EN

“Putinə bir damla belə təzyiq göstərmədi”: Avropa Trampdan məyus oldu

Ukraynanın Avropa müttəfiqləri ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüş keçirmək qərarından məyus olublar. Qeyd olunur ki, bu görüşü ilk növbədə Rusiya tərəfi istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” nəşrinə yüksək vəzifəli Avropa rəsmisi məlumat verib.

“Bütün bu səs-küyə baxmayaraq, Tramp Putinə bir damla belə təzyiq göstərmədi” – deyə avropalı diplomat bildirib.

Bloomberg-in məlumatına görə, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Kremlə səfərindən dərhal sonra ABŞ prezidenti Avropa liderləri ilə telefon danışıqları aparıb və həmin danışıqlarda Putin tərəfindən hansısa “ərazi mübadiləsi” ideyasının gündəmə gətirildiyini bildirib. Avropalı mənbələr qeyd edirlər ki, Tramp dörd ildir davam edən müharibədə atəşkəs perspektivinə ümumilikdə müsbət yanaşır, lakin onun formatı hələlik dəqiq deyil.
 

Yüksək vəzifəli ukraynalı məmur WaPo-ya açıqlamasında bildirib ki, Tramp–Putin görüşü ərəfəsində, xüsusən də Kreml tərəfindən irəli sürülən qismən atəşkəs təklifi fonunda, optimist qalmağa çalışır. Onun sözlərinə görə, əgər bu, sülh istiqamətində ilk addım olacaqsa, müsbət haldır. Amma ardınca başqa addımlar atılmasa, bu, Ukrayna üçün “təhlükəli” olacaq.


The Washington Post-un mənbəsi bildirir ki, Kiyev müxtəlif kanallar vasitəsilə Rusiyanın münaqişəni tənzimləmək yolları axtardığına dair siqnallar alır.

ABŞ-ın Moskvadakı keçmiş səfiri (2012–2014) Maykl Makfol isə deyib:

“2018-ci ildə Helsinkidə keçirilmiş sonuncu Tramp–Putin görüşü ABŞ-ın milli maraqları baxımından heç bir nəticə vermədi. Ümid edirəm, Tramp və komandası o hadisəni diqqətlə təhlil edib, bu dəfə eyni səhvləri təkrarlamamağa çalışacaqlar.”

Bizim.Media

Chosen
61
50
bizim.media

10Sources