinin Safra Uşaq Xəstəxanasında yerləşən Kök Hüceyrə Araşdırmaları İnstitutunun uşaq nefrologiyası şöbəsinin rəhbəri professor Benyamin Dekel bildirib. O, əlavə edib ki, "döl böyrəyi strukturlarını yetişdirmək bioloji proseslərə, o cümlədən böyrək xəstəliklərinin necə yarandığına tamamilə yeni işıq salır".

İsrailin elmi liderliyi təsdiqlənir

"Şiba" Tədqiqatlar İdarəsinin rəhbəri professor Dror Harats isə bu elmi nailiyyətin İsrailin tibbi və elmi tədqiqatlar sahəsində liderliyini bir daha təsdiqlədiyini bildirib. Onun sözlərinə görə, son illərdə İsrailin beynəlxalq elmi məkanlardan təcridinə yönəlmiş cəhdlər artsa da, bu cür nailiyyətlər ölkənin elmə verdiyi mühüm töhfənin danılmaz olduğunu göstərir. Bu uğur yalnız tibb sahəsində deyil, bütövlükdə elm dünyasında insan sağlamlığının gələcəyinə ümid verən tarixi addım kimi dəyərləndirilir.

Chosen
30
moderator.az

1Sources