EN

Almaniya İsrailə silah tədarükünü DAYANDIRDI

Almaniya hökuməti Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı İsrailə silah tədarükü üçün icazələrin verilməsini müvəqqəti olaraq dayandırıb.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mers bəyanat verib.

"İsrail kabinetinin ötən gecə qəbul etdiyi və Qəzzada hərbi əməliyyatların daha da sərtləşdirilməsini nəzərdə tutan qərardan sonra, Almaniya hökumətinin fikrincə, girovların azad olunması, atəşkəsə nail olunması və HƏMAS-ın silahsızlaşdırılması kimi məqsədlərə necə çatılacağı getdikcə daha da qeyri-müəyyənləşir.

Belə şəraitdə Almaniya hökuməti hazırda Qəzza zolağında istifadə oluna biləcək hərbi məhsulların ixracına icazə verməyəcək", – deyə Mers bildirib.

Kansler eyni zamanda İsraili İordan çayının qərb sahilində ilhaq cəhdlərini dərhal dayandırmağa çağırıb. Onun sözlərinə görə, əsas diqqət atəşkəs danışıqlarına və girovların azad olunmasına yönəlməlidir.
 

Fridrix Mers qeyd edib ki, Almaniya hakimiyyəti Qəzza zolağında mülki əhalinin davam edən iztirablarından dərin narahatlıq keçirməkdə davam edir. Onun sözlərinə görə, yeni hücuma başlayan İsrail hakimiyyəti bölgə əhalisinin təminatına görə daha böyük məsuliyyət daşıyır və humanitar yardım, o cümlədən BMT və digər təşkilatların bölgəyə girişinə tam imkan yaradılmalıdır.


Qeyd edək ki, Almaniyanın 200-dən çox mədəniyyət xadimi kanslerə müraciət edərək, Qəzzadakı humanitar böhranla əlaqədar İsrailə silah tədarükünün dayandırılmasını tələb edib. Onların fikrincə, Fridrix Mers İsrail rəhbərliyinə təsir göstərə biləcək azsaylı siyasətçilərdən biridir.

Bizim.Media

Chosen
97
50
bizim.media

10Sources