Bolqarıstanın "Levski" komandasının baş məşqçisi Xulio Velaskes "Sabah"a qalib gəldikləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, ispaniyalı mütəxəssis 1:0 hesablı qələbəyə görə sevincli olduqlarını bildirib:


"Bu gün oyunçularımdan çox məmnunam və onlarla fəxr edirəm. Futbolçularımızın əla iş gördüklərini deyə bilərəm. İlk dəqiqədən sona qədər bizi dəstəkləyən azarkeşlərə öz təşəkkürümü çatdırmaq istərdim. "Levski"nin baş məşqçisi olmaqdan qürur duyuram".


O, cütün favoriti sayılmadıqlarını söyləyib:


"Yaxşı nəticə qazanmaq üçün yaxşı formada olmalısan və gözəl oyun nümayiş etdirməlisən. Futbolçularım təvazökar davranmalıdırlar, çünki Azərbaycanda çətin qarşılaşma bizi gözləyir. Əgər özümüzü cütün favoriti hesab etsək, nəticə bizim üçün yaxşı olmaya bilər".


Tərəflər arasında cavab matçı avqustun 14-də keçiriləcək.